21 Noyabr 2024 - 21
Aşura hadisəsinin baş verməsinə hansı amillər səbəb olmuşdur? Nə olmuşdur ki, İmam Əlinin (ə) hökumət etdiyi bir şəhərdə 20 ildən sonra övladlarının başları nizələrə taxılacaqdır. Kufə dindən uzaq bir yer deyildi. Kufə o şəhər idi ki, İmam Əli (ə) onun bazarlarında yol gedirdi. İnsanları əmr-be-məruf və nəhy-əz-munkər edərdi. Kufə məscidindən həmişə Quran sədaları eşidilərdi. Bu həmin şəhərdir ki, 20 il keçəndən sonra küçələrində İmamın (ə) qızlarını əsir olaraq gəzdirirdilər. Bəs bu 20 il ərzində nə baş vermişdir ki, iş bu yerə gəlib çatmışdır?
Bu suala Qurani-Kərimin bu ayəsi cavab vermişdir. “Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (“Məryəm” 59).
Bu ayə yolunu azmağın iki amilini bizlərə tanıtmışdır. Yəni, insanın yolunu azmasına iki amil səbəb olar. Biri – Allah zikrindən uzaq düşməkdir ki, onun əsil məzhəri namazdır. Allahı və mənəviyyatı unutmaqdır. Mənəviyyatı həyatdan ayırmaqdır. Allahı zikr etməyi, dua etməyi, təvəkkül və təvəssül etməyi kənara qoymaqdır.
İkinci amil isə şəhvətin ardınca getməkdir. Həvəslərin ardınca getməkdir, dünya istəklərinin ardınca getməkdir. Ancaq mal toplamaq ilə məşğul olmaqdır. Onları həyatda hədəfə çevirmək və onun üçün yaşamaqdır.
Bu iki amil əsas amillərdir ki, Aşura hadisəsinin baş verməsinə gətirib çıxartmışdır. Ona görə də bu amillərin cəmiyyətdə artmasına imkan vermək olmaz. Çünki belə bir cəmiyyət məhvə doğru gedər və bu xəstəlikdən heç bir zaman xilas ola bilməz. Yeni bir Aşura hadisələrinin baş verməsinə imkanlar yaradar. (Həvzəh)
/deyerler/