22 Noyabr 2024 - 22
...Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi. Bu, Peyğəmbərin qızı həzrət Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn. İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırır sinə vurudular. Onların dalınca bir yarım dairə şəklində iki addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə onlar yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər.
Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə məlum olmayan bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi doldururdu. Şeypurun cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan keçdilər. O biri bayraqda həzrət Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər gözlərimin qabağından çəkildi.
Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim.
Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey... Vaxsey...”.
Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir inadçılıq ifadə olunurdu.
Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey... Vaxsey...” – deyə bağırırdılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü. Mən bir məscidin həyətində oturmuşdum.
Ətrafımdakı adamların başlarında hündür fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi...
Yusif Vəzir Çəmənzəminli (Yazıçı)