22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İbn Ziyadın Yezidə məktubu
16.09.2020

Übeydullah ibn Ziyad Yezidə bir məktub yazaraq onu İmam Hüseyn (ə) və tərəfdarlarının şəhadətindən xəbərdar etdi. Yezid məktubun məzmunundan xəbərdar olduqdan sonra Übeydullahın məktubuna cavab yazıb ona İmam Hüseynin (ə) və tərəfdarlarının başlarını əsirlərlə birlikdə Şama yollaması ilə bağlı göstəriş verdi. İbn Ziyad da şəhidlərin başlarını çöhrələrini ətraf şəhər və nahiyələrin camaatının gördüyü halda əsirlərlə birlikdə kafir şəhərlərin əsirləri kimi Şama yola saldı. ("Məlhuf” (Lühuf), səh.208.)


Şeyx Müfidin nəqlinə əsasən, əsirlər karvanını Kufədən yola saldıqları zaman, İbn Ziyad İmam Zeynəlabidinin (ə) əl-ayağına zəncir vurulmasına göstəriş verdi və onu bu şəkildə yola saldılar. ("İrşad", Müfid, səh. 477.)

وَ أمَرَ بِعَلِىِّ بْنِ الْحُسَيْنِ عليه السلام فَغُلَّ بِغُلٍّ إِلى‌ عُنُقِهِ‌

Nəzərə çarpır ki, Əhli-beytin (ə) Kufə və Şam səfərindəki müsibətləri Kərbəlanın müsibətlərindən də ağır oldu. Belə ki, İmam Hüseynin (ə) qadınlarını üzləri açıq (niqabsız) və qeyri-münasib geyimdə kişilərin arasında aparır və Allah Rəsulunun övladları ilə kafir şəhərlərin əsirləri kimi rəftar edirdilər.

Əgər bu hadisə Şeyx Müfid və Seyid ibn Tavus kimi şəxslərin mötəbər kitablarında qeyd olunmasaydı, ona inanmaq həddən artıq çətin olardı. Amma bu rəftarlar danılmaz bir həqiqətdir. Həmin alçaq, imansız və dünyapərəst insanlardan pak və məsum xanədana qarşı elə əzab-əziyyətlər baş verdi ki, onlara görə göylərin dağılmasının, fələyin çarxının dayanmasının, yerin dağılmasının, insanlar və cinlərin həmişəlik olaraq ağlar qalmasının yeri var idi. Bu, elə bir hadisə idi ki, hər bir vicdanlı insanın qəlbini titrədir və onu tükənməz bir qəm-kədərə düçar edirdi. Görəsən, müsəlman camaatın bu səhnələrə şahid olduğu halda, sakit qalmasına inanmaq olarmı? Bu səhnələri gördükləri halda, kufəlilər necə rahat yata bildilər?! Necə asudəliklə yaşayıb gülə bildilər?! Onların tarix boyu başlarını aşağı salmaları və hətta bir-birinin üzünə baxmamasının yeri var. Uf, bu imansız və vəfasız camaatın əlindən! (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.587-588.)

/Maide/