03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İlahi ümmət formalaşdırmaq missiyası
08.09.2020

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Artıq Məhərrəm ayının ilk ongünlüyünü və Aşura gününü geridə qoymuşuq. Allahdan istəyimiz budur ki, bizləri bu əyyamın ehtiramına, tövbəkarlar siyahısında qərar versin.

Yalnız paklara çatacaq

Mövzumuz Qurani-Kərimdə “Bəqərə” surəsinin 124-cü ayəsi üzərindədir. Ayədə buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”.

Həzrət İbrahim (ə) bütün imtahanlarını geridə qoydu və bütün imtahanlarını ən ali və kamil şəkildə verdi, Allahın bu sınaq və imtahanlarından başıuca çıxdı. Həzrət İbrahim (ə) ki, bu sınaq və imtahanlardan başıuca çıxdı, yeni bir mərhələyə gəlib çatır, Allah onu imam və rəhbər qərar verir. İbrahim (ə) bir İlahi imam olaraq qərar verilir.

Belə olan halda İbrahim (ə) bir növ xahiş, iltimas olaraq soruşur ki, onun nəslindən də imam olacaq? Allah buyurdu ki, İbrahimin (ə) nəslindən o kəslər ki, pakdırlar, məsumdurlar – onlara çatacaq, amma onun nəslindən olan zülmkarlara çatmayacaq.

Həzrət İbrahim (ə) imtahanlardan keçərək, İlahi imam mərtəbəsinə yüksəlir

Bu nurani ayəyə diqqət etsək, təfsiri nöqtələrinə toxunsaq, bunun üzərindən Aşura bəhsinə gələ bilərik. Həzrət İbrahim (ə) – Həzrət Rəsulallahın (s) cəddi – bütün İlahi dinlərin qəbul etdiyi bir Allah elçisidir. Həm yəhudilər, həm məsihilər onu qəbul edir, həm də müsəlmanlar özlərinin mötəbər Kitabı ilə Həzrət İbrahim (ə) ilə bağlı olan mövzulara imza atır.

Qurani-Kərimdə iyirmi beş surədə altmış doqquz dəfə Həzrət İbrahim (ə) haqqında Allah Təala söz açır, imtahanlar və sınaqlarından danışır. O Həzrət İbrahim (ə) ki, əvvəl yaxını, əmisi ilə imtahana çəkilir. Bütlərlə mübarizəyə qalxdığı bir vaxtda ona yaxın birisi buna etiraz edir, amma o, öz imtahanını verir.

Ondan sonra ailəsi ilə, övladı ilə imtahana çəkilir. Öz əhli-beyti ilə Allah evinə, Məkkəyə yaxın bir yerə gəlməklə və tək-tənha olmaları ilə imtahan edilir. Bundan sonra öz əzizi – İsmayılını (ə) qurban verməyə qədər hazır olur. Yeni bir ümmət, imanlı bir ümmət qurulması üçün əhli-beytini Allah evinə yaxın bir yerə gətirir, amma o an Allah evində tək-tənha olan əhli-beyti əslində mömin bir ümmətin quruculuğu üçün bir müqəddiməyə çevrilir. Fitnələri yox etmək üçün öz əzizini belə qurban verməyin lazımlığını Həzrət İbrahim (ə) nümayiş etdirmiş olur...

Həzrət İbrahimin (ə) bu imtahan və sınaqları ona gətirib çıxarır ki, onun vücudunda, varlığında olan istedadlar, qabiliyyətlər hamısı üzə çıxmış olur. Bu imtahanlardan şərəf və ləyaqətlə çıxan, büt sındıran Həzrət İbrahim (ə) meydana gəlir.

