24 Noyabr 2024 - 24
Ustad Cavadi Amuli buyurur: “İmam Hüseyn (ə) öz qiyamının Musa Kəlimullahın (ə) qiyamı kimi bir qiyam olduğunu sübut etmək üçün addım-addım Həzrət Musa (ə) haqqında olan ayələri qiraət edərdi. Bu yolla İmam (ə) özünü Musanın (ə) və başqa İlahi peyğəmbərlərin (ə) varisi kimi tanıdardı. İnsanlara başa salardı ki, mən Musa Kəliməm. Yezid (lən) isə Fironun yerində əyləşmişdir. Münafiqlər də Fironun tərəfdaşlarıdır”. (Tebyan)
Bir çox mənbələrdə oxuyuruq ki, İmam Hüseyn (ə) Mədinə şəhərindən hərəkət edən zaman bu ayəni tilavət etmişdi: “(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini)gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver»”. (“Qəsəs” 21).
O zaman ki, Məkkəyə çatır, bu ayəni tilavət edir: “O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna)yönəltsin»”. (“Qəsəs” 22).
Bu iki ayə Həzrət Musanın (ə) başına gələnlərdən danışır. O yerə qədər ki, Fironun zülmü Musanın (ə) Misiri tərk etməsinə səbəb olmuşdu. Mədyənə daha çox amanda olmaq ümidi ilə köçmüşdü. Yəni, İmamın (ə) Mədinədən xaric olması və Məkkəyə daxil olmasının niyyəti aydın olur. İmam Hüseyn (ə) də Musa (ə) kimi zalımların zülm və əziyyətindən amanda deyildi. İlahi risalətə malik olduğu üçün çarəsiz öz diyarını tərk edir və başqa bir yerə köçmək istəyir.
İmam Hüseyn (ə) Aşura xütbəsində kufəliləri gördükləri iş haqqında düşünməyə dəvət etmişdi. O, buyurmuşdu: “Ey Şəbəş ibni Rəbə, Qeys ibni Əşəs, Zeyd ibni Haris! Məgər siz mənim üçün məktub yazmamışdınız ki, Kufəyə gəlməyimi çox istəyirsiniz?”.
Dedilər: “Yox, biz belə məktub yazmamışıq”.
İmam (ə) buyurdu: “Sübhənallah! Allaha and olsun ki, siz belə etmisiniz. Əgər Kufəyə gəlməyim sizin üçün bu qədər xoşagəlməzdirsə, başqa bir yerə getməyə hazıram”.
Qeys deyir: “Əmin oğlanlarının hökmünə boyun əymirsən? Onlar heç bir zaman səninlə pis rəftar etməzlər”.
İmam (ə) bu ayəni tilavət edir: “Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım”. (“Duxan” 20).
İmam (ə) yenə Həzrət Musanın (ə) dilindən ayə oxumuşdu.
Bəzən də İmam (ə) Əməvilərin rəftarını azmış xristianlara və yəhudilərə bənzədirdi. Əməvi ordusu gələn zaman İmam Hüseyn (ə) öz qılıncına söykənmiş halda idi və ayağa qalxdı və buyurdu: “Sizi Allaha and verirəm! Məni tanıyırsınızmı?”.
Dedilər: “Bəli, sən - Peyğəmbər (s) övladı və onun nəslindənsən”.
İmam Hüseyn (ə) Həzrət Peyğəmbər (s), xanım Fatimə (s.ə), İmam Əli (ə) ilə olan bağlarını yada saldı və hamısı da bunu təsdiq etdi. Bu zaman İmam (ə) buyurdu: “Mənim bu böyük insanlarla əlaqəmdən agahsınız, bəs necə qanımı halal hesab edirsiniz?”.
Dedilər: “Onların hamısını yaxşı hesab edirik, ancaq səndən əl çəkməyəcəyik”.
İmam (ə) buyurdu: “O zaman ki, yəhudilər dedi ki, Uzeyir Allahın oğludur, Allahın qəzəbi onları tutdu. O zaman ki, xristianlar dedilər ki, İsa (ə) Allahın oğludur, Allahın qəzəbi onları tutdu. Allahın qəzəbi zərdüştlülərə o zaman çox oldu ki, Allahın yerinə atəşə pərəstiş etdilər. Allahın qəzəbi o zaman hər ümmətə şiddətli oldu ki, peyğəmbərlərini öldürdülər. İndi isə Allahın qəzəbi Peyğəmbər (s) övladını öldürmək istəyən bu insanlara şiddətli olacaq”.
“Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir - Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih - Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?”. (“Tövbə” 30).
İmam (ə) bu sözləri ilə onları azmış xristianlara və yəhudilərə bənzətdi və onları yolundan sapmış hesab etdi. Onlarıxəbərdarlıq etdi ki, İlahi qəzəbə düçar olacaqlar.
/Deyerler.org/