21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Vəhabi iftirasına cavab...
07.09.2020
Bu yazı aşura orucu barədə guya şiə mənbələrində "dəlillər" olduğu iddia edildiyi üçün yazılıb.
İlk öncə həcmi uzun olsa da, oxumağınızı xahiş edirəm. Qoy bizə iftira atanların iç üzü bir daha aşkara çıxsın.
SƏLƏFİ SAMİNƏ CAVAB
(Aşura orucu barədə)
Əvvəla, şiələr heç zaman öz mənbələrindəki hədisləri gizlətməyiblər və öz kitablarından utanmayıblar. Şiə alimləri heç vaxt heç bir kitabın tam səhih olduğunu söyləməyiblər. Buna görə də müxaliflər onlara şiə kitablarında zəif və ya qondarma hədislər olduğunu söyləyəndə bundan çaşqınlığa düşməyiblər və tənqidə dözümlü olublar. Şiə alimləri öz məzhəblərinin kitablarını, hətta “kütübi-ərbəə”ni (4 hədis kitabını) də tam səhih saymır, ordakı hədisləri incələyir, səhihini zəifindən ayırırlar. Biz öz kitablarımızın hər cür nöqsandan uzaq olduğunu iddia edəcək qədər təəssübkeş və düşüncəsiz deyilik.
İkincisi, hər bir hədis məcmuəsində bir-birinə zidd olan hədislərin mövcudluğu təbiidir. Hədis elmi barədə primitiv biliyi olan adam bunu normal qarşılayır. Əsas olan budur ki, məzhəb alimləri o hədislərə necə yanaşır, zidd hədislərdən hansını mötəbər sayır və hansına əsasən şəriət hökmlərində fətva verirlər. Vəhhabi kitablarında Qədir-Xüm hadisəsi, səqəleyn hədisinin “itrətim” variantı, mütənin caizliyi, gündə 3 vaxt namaz qılmaq və sairə haqqında o qədər hədis var ki! Əgər hər hədisi mötəbər saymaqdırsa, onda cənab Samin də həmin mövzularda öz “səhih” kitablarındakı hədisləri mötəbər saysın!
Üçüncüsü, yazıda qərəz açıq-aşkar hiss olunur. Müəllif şiə mənbələrinin məsələyə münasibətini işıqlandırarkən, nədənsə Aşura orucunu məkruh və hətta haram sayan hədislərdən qətiyyən söz açmır. Məsələn, mərhum Şeyxüt-taifə Tusinin “Təhzibül-ehkam” kitabında Aşura orucu ilə bağlı 8 hədis var. Cənab Samin bu hədislərin içindən özünə sərf edən 4-nü verir, qalan 4-ünü isə “görmür”. Digər mənbələrlə də bu cür rəftar edir. Bu yazını oxuyan elə zənn edər ki, guya şiə kitablarında Aşura orucunu məkruh bilən hədis heç yox imiş! Cənab Saminin bunlardan xəbəri yoxdursa və ya gətirdiyi hədislərin ətrafındakı o biri hədisləri görə bilmirsə, ya görmə qabiliyyətini düzəltsin, ya da heç olmasa mənim Aşura orucu barədə məqaləmə bir nəzər salsın.
Dördüncüsü, cənab Samin Aşura orucunun müstəhəbliyi barədə hədisləri verərkən mənbələrin sayını çoxaltmaqla psixoloji təzyiq üsulundan istifadə etməyə çalışıb. Eyni bir hədisi 4-5 mənbədən rəvayət edib. Halbuki, eyni hədisi zaman etibarilə ən ilk mənbədən versə kifayət edər. Əgər bir hədis həm Şeyx Küleyninin “Kafi”sində, həm Şeyx Tusinin “Təhzibül-ehkam” və “İstibsar”ında, həm də Seyyid ibn Tavusun “İqabül-ə’mal”ında, Əllamə Məclisinin “Biharül-ənvar”ında, Şeyx Hürr Amulinin “Vəsailüş-şiə”sində, Şeyx Hüseyn Nurinin “Müstədrək”ində eyni sənəd və eyni mətnlə verilibsə, bu, həmin hədisin mütəvatir olduğuna dəlalət etmir. Sadəcə olaraq, sonrakı mənbələr ilk mənbədən həmin hədisi olduğu kimi götürüb təkrar ediblər. Hədisləri bu cür spekulyasiya etməklə milçəyi fil kimi göstərə biləcəyini zənn edən cənab Samin möhkəm yanılır.
