25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Onlar döyüşə-döyüşə fəryad edib, deyirdilər: “Allah, bizi bağışla!”
10.09.2020

Bilindiyi kimi, Kərbəlada İmam Hüseyn (ə) və onun yaxınları, müsəlmanların laqeydliyi üzündən Yezid (lən) ordusu tərəfindən şəhid edildikdən sonra, xilafətin müxtəlif bölgələrindən olan müsəlmanlar, əsasən də Əhli-Beyt (ə) davamçıları, səhvlərini anlayıb peşman olmuş və qisas almaq üçün müxtəlif ərazilərdə, ardıcıl olaraq qiyamlar qaldırırdılar. Bu qiyamlardan tarixdə daha böyük iz buraxmış olanı – “Təvvabin” qiyamıdır.

65-ci ildə əsasını kufəlilər təşkil edən Əhli-Beyt (ə) davamçıları İmamı (ə) yalqız qoyduqları üçün şəhadətə yetirildiyini dərk edərək, qəflət yuxusundan ayılaraq qisas almaq üçün qiyama başladılar. Onlar İmamı (ə) dəvət edib onu yalqız qoymaqla bağışlanmaz bir günah etdiklərini dərk edir və bu rüsvayçılıqdan yalnız can verib bu yolda ölməklə xilas ola biləcəklərini düşünürdülər.

Bu cür düşünənlər özlərini “Təvvabin” (tövbə etmişlər) adlandırırdılar. Onların başçıları Kufə ağsaqqallarından olan bu 5 nəfər idi:

1. Süleyman ibni Surəd Xəzai;

2. Abdullah ibni Val Təmimi;

3. Rifaə ibni Şəddad Bəcəliy;

4.Abdullah ibni Səd Əzdi;

5. Abdullah ibni Nəcbə Fəzari.

Həqiqətən də onlardan bəziləri İmamı (ə) qarşılamağa getməmiş, Kufədə fikir ayrılığına səbəb olmuşdular.

Süleyman ibni Surəd Xəzai “Təvvabin” qiyamının rəhbəri olaraq, ilkin hazırlıqlarına başlamaqla Mədinə və Bəsrə şəhərlərində olan Əhli-Beyt (ə) davamçılarının başçılarına məktub yazmış, onları İmam Hüseynin (ə) qanının intiqamını almaq üçün qiyama hazırlaşmalarını və gələn ilin (65-ci il) rəbiüs-sani ayında Kufə kənarına Nəxliyyə adlı yerdə bir-birlərilə görüşmələrini istəmişdir. Mədinədə olan tərəfdarların rəhbəri Səd ibni Huzeyfə adlı bir şəxs idi.

“Təvvabin” bir yerə yığışaraq, öz səhvlərini müzakirə edir və bu Quran ayəsinə əsaslanaraq qiyama hazırlaşırdılar. “Ey mənim qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də Yaradanınıza tərəf qayıdaraq tövbə edin, ...”. Təbii ki, bu, ayənin təfsirsiz formasıdır.

Təvvabin öz etdikləri günahları yumaq üçün tövbə edib, özlərini ölümə vermək niyyətində idilər. Onlar hərəkata başlayarkən Kufə və Bəsrə Abdullah ibn Zübeyrin nümayəndələrinin əlində idi. Abdullah ibn Zübeyr həmin adam idi ki, əvvəllər İmam Əlinin (ə) səhabələrindən olan atası Zübeyr, dostu Təlhə ilə birlikdə Həzrət Əlinin (ə) haqq-ədalət hökumətinə qarşı silahlı qiyama qalxmış və nəticədə “Cəməl” döyüşünün səbəbkarı olmuşdur.

Təvvabinlərlə eyni vaxtda Muxtar da qiyama başladı. Onun da İmam Huseynin (ə) intiqamını almaq və Əhli-Beytin (ə) haqlarını geri qaytarmaq kimi oxşar şüar verməsinə baxmayaraq, tutduğu yol təvvabinin tərzi-hərəkətindən fərqli idi. Muxtar daha çox müvəffəqiyyət əldə etmək üçün təvvabinləri özünə birləşdirmək və onların tələsik işə başlamasının qarşısını almaq, hələlik öz yerlərində sakit oturmaları üçün çalışırdı.

Lakin təvvabinlər bu işdən boyun qaçırırdı. Onlar acı təcrübələrindən nəticə çıxararaq, imaməti bu işə qatmamaqla təhlükəni onlardan (ə) kənar saxlayaraq, bu işi başa çatdırmaq fikrində idilər. Muxtar isə özünü İmam Səccadın (ə) əmisi Muhəmməd Hənəfiyyənin nümayəndəsi kimi təqdim edirdi. Bu da təvvabinlərlə fikir ayrılığının səbəblərindən idi.