Biz diqqət etdikdə görürük ki, Qurani-Kərim Peyğəmbərimizi (s) bütün insanlar üçün nümunə olaraq göstərir. Həzrət İbrahim (ə) də bütün bəşəriyyət üçün nümunə və üsva kimi təqdim edilir. İmtahanlar və sınaqlar istedadları üzə çıxardar. Dünyanın imtahanları bəzən acı, bəzən şirin olar, bəzən müsibətlərlə, bəzən rifahla olar. İnsan bəzən acılarla, bəzən rifahla, rahatlıqla imtahana çəkilər. Amma bu imtahanlar vaxtı insanın kimliyi, tutumu üzə çıxar.

Bu imtahanlar ona görə deyil ki, Rəbbimiz agah olsun və bilsin ki, bizim vəziyyətimiz nədir. Bu imtahanlar bizim iradəli, şüurlu, dərkli şəkildə mərhələləri keçməmiz üçündür. İstedadları üzə çıxartmaq üçün iradəli və ixtiyar halında, agah və şüurlu halda bu yolu keçmək lazımdır. Keçə bilənlər Həzrət İbrahim (ə) kimi bir vəziyyətə gəlib çatarlar ki, Allah onlardan razı olar və Allah onları böyük bir məsuliyyətlə mükafatlandırar.

Həzrət İbrahim (ə) ilk olaraq Allah bəndəsi – Abdullah oldu. Sonra Allahın nəbisi – Nəbiyullah oldu. Sonra, Allahın rəsulu – Rəsulullah, sonra Xəlilullah oldu. Bütün bu imtahanları verə-verə, Həzrət İbrahim (ə) bir məqama yetişdi ki, artıq İlahi imam oldu. Böyük imtahanlardan keçən Həzrət İbrahim (ə) İlahi rəhbər və imam məqamını daşımağa layiq olur, Allah onu bu məqam üçün seçir. Rəbbimiz həmçinin buyurur ki, zalımlara bundan bir şey çatmaz. Bu, pak, məsum şəxslərə aid olan bir məqamdır.

İlahi ümmətin yetişməsi üçün İmam Hüseyn (ə) öz ailəsi ilə Kərbəlaya gəlir

Bu ayəyə diqqət etməklə Aşura üzərinə gələn müfəssirlər buyururlar ki, Allah Təala nübuvvət və imamət məqamını Həzrət İbrahimə (ə) əta etdi və onun nəslindən pak və məsum İmamların meydana gəlməsini nəsib etdi.

Bu, nəyin nəticəsində baş verir? Bu, onun bərəkətinə baş verir ki, Həzrət İbrahim (ə) öz əhli-beytini (ə) Allah evinin kənarına – Məkkəyə gətirir və o, imtahanlardan başıuca keçməklə imanlı ümmət meydana gəlməsi üçün bu ağrıya dözməli olur, fitnələrin də aradan getməsi üçün özünün ən əzizini – İsmayılı (ə) da qurban verməyə hazır olur.

Belə başa düşülür ki, nübuvvət və imamətin əsas ana qayəsi – İlahi bir ümmətin yetişməsidir. İlahi ümmətin yetişməsi üçün Həzrət İmam Hüseyn (ə) öz əzizləri ilə Kərbəla çölünə gəlir.

Bir vəziyyət gəlib yaranmışdı ki, əziz Rəsulallahın (s) gətirdiyi İlahi dinin zahirindən başqa bir şey qalmamışdı. Bir neçə on ilə namaz qalmışdı, oruc qalmışdı, Quran oxumaq, zahiri bütün mövzular qalmışdı, amma namazın ruhu, orucun ruhu, diri Quran – hamısı kənarda qalmışdı. Durum bir yerə gəlib çatmışdı ki, İslamdan bir tək müsəlman adı qalmışdı. Yerlə Göyün bağlantısını təmin edəcək İlahi İmamlardan (ə), rəhbərlərdən kənar düşən ümmət, həqiqi ümmət halından çıxıb, bir adi müsəlman halına enmişdi.

