21 Noyabr 2024 - 21
Şairlərimiz aşura qiyamının qəhrəmanlarını və hədəflərini tərənnüm etməklə yanaşı, bundan sui-istifadə edən qüvvələri, məhərrəmliklə bağlı xalq içində kök salmış bəzi xurafatları da ciddi şəkildə tənqid edirdilər. XIX əsr ədəbiyyatımızın hərəkətverici qüvvəsi olan Seyyid Əzim Şirvani Aşura günü xəncər vurub baş yaran mövhumatçıları tənqid atəşinə tuturdu:
Belə fətvanı görək verdi bizə hansı imam?
Ya ki onlar özü də etdi bu əmrə iqdam?
Bədənin zəhməti gər şər’də olmazsa həram,
Biz də başlar çapıban cari edək qan, əxəvi!
Heç eşitdinmi çapıb başın İmami-Cəfər?
Ya ki Musiyyi-Riza, Əsgəriyi-xəstəciyər?
Bizdən onlar məgər öz cəddini az istərlər?
Niyə bəs vermədilər bu işə fərman, əxəvi?
Bu yəqinimdir, əgər olsa özü zində imam,
Hökm edər: çapma başın, nəhydi bu feli-həram!
Yenə hər il çapacaq başını bu qövmi-avam,
Demə kim, tərki-təbiət olar asan, əxəvi!
(Seyyid Əzim Şirvani. Əsərləri, 2-ci cild, Bakı-1969, səh. 38).