24 Noyabr 2024 - 24
İmam Hüseynin (ə) Aşura vaqiəsinin əbədilik sirləri nədir?!
Hansı səbəblərdən 1400 ildən çox tarixi olan bir hadisə bu günə kimi (və əminliklə deyə bilərik ki, qiyamətə kimi) öz təravət və yeniliyini qorumaqdadır?
Quran ayələrinə və rəvayətlərə baxan zaman görürük ki, bir nəçə amil Kərbəla hadisəsinin unudulmamasına, hətta ildən ilə daha təravətli olmasına səbəb olmuşdur. İslam düşmənləri, kafirlər, zalımlar və s. nə qədər bu hadisəni unutdurmaq istəsələr də, imam Hüseyn (ə) daha çox qəlblərdə yer almış və müsəlmanların məhəbbətini qazanmışdır. İmam Hüseyn (ə) məktəbini dərk ədənlər, imam Hüseynin(ə) hədəflərini anlayanlar, onu, həyatda örnək qərar vermişlər.
Tarix boyu müxtəlif hökumətlər gəlib getmişdir. Bəni-Üməyyə 1000 ay, Abbasilər isə 5 əsr hakimiyyətdə oldu, ancaq onlardan nə bir əlamət var, nə də onlardan yad olunan var. Lakin Həzrət Əba-Əbdillah (ə) bu hadisədən 14 əsr keçməsinə rəğmən, ildən-ilə daha çox sevilir, daha çox insanların qəlblərində yer edir. Bunun səbəbi nədir? Bunun sirri nədir?
Qarşınızda olan bu məqalədə Kərbəla hadisəsinin 5 əbədilik sirri və amilinə toxunulmuşdur:
4-cü amil – Kərbəla mesajları və hədəfləri
Kərbəlanın ədədiliyinin növbəti sirri İmam Səccad (ə) və Həzrət Zeynəbin (s.ə) vasitəsi ilə Kərbəlanın hədəflərini və İmam Hüseynin (ə) amallarını Kərbəladan sonra bütün bəşəriyyətə çatdırmalarıdır. Bu şəxsiyyətlərin rolunu şair Qadir Təhmasibi necə də gözəl nəzmə çəkib:
سر نی در نینوا می ماند اگر زینب نبود
کربلا در کربلا می ماند اگر زینب نبود
"Əgər Həzrət Zeynəb (s.ə) olmasaydı, Kərbəla elə Kərbəlada qalardı."
Kərbəla mədəniyyətinə baxan zaman iki səhnə ilə qarşılaşırıq:
Birinci şəhadət və candan keçmə səhnəsi. Bunu İmam Hüseyn (ə) və onun vəfalı səhabələri öz öhdələrinə götürmüşdülər.
İkinci səhnə isə Kərbəla mesajları və hədəflərinin təfsiri. Bu vəzifə isə İmam Səccad və Həzrət Zeynəbin (s.ə) öhdəsinə düşdü.
Əgər Həzrət Zeynəbin (s.ə), həmçinin İmam Səccadın (ə) rəşadətli və şücaətli xütbələri olmasaydı, Kərbəla elə Kərbəlada qalardı.
Ayətullah Xoyi (r.ə) tarixi şəxsiyyətləri tanıtdırdığı "Rical" kitabında Həzrət Zeynəb (s.ə) barədə belə bir ifadə işlədir:
و اِنَّهَا شَرِیکَةُ اَخِيهَا الحُسَين
"Həqiqətən o, qardaşı İmam Hüseynin (ə) şərikidir." ("Möcəmu Ricalil-hədis", c.24, səh.219.)
Həzrət Zeynəb (s.ə) Kərbəla hadisəsinin əzəmətində və onun nəticələrində qardaşı İmam Hüseyn (ə) ilə şərikdir. Bu baxımdan İmam Hüseyn (ə) İbn Abbasın: "Qadınların Kərbəlaya aparılmasının nə mənası var?" – sualının müqabilində belə cavab verir: "Allah belə istəyib ki, bu qadınlar Kufədə, Şamda, Kərbəla yolunda və Kərbəladan sonra əsir olsunlar." ("Biharul-ənvar", c.44, səh.364, hədisin məzmunu.) Niyə? Çünki Kərbəlanın və İmam Hüseynin (ə) hədəflərini Kərbəladan sonra bütün insanlara və insanlığa çatdırmaq vəzifəsi Həzrət Zeynəbin (s.ə) öhdəsində idi.