Konkret olaraq, cənab Saminin gətirdiyi hədislərə gəlincə, o, əvvəlcə Aşura orucunun Peyğəmbər tərəfindən tövsiyə edildiyini iddia edən, insanda gülüş doğuran bir neçə hədisi Buxari, Müslim və Əbu Davuddan rəvayət edir (bu hədislərin məna baxımından mötəbər olmadığını Aşura orucu barədə məqaləmdə izah etmişəm). Daha sonra müəllif şiə mənbələrinə keçir və 7 hədis təqdim edir, sonda da Şeyx Səduqla Seyyid ibn Tavusun rəyini verir.
HƏDİSLƏRİN MƏNBƏLƏRİ
Gətirilən 7 hədisin mənbələrini araşdıraq.
1. Birinci hədisin mənbələri işində ən qədimi mərhum Əli ibn İbrahim Quminin “Təfsir”idir. Şeyx Küleyni “Kafi”də, Şeyx Səduq bir neçə kitabında, Şeyx Tusi “Təhzibül-ehkam”da eyni sənəd və mətnlə hədisi Qumidən rəvayət etmişlər. Daha sonrakı mənbələr də onlardan nəql etmişlər. Beləliklə, hədisin ilkin mənbəyi “Təfsirül-Qumi”dir.
2-6. Sonrakı 5 hədisin ən qədim mənbəsi Şeyxüt-taifə Tusinin “Təhzibül-ehkam” və “əl-İstibsar” kitablarıdır. Cənab Saminin təqdim etdiyi digər 2 mənbə (“Vəsailüş-şiə” və “Müstədrəkül-Vəsail”) hədisləri Şeyx Tusinin bu kitablarından nəql etmişlər.
7. Yeddinci hədisin iki mənbəyindən daha qədimi “Vəsailüş-şiə”dir. Bu, elə yuxarıda verilən birinci hədisinbir cümləsindən ibarətdir. Şeyx Hürr Amuli İmam Səccaddan (ə) “Təfsiri-Qummi”də rəvayət edilən irihəcmli hədisin bir cümləsini götürərək “Vəsail”də müstəqil hədis kimi verib. Cənab Samin də bu cümləni ayrıca dəlil kimi təqdim edir, halbuki birinci hədisin bir cümləsidir.
Daha sonra Şeyx Hüseyn Nurinin “Müstədrəkül-Vəsail”indən nəql olunan fikir elə onun ardınca Şeyx Səduqun “əl-Müqni” kitabında verilmiş fikrin qısa variantı, daha doğrusu, bir cümləsidir. Cənab Samin burada da hiylə işlədib, eyni bir rəvayətin bir cümləsini fərqli dəlil kimi təqdim etməyə cəhd göstərir.
Nəhayət, sonda Seyyid ibn Tavusdan verilən cümlələr də bir alimin rəyini ifadə edir. Seyyid ibn Tavus adı çəkilən “İqbalül-ə’mal” kitabında yuxarıda xatırladılan hədislərdən bir neçəsini verir. Amma cənab Samin nədənsə elə həmin səhifədə Seyyid ibn Tavusun sünni alimi hakim Nişaburinin “Tarixün-Nişaburi” kitabının üçüncü cildinə istinadən yazdığı bu cümləni gözardına vurur: “Peyğəmbər aşurada oruc tutmayıb” (Seyyid ibn Tavus. İqbalül-ə’mal, 3-cü cild, səh. 51).