Peyğəmbərimizin (s) vəfatından sonra Bəni-Səqifədə başlanan cinayət nəticəsində, insanlar Yerlə Göyün bağlantısını təmin edən bir İlahi İmamın (ə) ardınca deyil, öz nəfslərinin, nəfsi istəklərinin ardınca getməyə başladılar. Bununla da İlahi bir İslam toplumu, imperatorluğa doğru çevrilməyə başladı və bu, hər mərhələdə bir az da şiddətləndi.

Həzrət Əlinin (ə) ictimai həyatdan təcrid olunmasından, evində əyləşməsindən böyük nə zülm ola bilər? Ondan sonrakı mərhələlərdə Həzrət Əli (ə) İslamın ruhunu aradan aparmaq istəyənlərlə mübarizə aparmalı olur. Bəziləri maddi rifaha görə, digərləri beyinlərinin kiçiklikləri səbəbundən, ağ və qara rəngdən başqa rəng görməməzliklərindən Həzrət Əli (ə) kimi bir şəxsiyyətlə düşmənçiliyə başladılar.

Bu, bir məzlumiyyətdir və bunun nəticəsində Peyğəmbər (s) ümməti addım-addım ümmət halından adi bir toplum halına gəlməyə başladı. İlahi İmam (ə) olmayanda, ümmət də mövcud olmur.

Ondan sonrakı mərhələdə İmam Həsənin (ə) müsibətləri başlayır. Nəhayət zalımlar o qədər irəli gedirlər ki, Yezid (lən) müstəqil, Yerlə Göyün bağlantısını təmin edəcək bir İlahi mərkəzin olmasının mümkünlüyünü də belə, tanımır. İmam Hüseyn (ə) sonadək bunun qorunub saxlanması üçün bütün mümkün addımları atır və yekunda artıq çıxış yolu olmadığından, şərəfli ölümü, şəhidliyi seçir.

İmam Hüseynin (ə) missiyası, özündən əvvəlki Məsumların (ə) missiyası ilə eynidir

Şərəfli ölüm – şəhidlik insan həyatında önəmli bir mövzudur. Əgər ləyaqətli yaşamaq fürsəti artıq mövcud deyilsə, deməli şərəfli ölüm və şəhadət seçimi qalır. Biz əslində Həzrət İbrahimin (ə) həyatında görürük ki, onun imtahanları, sınaqları bir İlahi imam olaraq, İlahi ümmət quruculuğu üçün idi. Yer üzündə insanların imanlı və mütədəyyin olması istiqamətində çalışırdı.

Həzrət İmam Hüseyn (ə), İslam ümməti sıradan çıxmaq təhlükəsi ilə üzləşərkən, öz əziz əhli-beyti ilə şəhidliyə doğru hərəkət edir. İmam Hüseyn (ə) ən əzizlərini və öz canını qurban verməyə hazır olur. Şərəfli ölümü seçir və bununla da İslamı Qiyamət gününə qədər sığortalayır. Bu mənada biz deyə bilərik ki, İmam Hüseynin (ə) mübarək, ali idealları bütün peyğəmbərlərin (ə), xüsusən Həzrət İbrahimin (ə) idealları ilə eyni sinxiyyət təşkil edir.

Həzrət Rəsulallah (s) da “Hüseyn məndəndir və mən də Hüseyndənəm” deməklə, İmam Hüseynlə (ə) missiyalarının, ali hədəflərinin eyni olmasını vurğulamış olur. İlahi ümmətin yetişməsi və meydana gəlməsi, ləyaqətli, abırlı insanın yetişməsi – bütün nəbilərin (ə) və İmamların (ə) əsas missiyasıdır. Bu, nə zaman ola bilir? O zaman ola bilir ki, İlahi İmamın (ə) yolunu getmək, onun ardıcılı olmaq – əsas meyar olaraq götürülsün. Bu zaman insanın kamil insan kimi yetişməsi üçün fürsət olur.