Əsirlər karvanı Kərbəladan çıxandan Kərbəlaya qayıdana kimi qırx gün çəkir. Bu qırx gün ərzində nələr olub?! Həzrət Zeynəb (s.ə) bəşəriyyətə Kərbəlanın və İmam Hüseynin(ə) hədəflərini necə çatdırıb?! Bu hədəflər nədir?! Bütün bu sualların cavabı bizim üçün ibrətli dərslərdir. Bu arada İmam Səccad (ə) və Həzrət Zeynəbin (s.ə) çox böyük rolu var.
Həzrət Zeynəbin (s.ə) qırx günlük əsarətini Musa peyğəmbərin (ə) qırx günlük öz qövmündən ayrılması və qardaşı Harunu (ə) yerinə qoyması ilə müqayisə edirlər (bax: "Əraf", 142). Bu zaman Həzrət Musa (ə) qardaşına iki şey tapşırdı:
1. Mənim yoxluğumda cəmiyyətin islahatı üçün çalış;
2. Cinayətkar və günahkarların yolunu getmə və onlara tabe olma.
Harun peyğəmbər də bacardığı qədər öz vəzifəsini gözəl şəkildə yerinə yetirdi. Bu hadisə eynilə Kərbəlada da baş verir. İmam Hüseyn (ə) aləmlərin rəbbi ilə görüşə gedən zaman öz bacısını yerinə canişin təyin edir və eynilə bu tapşırıqları, yəni cəmiyyətin islahını və İbn Ziyad və Yezid kimilərin yoluna tabe olmamağı tapşırır. Necə ki, Həzrət Harun (ə) risalət və canişinlik baxımından Həzrət Musa (ə) ilə şərik idi, Həzrət Zeynəb (s.ə) də İmam Hüseynin (ə) vəzifəsində öz qardaşı ilə şərik idi və İmam Hüseynin (ə) hədəflərini və Kərbəla gözəlliklərini bəşəriyyətə çatdırmışdır.
İmam Hüseynin (ə) qiyamının hədəfi nə idi?! Mədinədən Kərbəlaya gəlməsinin səbəbi nə idi?! Ərbəin ziyarətində bu məsələyə belə toxunulub:
وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَك َمن الْجَهَالَةِ و حَيرةِ الضَّلَالَة
"İmam Hüseyn(ə) qəlbinin qanını Allaha təqdim etdi ki, bəndələrini nadanlıq və cəhalətdən xilas etsin və onlar zəlalətdə heyran qalmasınlar." ("Ərbəin" ziyarətnaməsi.)
İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi bu cümlədə cəm olunmuşdur. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə, zülmlə mübarizə və s. Bütünlüklə bu cümlədə cəm edilmişdir. İmam Hüseyn (ə) cəhalətin kökünü kəsmək və onunla mübarizə aparmaq istəyirdi. İnsanlar xilafət və rəhbərlik məsələsində heyran qalmışdılar. İmam Hüseyn (ə) onların ayılmasını, xilafət və rəhbərliyin Əhli-beytə (ə) məxsus olmasını bildirmək istəyirdi. Bir cümlə ilə desək, İmam Hüseynin (ə) qiyamının hədəfi bütün bəşəriyyətə nicat vermək idi.
Həzrət Zeynəb (s.ə) Kərbəla hadisəsində, Aşura günü baş verən hadisədən başlayaraq, Kufədə, Şamda, yenidən Kərbəla və Mədinədə bütün insanların zehnlərində olan cəhalət və nadanlığı aradan apardı. Elə həmin zamanlarda bir qrup bu hadisənin sadəcə bir döyüş olduğunu zənn edirdilər ki, bir tərəf zahirdə qalib, digər tərəf isə məğlub olub. Lakin Həzrət Zeynəb (s.ə) bu nadanlığı, bu yalnış düşüncələri zehnlərdən sildi. Qətlgahdan başlayaraq öz tövhid dərsini nümayiş etdirərək belə buyurdu: "İlahi, bu kiçik qurbanı bizdən qəbul et." İnsanlar gördülər ki, tarixdə bənzəri olmayan belə bir müsibətdə, belə bir çətinliklərdə yenə Həzrət Zeynəbin (s.ə) işi Allahladır. Allahla danışır. Öz mövlası İmam Hüseynin (ə) də əvvəldən axıra kimi bütün hədəf və işlərinin Allaha görə olmasını insanlara çatdırır.
