23 Noyabr 2024 - 23
İnsanların bəzisi İmam Hüseyni (ə) görmək üçün o qədər muştaqdırlar ki, Ərbəin günündə uzun bir məsafəni yalın ayaqla Kərbəlaya tərəf gedir və özlərini İmamın (ə) hərəminə çatdırırlar.
Dostlarımdan biri nəql edir ki, 50 il bundan əvvəl Seyyidi-şühədanın (ə) hərəmində ziyarətlə məşğul idim. Anidən bir qoca kişi gördüm ki, üst-başı toz-torpaq içində hərəmə daxil oldu və zərihə tərəf gəlib, İmama (ə) belə xitab etdi: “Sərvətim yoxdur ki, onunla minik kirayə edim. Mənzilimdən bura qədər 40 fərsəx yoldur və sənin ziyarət eşqinlə bura yalın ayaqla piyada gəlmişəm. Kərbəlaya ilk dəfə gəlirəm. Buranın ünvanını bilmədiyimə görə başqalarından sənin hərəminin yerini öyrəndim. Kifayət qədər savadım yoxdur ki, ziyarətnaməni oxuyum. Amma, Hüseyncan! Qiyamət günü o qədər insanın içində səni tapa bilməzdim. Bura gəlmişəm sizə deyim ki, qiyamət günü özün mənim axtarışımda ol, əlimi tut və məni behiştdə öz yanında qərar ver!”. (Erfan)
O kəslər ki, İmamı (ə) ziyarət etmək üçün Kərbəlaya gəlirlər və Həzrətin (ə) müsibətinə göz yaşı tökürlər, Kərbəla şəhidlərinin böyük savabına şərik olarlar. Belə ki, İmamın (ə) ilk zəvvarı olan Cabir Ənsari Seyyidi-şühədanı (ə) ziyarət edəndən sonra buyurmuşdu: “Biz də bu mübarizədə, Peyğəmbər (s) nəslinə yardım etməkdə və onun yanında şəhid olmaqda şərikik”. Sonra Peyğəmbərdən (s) eşitdiyi hədisi Ətiyyəyə söyləyir və buyurur ki, Peyğəmbər (s) demişdi: “Hər kim bir qövmün əməlini sevərsə, həmin əməlin savabında onunla şərik olar”.
İmam Hüseyn (ə) zəvvarının niyyəti İmamın (ə) və onun səhabələrinin niyyəti ilə eynidir. İnsan bu niyyəti ilə nur karvanına qoşula bilər və bu böyük savabda İmam (ə) və davamçıları ilə şərik ola bilər.
O kəslər ki, İmam Hüseyn (ə) üçün rövzə və mərsiyə deyərlər, böyük məqama çatarlar. Bu insanlardan biri kəramət sahibi olan Hacı Ğulaməli Qəndi idi. O, mərsiyə deyən zaman heç kəs minbər başında onun kimi ağlayıb nalə çəkməzdi.
Ömrünün son günlərində dəstəmaz alıb qızını səsləyir və ona deyir: “Qızım, mənim yanımda əyləş və əlimi tut. Əlini sıxan zaman məni qaldır ki, vəfalı ağam İmam Hüseynə (ə) ədəbimi göstərim”. Qızı nəql edir ki, atamın yanında əyləşdim və əlini tutdum. Əlimi sıxan kimi onu yatağından qaldırdım və müşahidə etdim ki, atam ədəblə deyir: “Əssəlamu-əleykə, ya Əba Abdullah!”. Ondan sonra isə rahat can verdi”.
Deyerler.org