21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn qiyamı ilə ümmətin ayarını dəyişməyə çalışırdı...
07.09.2020
Vaxtıyla biz "insan dünyada qonaq deyil, yolçudur" deyib israr edəndə etiraz edənlər olmuşdu ki: nə fərqi var axı e! Fərq ciddiydi, və mən məşhur amerikalı psixiatr Erik Börnü (onun "struktur analizi"ni) oxuyandan sonra bu fərqin daha ciddi olduğu qənaətinə gəldim. Bütün münasibətlərdə status vacib faktordu: məsələn, sən yaşadığın evdə kirayəneşinsən, yoxsa ev sahibi? Və yaxud, özünü yaşadığın ölkənin nəyi, kimi hesab edirsən? Bəs dünyanın? Bəli, siz "vətən mənə nə verib", deyənlə "mən vətənə nə vermişəm", deyən adamların davranış tərzində yerdən göyə qədər fərq görəcəksiniz, nədən ki, biri özünü vətənin ərköyün övladı, digəri isə vətənin nizamlı əsgəri olaraq ayarlayıb.
Düz eşitdiniz, məhz ayarlayıb!
Erik Börnə görə, insan da texniki avadanlıqlar kimi özünü ayarlaya bilər, ayarlamalıdır və əslində hər şey insanın özünü necə ayarlamasından asılıdır. Məsələn, bir məclisin təşkilatçısı olmaqla eyni məclisdə tamaşaçı olmaq ayrı-ayrı şeylərdir. Birinci - tədbirin qüsurlarını örtməyə çalışacaqsa, ikinci - əksinə, qüsur tapmağa çalışacaq. Siz zahiri parametrlərə baxmayın, ailə münasibətləri, məsələn, ər özünü xanımının atası kimi ayarlayıbsa bir cür, ərköyün övladı kimi ayarlayıbsa başqa cür olacaq. Tez-tez rastıma çıxır, zahirdə ər-arvaddılar, ayar müstəvisində bacı-qardaş; zahirdə ata-baladılar, ayar müstəvisində bala-ata... siz heç atasına atalıq edən oğullar gördünüzmü?
Kmin kimə borclu olması da məhz ayarlardan asılı olan məsələdir.
İmam Hüseyn çağının müsəlmanı özünü Allahın (dinin, ümmətin) örkəyün, bivec övladı sanırdı. Din təhlükədədi? Saqqız ağzında: Cəhənnəmə ki! Dəyərlər deqradasiyaya məruz qalıb? Əşi, mənə nə! Yezid kimi ləyaqətsiz biri peyğəmbər kürsüsündə oturub və həzrətin əzizgirami nəvəsini pis vəziyyətdə qoyub? Gözüm aydın! Musa əleyhissəlamın adamları onun döyüş çağırışına necə cavab vermişdilər: ay qardaş, əl çək yaxamızdan, o sən, o Allahın, gedin probleminizi həll edin.
İmam öz qiyamıyla (və qiyama qədərki işləriylə) ümmətin ayarını dəyişməyə çalışırdı: dünya, din, əhli-beyt (ə) sizə Allah əmanətidi, siz onlardan məsuliyyət daşıyırsınız, siz məclisin tamaşaçısı yox, təşkilatçısısınız, atın ağzınızdakı saqqızları, qoyun yerə əlinizdəki telefonları, tənzimləyin ayarlarınızı, və qoruyun dəyərlərinizi, siz qonaq yox, ev sahibisiniz!
Yadımdadır, "Biz dünyanı Tanrıyla birgə yaradırıq" adlı essemdə də ayar məsləsinə diqqət çəkmək istəmişdim: insan dunyada təkcə istehlakçı deyil, həm də istehsalçıdır.
İlqar Kamil