HƏDİSLƏRİN SƏNƏDİNDƏKİ PROBLEMLƏR
İndi isə yuxarıda mənbələrini verdiyimiz 7 hədisin sənəd zənciri barədə qısa araşdırmanı diqqətinizə təqdim edirəm. Əvvəla, qeyd edim ki, Aşura günü oruc tutmağın məkruh olması barədə xeyli hədislər vardır və müctəhidlərimiz də elə bu əsasla həmin orucu məkruh sayırlar. Bu hökm bizim yüksək məqamlı müctəhidlərimizin fətvalarında öz əksini tapdığı üçün, mövzunun əqli dəlillərindən danışmağa lüzum görmürəm. Yalnız hədislərin sənədi barədə çox qısa fikirlərimi çatdırıram. Qeyd edim ki, hər bir hədisin sənədində ciddi problem olduğunu araşdırarkən, demək olar ki, yalnız bir sübutla kifayətlənməyi qərara aldım. Bununla həm bu işə daha az vaxt ayırmağa nail oldum, həm də oxucuların vaxtından və diqqətindən sui-istifadə etməməyi lazım bildim.
Birinci hədisin mənbələri:
Füruül-Kafi, kitabüs-siyam, babü vücuhis-siyam, hədis 1 (cild 4, səh. 86).
Təhzibül-ehkam, cild 4, səh.256, hədis 895 (Şeyx Tusi bu hədisi Küleynidən nəql edir).
“Təhzibül-ehkam” müəllifi Şeyx Tusinin özü “Rical” kitabında bu hədisin sənədindəki Qasim ibn Mühəmməd əl-Cövhərini İmam Musa Kazimin (ə) raviləri sırasında xatırladır və “vaqifi” ifadəsini işlədir (Ricalüt-Tusi, səh. 342, 5095-ci sıra sayı). Mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi də Qasim ibn Mühəmməd əl-Cövhərinin vaqifiyyə məzhəbində olduğunu bir neçə mənbəyə (Keşşi və İbn Davuda) istinadən yazıb (bax: Xoyi. Möcəmü ricalil-hədis, 15-ci cild, səh. 51, 9565-ci sıra sayı).
Həmçinin, bu hədisin sənədində yer alan Süleyman ibn Davudu (Minqəri) məşhur rical alimləri Ğəzairi, İbn Davud və Əllamə Hilli “zəif” kimi xarakterizə ediblər (bax: Xoyi. Möcəmü ricalil-hədis, 9-cu cild, səh. 269, 5447-ci sıra sayı). Şeyx Tusinin özü isə “Rical” kitabında ümumiyyətlə Süleyman ibn Davudun adını heç çəkmir!
Yenə bu hədisin sənədində mövcud olan Süfyan ibn Üyeynə də əhli-sünnənin böyük alimlərindən olub. “Əl-Kafi”də həmin hədisin ətək yazısında kitabın tədqiqçisi Əliəkbər Ğəffari onu “müxalif alimlərdən olub, İmam Səccada müraciətləri də vardır” ifadəsi ilə xatırladıb.
İkinci hədisin mənbəyi:
Təhzibül-ehkam, cild 4, səh. 261, hədis 905.
Şeyxüt-taifə Tusinin özü “Rical” kitabında bu hədisin sənədində adı olan Məs’ədə ibn Sədəqəni İmam Baqirin (ə) raviləri sırasında qeyd edir və onu “ami”, yəni “əhli-sünnədən olan” ləqəbi ilə vəsf edir (Ricalüt-Tusi, səh. 146, 1609-cu sıra sayı). Əllamə Məclisinin atası “Mən la yəhzürühül-fəqih”in şərhində (“Rövzətül-müttəqin”) Məs’ədəni tərifləsə də, məşhur rical alimi Keşşi onu “bətri” adlandırır və “buna görə də zəif ravilərin sırasında qeyd ediləcək” yazır. Hədis alimləri Məs’ədənin rəvayət etdiyi hədislərə şübhə ilə yanaşırlar. “Ricalül-Keşşi”də də Məs’ədə ibn Sədəqə “bətri” adlandırılıb (səh. 327, 222-ci sıra sayı).
Üçüncü hədisin mənbəyi:
Təhzibül-ehkam, cild 4, səh. 261, hədis 906.
Bu hədisin sənədində yer alan Əli ibn əl-Həsən bin Fəzzal rical alimləri tərəfindən müsbət ravi kimi öyülsə də, onun fəthiyyə məzhəbindən olması gizlədilmir. Şeyx Tusinin özü “Fehrist”də və Keşşi öz ricalında (bax: səh. 440, sıra sayı 331-1014) onun fəthiyyədən olduğunu təsdiq etmişlər.
Dördüncü hədisin mənbəyi:
Təhzibül-ehkam, cild 4, səh. 262, hədis 907.
