24 Noyabr 2024 - 24
Aşura gününün orucu məzhəblər arasında mübahisə doğuran məsələlərdən biridir. Bəzi rəvayətlərə görə, hicrətdən sonra Peyğəmbərimiz Mədinə yəhudilərinin aşura günü oruc tutduqlarını görüb səbəbini soruşur. Cavab verirlər ki, bu gün Həzrət Musanın (ə) başçılığı altında Bəni-İsrail qövmünün fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər buyurur: “Musaya mən sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni Musa Peyğəmbərin (ə) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)”. Bundan sonra o həzrət, aşura günü oruc tutmağı müsəlmanlara əmr edir (bax: Səhihi-Buxari, Kitabüs-Sövm, hədis 2004).
Ümmül-möminin Aişə bu fikirdə ki, aşura günü oruc tutmaq ənənəsi cahiliyyə dövründə də var imiş. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu (Səhihi-Buxari, Kitabüs-Sövm, hədis 2001-02).
Aşura orucu ilə bağlı daha bir hədisi də xatırlamaq yerinə düşər: İbn Abbas rəvayət edir ki, Peyğəmbər aşura günü özü oruc tutub müsəlmanlara da bunu əmr edəndə o həzrətə dedilər: “Ey Allahın Rəsulu! Bu, elə bir gündür ki, yəhudilər və xristianlar onu əziz tuturlar”. Peyğəmbər buyurdu: “Elə isə inşaAllah gələn il ayın doqquzuncu günü oruc tutaram”. Amma növbəti il çatmazdan əvvəl Peyğəmbər dünyasını dəyişdi. Bu hədisi Rumani “Cəmül-fəvaid” kitabında (hədis 2976) Səhihü Müslimə isnadən verib. Həqiqətən, Səhihü Müslimdə bu hədis mövcuddur (hədis 1134 (2666)).
Göründüyü kimi, aşura orucunun Peyğəmbər zamanında mövcud olduğunu, o həzrətin bu gün oruc tutub müsəlmanlara da bunu əmr etdiyini bildirən hədislər arasında ziddiyyət vardır. Hadisənin müxtəlif variantlarından ayırd etmək olmur ki, aşura orucunu Peyğəmbər nə zamandan bəri tutmuşdur: cahiliyyə dövründənmi yoxsa hicrətdən sonramı? Eləcə də, axırda verdiyimiz hədisdə səhabələrin aşura orucunu yəhudi və xristian dəbi kimi təqdim edib Peyğəmbərə irad tutmaları, Peyğəmbərin də sanki bundan sonra peşman olub “gələn il ayın doqquzunda günündə oruc tutaram” deməsi inandırıcı görünmür. Səhabələrin sözü ilə öz fikrini dəyişdirən, səhvini boynuna alan və səhvini düzəltməyə imkan tapmadan vəfat edən Peyğəmbər obrazı İslamın təqdim etdiyi Peyğəmbər obrazı ilə düz gəlmir.
Bəzi mənbələrdə məsələ daha da dolaşıq şəklə salınaraq, yalnız aşura günündə oruc tutmaq bəyənilməz sayılır, amma ondan əvvəlki və sonrakı günlərlə birlikdə 3 gün ardıcıl oruc tutmaq məsləhət görülür. Bu barədə məlumatlar hədis qismindən deyil, ayrı-ayrı səhabələrə aid edilən rəylərdir. Bax: Rumani. Cəmül-fəvaid, hədis 2978 (Əhməd ibn Hənbəlin “Müsnəd”inə və Heysəminin “Məcməüz-zəvaid”inə istinadən).
Bəzi mənbələrdə keçmiş peyğəmbərlərin sevinc və xilas günlərindən bir neçəsinin aşuraya təsadüf etməsi barədə də rəvayətlər var. Məsələn, Həzrət Adəmin (ə) tövbəsinin qəbul edilməsi, tufandan sonra Həzrət Nuhun (ə) gəmisinin quruya çıxması, Bəni-İsrailin firondan qurtulması, hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) hicrəti və s. Amma səhih və mötəbər rəvayətlər bu deyilənlərin həqiqiətə uyğun olmadığını göstərir. Hicrət tarixinin dəqiq olaraq aşuraya təsadüf etməməsi isə bu kimi rəvayətlərin etibarsız olduğunu tam sübuta yetirir. Üstəlik, Əhli-beyt imamlarından da yuxarıdakı hadisələrin aşura günündə baş vermədiyini bildirən xəbərlər mövcuddur.
Məsələn, İmam Cəfər Sadiq (ə) aşura orucunu bidət adlandıraraq buyurub: “Həmin gün ona görə oruc tutulmaz ki, nə səmavi kitab nazil olmayıb, nə də Ali-Ziyadın sünnəsindən əlavə sünnə gəlməyib”. Burada “Ali-Ziyad” ifadəsi İmam Hüseynin (ə) üzərinə qoşun göndərən Kufə valisi Übeydullah ibn Ziyada və onun tərəfdarlarına işarədir. onların sünnəsi isə - İmam Hüseynin (ə) qətlinə sevinmək və şükr niyyəti ilə oruc tutmaqdır (əl-Kafi, IV, 146).
Cəfəri məzhəbində üstün rəyə görə, aşura günü oruc tutmaq məkruhdur. Səbəbi isə belə izah olunur: İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti lə həmin gün oruc tutmaq dəbini qoydular. Amma imamlar həmin günü bayram kimi qeyd etmirdilər ki, buna görə Allaha şükr etmələri və oruc tutmaları lazım gəlsin.
Bu barədə dörd ən mötəbər hədis məcmuəsindən (kütübi-ərbəə) biri, Şeyx Küleyninin topladığı “əl-Kafi” kitabından bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.
İmam Rzadan (ə) rəvayət edilən bir hədisdə buyurulur: “...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər “əl-Kafi” kitabındandır, “Kitabüs-Siyam”, “Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147)...
Natiq Rəhimov