Şeytan (lən) nərə çəkib qəzəblənir

Şeytan (lən) bir neçə halda nərə çəkib qəzəblənib. Min cür hoqqa çıxarmışdı, “əziyyət” çəkmişdi, Həzrət Adəm (ə) tərki-övla olmuşdu... Amma Həzrət Adəm (ə) Əhli-Beytə (ə) and verərək tövbə edir, Allah onun tövbəsini qəbul edir. Şeytan (lən) bu halda nərə çəkib qəzəblənir. Həzrət Yusif (ə) Züleyxanın əlindən qurtulanda, günahdan qaçanda – nərə çəkib qəzəblənir. Çünki hər şey hazırlamışdı, amma baş vermir.

Qədir-Xum günü şeytan (lən) qəzəbindən nərə çəkir. Çünki, aydın olur ki, Qiyamət gününə qədər Həzrət Əmirəlmöminindən (ə) başlayaraq, pak Məsumlar (ə) Yerlə Göyün bağlantısını təmin edəcək missiya daşıyacaq. Bu zaman şeytan (lən) bütün əlaltılarına insanlarda şəkk və şübhə yaratmağı tapşırır. Eyni zamanda Aşura cinayətinin meydana gəlməsi üçün şeytan (lən) hər bir oyundan çıxır. Amma nəticədə bu mübarək şəhidlik Yerdə və Göydə anılır.

Bu Şəhidi ananlar, onu sevənlər, onun yolunu gedənlər, zəvvarları o qədər böyük kamilliyə gəlib çatmaq fürsətinə malik olarlar ki, bu, şeytanın (lən) nərə çəkib qəzəblənməsinə səbəb olar.

Şeytanın (lən) ən böyük silahlarından biri – haqqın yanında haqqa oxşar bir şeyləri meydana çıxarmaqdır. Haqqın səsini boğmaq, haqqı sıradan çıxarmaq onun imkanında deyil, şeytanın (lən) belə qabiliyyəti yoxdur. Dəyərli İslam mütəxəssisləri şeytanın (lən) bu cəhətini xüsusi vurğulayırlar ki, o, haqqın səsini batıra bilməz. Amma, haqqın yanında yalançı oxşarlar düzəldə bilər. Bu misal olaraq ona oxşayır ki, radioda bir FM dalğası var, onu sıradan çıxarmaq mümkün deyil. Amma, onun sağında, solunda cürbəcür dalğalar yaratmaq və insanları bu cür həqiqət dalğasından yayındırmaq olar. Həqiqi ürfandan yayındırmaq üçün yalançı, qurma ürfanlar meydana çıxardar. Ağıl və fəlsəfə, düşünmə və təfəkkürdən yayındımaq üçün cürbəcür təhrif olunmuş, hətta Allahdan uzaqlaşdıran bir düşüncə məktəbləri meydana çıxardar.

Mənəviyyat və əxlaq kimi gözəl nemətin qarşısını almaq üçün, bu adla cürbəcür dalğalar meydana gətirər. Şeytanın (lən) əsas işi budur. Niyə Aşuradan narahatdır? Çünki, Aşura gələn zaman bir ilin içində qəlbi qəflət basmış, dünya bataqlığında batmış insanlar bir ayılma yaşayar. Ona görə, Məhərrəm-Səfər əyyamı – dirilmə, oyanma əyyamıdır. Aşura qəhrəmanlarının şəxsiyyətini, izzətini, başıucalığını görüb, insana öz yerini tapmağa kömək edə bir əyyamdır. Aşura – sanki insanın yenidən özünəqayıdışı fürsətidir. Şeytan (lən) bu baxımından fövqəladə narahat olur.

Allahım, bizlərə Aşura məktəbinin dərslərini tanıyıb, həyatımız üçün dərslər götürməyi nəsib et!

Allahım, bizi bu əyyamda qəflətdən oyanmışlardan qərar ver!

Allahım, aqibətlərimizi Hüseyni (ə) qərar ver! Amin!

İlqar İbrahimoğlu