21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmamın Bəsrə böyüklərinə məktubu
09.01.2018

İmam Bəsrə əhlinə xitabən yazırdı: "Mən haqqın öldürüldüyünü, batilin dirçəldiyini gördüyümdən özümə vəzifə bilirəm ki, qiyam qaldırım, sizi Allahın kitabına, yaxşılığın əmri və pisliyin qadağasına çağırım."

Bəsrənin beş böyük şəxsinə ünvanlanmış məktubun mətni belədir: "Allah mənim cəddimi seçdi ki, öz bəndələrinə doğru yol göstərsin. Onu öz yanına apardıqdan sonra bu yolun davamı və həzrətə canişinlik üçün ən ləyaqətli adamlar biz əhli-beytik. Amma qövmümüz haqsız olaraq bizdən önə keçdi və biz müsəlmanlar arasında təfriqədən çəkinib bu vəziyyətlə razılaşdıq. İndi öz elçimi bu məktubla sizin yanınıza göndərir və bu yolla sizi Allahın kitabı, peyğəmbər sünnəsinə tərəf çağırıram. Çünki peyğəmbər sünnəsi ölmüş, bidət dirilmişdir. Əgər mənim sözlərimi eşidirsinizsə, əmrimə itaət edin. Sizi inkişaf və savab yoluna sövq edirəm... Vəssalamu ələykum və rəhmətullahi və bərakatuh."

Tarixi mənbələrdə qeyd olunur ki, bu beş nəfərdən dördü öz qövmünü ətrafına toplayıb dedi: "Hüseyn ibn Əli bizi dəvət etmişdir və biz Hüseyn yolunda fədakarlıqla hazırıq." Onların qövmü belə cavab verdi: "Biz də sizin kimi Hüseyn yolunda cihada hazırıq." Amma məktubun ünvanlandığı beş nəfərdən biri, Münzər ibn Carud bu məktubun ibn Ziyad tərəfindən sınaq üçün yazıldığını güman etdi. Bu səbəbdən də məktubu imam Hüseynin elçisi ilə birlikdə ibn Ziyadın yanına aparıb dedi: "Ey əmir! Bu şəxs mənə belə bir məktub gətirmişdir." İbn Ziyad göstəriş verdi ki, imamın elçisi edam olunsun. Münzər bu hərəkəti işi ilk addımda müvəffəqiyyətsizliyə uğratdı və Bəsrədə heç bir hərəkat baş vermədi.