22 Noyabr 2024 - 22
Əllamə Məclisi yazır ki, Səid ibn Muaz və Əmr ibn Səhldən belə nəql edilir: "İbn Ziyadın məclisində idik, gördük ki, o, əlindəki çubuqla İmam Hüseynin (ə) gözlərinə, dodaqlarına vurur və o Həzrətə hörmətsisizlik edirdi. Allah Rəsulunun (s) səhabəsi Zeyd ibn Ərqəm də orada idi. Bu səhnəni gördükdə dedi: "Ey İbn Ziyad, çubuğu kənara çək! Ona görə ki, mən Allah Rəsulunun (s) mübarək dodaqlarını bu dodaqlar və ağıza yapışdırdığını (və öpdüyünü) görmüşəm." Sonra uca səslə ağlamağa başladı.
Cavabı olmayan və xəcalət çəkən İbn Ziyad ona dedi: "Ey Allahın düşməni! Allah səni ağlar qoysun! Əgər yaşlı və ağlını itirmiş qoca olmasaydın, şübhəsiz, boynunu vurdurardım!"
Zeyd dedi: "Belə isə, icazə ver sənə söylədiklərimdən də daha mühüm olan bir macəranı danışım. Həmin macəra belədir: "Mən bir gün Allah Rəsulunun (s) sağ dizi üstündə İmam Həsəni (ə) və sol dizi üstündə İmam Hüseyni (ə) oturtduğunu və əlləri ilə onların başını tumarlayaraq belə dediyini gördüm:
أَللّهُمَّ إِنّی أسْتَوْدِعُکَ إیّاهُما وَ صالِحَ الْمُؤمِنینَ
"İlahi! Mən bu ikisini və möminlərin salehini sənə tapşırıram!" "İndi de görüm, Allah Rəsulunun (s) əmanəti ilə nə etdin?!" ("Biharul-ənvar", c.45, səh.118.)
Təbərinin nəqlinə əsasən, Zeyd ibn Ərqəm bu danışıqdan sonra ayağa qalxaraq İbn Ziyadın məclisini tərk etdi. Çölə çıxdıqdan sonra camaat dedi: "Zeyd ibn Ərqəmin dilindən başqa sözlər çıxdı, əgər Übeydullah onları eşitsəydi, hökmən onu qətlə yetirərdi."
Bu xəbərin ravisi deyir: "Mən onun nə dediyini soruşduqda dedilər: "Zeyd bizim yanımızdan keçdiyi zaman deyirdi: "Nökər Allahın bəndəsinin ağası olub."
Başqa rəvayətdə onun belə dediyi nəql olunur:
مَلِكَ عَبْدٌ حُرّاً
"Qul ağanın (azad insanın) sahibi olub." ("Biharul-ənvar", c.45, səh.117.) Sonra Zeyd ibn Ərqəm sözlərinə belə əlavə etdi:
یا مَعْشَرَ الْعَرَبِ! اَلْعَبیدُ بَعْدَ الْیَوْمِ، قَتَلْتُمُ ابْنَ فاطِمَةَ وَ أَمَّرْتُمُ ابْنَ مَرْجانَةَ، فَهُوَ یَقْتُلُ خِیارَکُمْ وَ یَسْتَعْبِدُ شِرارَکُمْ، فَرَضیتُمْ بِالذُّلِّ، فَبُعْداً لِمَنْ رَضِىَ بِالذُّلِّ
“Ey ərəb camaatı! Siz bu gündən sonra qulsunuz! Fatimənin (s.ə) övladını öldürdünüz və Mərcanənin oğlunu hakim etdiniz. O, sizin yaxşılarınızı öldürəcək, pislərinizi də özünə qul edəcəkdir. Sizlər xarlığa razı oldunuz. Xarlığa razı olanlar Allahın rəhmətindən uzaqdırlar!” (“Təbəri tarixi", c.4, səh.349.)
Seyid ibn Tavusun nəqlinə əsasən, bundan sonra İbn Ziyad İmam Hüseynin (ə) başını Kufənin küçələrində gəzdirmək göstərişini verdi. ("Məlhuf” (Lühuf), səh.203.)
Bəni-Üməyyənin Kərbəlada məğlub olmasının və İmam Hüseyn (ə), onun cəsur və vəfalı tərəfdarlarının qalib gəlməsinin ən yaxşı sübutu Aşura macərasından sonra bir-birinin ardınca baş verən və düşməni rüsvay edən, onların haqqı susdurmaq üçün daima haqq tərəfdarlarını ölümlə hədələyən bu kimi hadisələrdir. Hər gün bu zalım və qaniçən dəstənin əleyhinə Əhli-beyt (ə) aşiqləri tərəfindən yeni sənədlər təqdim edilirdi. Görəsən, İbn Ziyad, Zeyd ibn Ərqəmin məşhur səhabə olduğu halda, onun səhabə olmasını inkar edə bilərdimi? Allah Rəsulunun (s) əleyhinə bir söz deyə bilərdimi? Bunu etsəydi, bütün camaatı öz əleyhinə qaldırardı. Çarəsizlikdən onu ölümlə təhdid edib ona nalayiq sözlər söylədi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.579-581.)
/maide/