İmam Səccad (ə) Zübeyrilərin şərindən amanda qalmaq üçün Muxtarla birbaşa əlaqə saxlamır, Muhəmməd Hənəfiyyəni arada vasitə olaraq təyin etmiş və fikirlərini də birbaşa yox, gizli bildirirdi. Həzrət İmam Səccadın (ə) seçdiyi bu siyasət məsum İmamların (ə) şiddətli təqiyyə dövranının başlanğıcı idi.

65-ci ilin rəbius-sani ayında Təvvabin “Ya Ləsaratəl-Hüseyn” (“Hüseynin (ə) qanının intiqamı”) şüarı altında qiyama başladılar. İmamət davamçılarının əsas hissəsi təvvabinin Süleyman ibn Surədin rəhbərliyi ilə edəcəyi qiyama inanır və onun ətrafına toplaşırdılar. Muxtar isə onların bir qrupu ilə görüşüb, onlara dedi: “Süleyman ibni Surəd - qoca bir kişidir, tədbirli deyil və muharibə taktikasını bilmir. O, sizi döyüşə sövq etmək istəyir ki, həm siz, həm də özü həlak olsun. Lakin mən bir iş görmək istəyirəm ki, tarixdə atalar misalı olsun. Mən sizin vəliniz və rəhbərinizin öhdəmə qoyduğu tapşırığı yerinə yetirmək istəyirəm. Mən sizin bütün düşmənlərinizi qılıncdan keçirib, ürəklərinizi şad etmək istəyirəm. Odur ki, mənim ətrafıma toplaşıb, əmrlərimə itaət edin”.

Lakin qəti qərara gəlmiş təvvabinlər Muxtarın sözünü eşitməyib, mübarizələrini öz bildikləri kimi davam etdirirdilər.

Abdullah ibn Zübeyr təvvabinlərdən yem olaraq istifadə edib, onları Əməvilərin Şam ordusuna qarşı yönəltmək, ikisini də zəiflətmək siyasətini aparır, təvvabinlərə hər cür kömək vəd edirdi. Onlar hərəkata başlayanda siyahıya alınmış 16 min nəfərdən 4 mini meydana gəlmiş, onların da 2 mini döyüş başlamamazdan əvvəl, döyüş zamanı və döyüş qurtaranda hissə-hissə Kufəyə qayıtmışdılar. Zübeyrilərin söz verdikləri dəstək isə vaxtı uzadaraq, gəlib çıxmadı.

Təvvabinlər düşmənə tərəf hərəkət etməzdən əvvəl Kərbəlaya gedib, İmam Huseynin (ə) pak türbəti ətrafında toplaşaraq ağlayıb tövbə edirdilər. Onlar sona qədər vuruşub mübarizə aparacaqlarını qərarlaşdırıb, İraq-Şam yolunda hərəkət etdilər. Qoşun Fərat çayının yaxınlığındakı Qırqıya kəndində bir az dayanmış, sonra Eynul-Vərdə adlanan bir məntəqəyə doğru hərəkət etmişdir. İbni Ziyadın (lən) başçılığı ilə Şam qüvvələrindən ibarət 30-minlik qoşunun onlara tərəf hərəkət etdiyi barədə xəbər gəlmişdi.

Qoşunlar Eynul-Vərdədə qarşılaşdılar. İbn Ziyadın sərkərdəsi olduğu qoşunun bir bölməsinin başçısı Huseyn ibn Nümeyr idi. 30000 Şam qoşununa qarşı 4000 təvvabin “Ya Ləsaratəl-Hüseyn” (“Hüseynin (ə) qanının intiqamı”) deyib, hərəkət etdi. Onlar döyüşə-döyüşə fəryad edib, deyirdilər: “Allah, bizi bağışla!”. Təvvabinlər şövqlə döyüşdükləri üçün saylarının azlığı o qədər də görünmürdü və ilk həmlədə üstünlük əldə etdilər.

Süleyman, ibni Nüməyrin başçılıq etdiyi qoşun tərəfindən şəhid edildi. Öndərlərdən yerdə qalan 5 nəfər də növbə ilə başçı olaraq bayrağı götürdülər. Onların əksəriyyəti şəhid edildi, bir qrupu isə dağılışdı. Yerdə qalanlar isə Kufəyə qayıtdılar. Onların mübarizəsinə sadiq olanlar isə sonradan Muxtara qoşulub, İmam Hüseynin (ə) qatillərindən intiqam almaq prosesində iştirak etdilər.

Tural Ağamirzəzadə /deyerler/