Hədisin sənədində adı çəkilən Abdullah ibn Meymun əl-Qəddah haqqında rical kitablarında yüksək fikir səslənsə də, məşhur rical alimi Keşşi bunu da yazır ki, o, “təzəyyüdə uyğun danışırmış” (Ricalül-Keşşi, səh. 327, 221-ci sıra sayı). Kitabın ətək yazısında qeyd edilir ki, buradakı “təzəyyüd” kəlməsi zahirən imamların sayını artırmağa (yəni 12-dən çox imama inanmağa) işarədir; amma zeydiyyə məzhəbinə meylli olmağı da qəsd edə bilər.
Beşinci hədisin mənbəyi:
Təhzibül-ehkam, cild 4, səh. 262, hədis 908.
Əvvəla, bu hədisdə orucun İslamdakı müstəhəbliyindən söhbət yoxdur. Deyilir ki, Həzrət Nuh (ə) gəmisinin həmin gün dağa oturması münasibəti ilə oruc tutmağı əmr edibmiş. Bu da İslamdan əvvəlki hökmdür.
İkincisi, Şeyx Tusinin öz “Rical” kitabında bu hədisin sənədindəki Küseyr ən-Nəvvanın adını İmam Baqirin (ə) raviləri sırasında qeyd etdikdən sonra bunu əlavə edir: “bətri” (səh. 144, 1562-cı sıra sayı). Küseyr zeydiyyə məzhəbinin bətriyyə qoluna mənsub imiş və İmam Cəfər Sadiq (ə) onun haqqında buyurmuşdu: “İlahi, həqiqətən, sənin hüzurunda mən dünyada və axirətdə Küseyrin əlindən bizarlıq edirəm”. Bu hədisi mərhum Seyyid Əbülqasim Xoyi “Möcəmü ricalil-hədis” kitabında bir neçə dəfə qeyd etmiş, İmam Sadiqin (ə) Küseyri cərh (tənqid) edən bir çox buyruqlarını xatırlatmışdır. Həmin kitabda Küseyrin öz dilindən də İmam Baqiri (ə) sevmədiyi və onunla razılaşmadığı rəvayət olunur. (Bax: Xoyi. Möcəmü ricalil-hədis, 15-ci cild, səh. 112-113, 9736-cı sıra sayı). “Ricalül-Keşşi”də də Küseyr ən-Nəvva “bətri” adlandırılıb (səh. 327, 222-ci sıra sayı).
Altıncı hədisin mənbəyi:
Təhzibül-ehkam, cild 4, səh. 289, hədis 1045.
Bu hədisin sənədində adı çəkilən Həfs ibn Ğiyası Şeyx Tusi “Rical” kitabında İmam Mühəmməd Baqirin (ə) raviləri sırasında qeyd edir, sonra da “ami” ləqəbini yazır, yəni “əhli-sünnə məzhəbindən olan” (səh. 133, 1371-ci sıra sayı). “Ricalül-Keşşi”də də Həfs ibn Ğiyas “ami” adlandırılıb (səh. 327, 222-ci sıra sayı). Mərhum Seyyid Xoyi də “Möcəmü ricalil-hədis” kitabında Şeyx Tusinin digər kitablarından və məşhur rical alimi Keşşidən onun sünni olmasını rəvayət edib.
Üstəlik, bunu da qeyd edək ki, Həfs ibn Ğiyas Harun ər-Rəşidin zamanında Bağdadın şərqində qazılıq edib, sonra Kufə qazılığına keçib, elə bu vəzifədə də vəfat edib (bax: Xoyi. Möcəmü ricalil-hədis, 7-ci cild, səh. 158-159, 3817-ci sıra sayı).
Nəhayət, təqlid etdiyimiz ələm müctəhidlərin risaləsində Aşura günü orucunun məkruhluğu buyurulub. Bizə yaraşmaz ki, böyük alimlərimizin (Allah onları hifz etsin) rəyini bir kənara qoyub, şübhəli ravilərdən nəql olunan zəif rəvayətləri səhih adı ilə bizlərə sırımaq istəyən bir vəhhabiyə inanaq.
Allah bizi haqq yolda sabitqədəm etsin.
Natiq Rəhimov