Həzrət Zeynəb (s.ə) demək istəyirdi ki, biz ilahi insanlarıq, biz Allahlayıq, Allaha görə hərəkət edirik, Allaha görə qanımızdan keçmişik, Allaha görə qiyam etmişik və bütün bu məşəqqətlərə sinə gərməyimizin yeganə səbəbi Allahdır.
Tövhid və ixlas mesajından sonra Həzrət Zeynəb (ə) vilayət və imamət məqamından müdafiə mesajını bütün dünyaya ötürür. Bu mesaja da elə Aşura günü, qətlgahdan başlayır. Zeynəb (s.ə) Peyğəmbərə (s) xitabən deyir:
وا مُحَمَّدَاه صَلَّی عَلَیکَ مَلِیکُ السَّمَاء
"Səmavi mələklərin salamı olsun sənə ey Allahın rəsulu". ("Biharul-ənvar", c.45, səh.58.)
Həzrət Zeynəb (s.ə) bildirmək istəyirdi ki, biz vəhy ailəsiyik, biz Peyğəmbər (s) ailəsiyik. Sonraİmam Hüseyni (ə) göstərərək belə buyurur:
هَذَا حُسَینُکَ مُرَمَّلُ بِالدِّمَاءِ مُقَطَّعُ الاَعضَاء
"Bu sənin qana bulaşmış və bədən üzvləri tikə-tikə olan Hüseynindir."
Həzrət Zeynəbin (s.ə) İbn Ziyadın sarayında göstərdiyi o şücaət, o rəşadətli xütbələri Kərbəlanın əbədilik sifətinə malik olmağına səbəb oldu. Bu saraya daxil olanda İbn Ziyad belə düşünürdü ki, Həzrət Zeynəb (s.ə) əsarətdədir, ona hər istədiyini deyə bilər, o da sakit qalacaq, ağlayacaq və heç bir cavab verməyəcək. İbn Ziyad əvvəl belə dedi: "Sizi məğlub edən, yalançılığınızı üzə çıxardan və sizi rüsvay edən Allaha həmd olsun."
Həzrət Zeynəb (s.ə) cavabında buyurdu: "Fasiq rüsvay olur, günahkar yalan danışır. Fasiq və günahkar bizdən qeyriləridir." Yəni yalançı və fasiq sən və Yezid kimilərdir.
Yenidən İbn Ziyad belə dedi: "Gördün Allah qardaşın və əhli-beyti ilə necə rəftar etdi?!"
Həzrət Zeynəb (s.ə) bu zaman tarixi cümləsini buyurdu: "Mən gözəllikdən başqa bir şey görmədim". Şəhadət ən uca zirvə və ən gözəl məqamdır ki, Allah qardaşlarıma əta etdi.
Daha sonra buyurdu : "Onlar Allahın təyin etdiyi uca şəhadət məqamına çatıblar. Sən və sənin kimilər isə sabah Qiyamətdə Allahın sorğu-sualına hazır olun. Sabah Qiyamət günü kimin qalib olacağını görəcəksən. Anan matəmində əyləşsin, ey Mərcanənin oğlu." ("Luhuf", səh.292.)
Xanım Zeynəbin (s.ə) İbn Ziyada anasının künyəsi ilə müraciət etməsi əsil-nəsəbinin kimlər olmasını xatırlatmaq və onu rüsvay etmək üçün idi.
Nəticə: Əgər İmam Səccad (ə) və Xanım Zeynəb (s.ə) olmasaydı, Kərbəla elə Kərbəlada qalardı. Həzrət Zeynəb (s.ə) qardaşı İmam Hüseynin (ə) qiyamının hədəflərinin gerçəkləşməsində şərik idi. Kərbəla mesajlarını bəşəriyyətə çatdırmaq, onun əbədiliyinə və heç zaman unudulmamasına səbəb olan dördüncü amildir.
Ardı var...
Musa Hüseynli (Maide.az)