23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura fenomeni
03.12.2020

Kərbəla hadisəsi haqda bu günə kimi çox fikirlər irəli sürülüb. Kərbəla fenomeni metatarix və tarix, ümumbəşəri dəyərlər və milli mədəniyyət, sosioloji və irfani cəhətdən çox araşdırılıb və araşdırılmaqdadır. Günümüzdə belə qeyd olunan aspektlərdən bu hadisəyə qarşı təqdir və tənqidlər səsləndirilməkdədir. Maraqlısı budur ki, İmam Hüseynin (ə) Kərbəlası ilə bağlı bir çox mövzuların artıq müxtəlif baxış bucaqlarından incələnməsinə baxmayaraq, qeyri-təbii olaraq gündəmi zəbt etməyi bacarır. Ən azından buna görə İmam Hüseyn (ə) hərəkatına sıradan bir tarixi hadisə kimi yanaşmaq kökündən yanlışdır. Aşura tarixilikdən çıxıb, o artıq bir mifdir. Mif dedidkə, təbii ki, əfsanə deyil, mədəniyyətin irrasional qatını nəzərdə tuturuq. Hər bir mədəniyyət zahiri forması ilə yanaşı batini məzmuna (arxetiplər, miflər) da malikdir. Bizim hər il müşahidə etdiyimiz, barəsində danışdığımız, müzakirə etdiyimiz Aşura mərasimi əzadarlıq adlı mədəni fenomenin zahiri qatıdır. Lakin, bu fenomeni meydana gətirən, kütləvi şüurun alt qatından qaynaqlanan səbəblər də var ki, buna fikir verilmir.

Dünya çapında bu fikrə rast gəlinməsə də, bizim cəmiyyətdə “Aşura iki əmioğlunun taxt üstündə savaşı” idi deyimi var. İlk baxışdan bu fikrin tarixi əsası var. Kərbəlada iki qohum klanın – Bəni Haşimlə Bəni Üməyyənin tərəfdarları qarşılaşır. Lakin həmin iki cəbhə hansı dəyərlərin daşıyıcısı idi? Bu klanların hər ikisi “Hicazın şahı” ləqəbi ilə tanınan Qüsayədən törəyiblər. Qüsayə V əsrdə Məkkədə dövlətçilik üçün zəmin yaradan məşhur qəbilə başçısı idi. Hamıya da bəlli idi ki, gələcək dövlətin başına Qüsayə övladları keçməlidir. Lakin, Qüsayədən sonra onun nəsli Bəni Haşim və Bəni Üməyyə klanlarına bölünür. Ərəb şovinizmi, bu şovinizmdən doğan ənənəvi anemistik dini baxışlara sədaqət və özlərini ərəblərin aristokratiyası kimi görmək Bəni Üməyyəyə xas xüsusiyyətlər idi. Təbii ki, Qüsayə nəslinin digər qolu olan Bəni Haşim bu fikirləri bölüşmədiyi üçün Bəni Üməyyə onları özlərinə ən böyük rəqib və düşmən bilirdi. İslamın zühurundan sonra Həzrət Məhəmmədin (s) bütün səyləri şovinizmin bütün təzahürlərini sıradan çıxarmağa yönəldi. O, “mən də sizin kimi keçi sağan bir qadının oğluyam” deyib özünü başqaları ilə bir cərgəyə qoydu. Bəni Haşimdən olmasına rəğmən bu klanı digəriləri ilə eyniləşdirdi. Qureyş qəbiləsinin digər ərəb qəbilələri yanında imtiyazlarını ləğv etdi. Cənub və şimal ərəbləri, şəhərlilər və bədəvilər arasında bölgüyə son qoymağa çalışdı. Mədinəyə gəldikdə, yəhudi və xristianları müsəlman dövlətinin tamhüquqlu vətəndaşları elan etdi. Ərəblə əcəmin qardaşlığını bəyan etdi. Mədinədə peyğəmbər (s) fərqli sosial təbəqələrə mənsub olan insanları vahid amal ətrafında birləşdirdi. Məkkənin fəthindən sonra anti-müsəlman koalisiyasına başçılıq edən bu şəhərin əhalisini, xüsusilə də Bəni Üməyyəni əfv etdi. Peyğəmbərin (s) apardığı mücadilənin əsas sütununu Mədinə rəhbərlərinin təşkil etdiyini nəzərə alsaq, bütün bunlar qeyri-mümkün olmalı idi. Hətta makiavelist təfəkkürə görə, bunlar yanlış addımlar idi. Lakin, Həzrət Məhəmməd (s) bəşəriyyəti hansı dəyərlərə dəvət edirdisə, ona uyğun metodlardan da istifadə edirdi. O, keçici dövlət deyil, həmişəyaşar məktəb yaradırdı. Ərəb cəmiyyəti bəlkə də bu dünyagörüşünü mənimsəməyə hələ hazır deyildi, elə ona görə də qısa müddətdən sonra Bəni Üməyyə xilafətin başına keçir. Sanki, İslam peyğəmbəri (s) heç gəlməyibmiş kimi, ərəblərin milli dövlət quruculuğu öz axarı ilə davam etməyə başladı. Əməvi hökuməti şovinizmin bütün çalarlarını özündə əks etdirirdi. Bunun nəticəsində təbəqələşmə kəskinləşdi, Bəni Üməyyə timsalında aristokratiya formalaşdı, ərəblərin digər etnik qruplardan üstünlüyü elan olundu, qeyri dinlərin nümayəndələrinin vəziyyəti ağırlaşdı, cənub-şimal qütbləşməsi yarandı, xilafət xalqların zindanı olan bir imperiyaya çevirilirdi. Bütün bunlar sıradan tarixi bir proses idi, adi bir şovinizm ədalət və azadlıq adı altında cəmiyyətə təqdim olunurdu. Cəmiyyət də buna inanmaq istəyirdi deyə inanırdı, axı şovinizm sadəcə ifrat etnosentrizm deyil, eqoizmin ətraf aləmə inikasıdır. Peyğəmbər (s) isə ərəb tarixində epizodik personaja, ən yaxşı halda isə din islahatçısına çevirilməyə başladı. Onun təqdim etdiyi həyat tərzi, düşüncə səpkisi, amallar, bir sözlə yeni insan ideyası tədricən unudulurdu.

Peyğəmbərdən (s) sonra Əhli-Beytə (ə) mənsub olan imamlar cəmiyyətin seçiminə hörmətlə yanaşsa da, hadisələrin nə ilə nəticələnəcəyini gözəl anlayırdılar. Onlar bu prosesə kənardan bir müşahidəçi kimi baxıb biganə yanaşmasalar da, insanların azad seçiminə mane olan despotik addımlar da atmırdılar. Çünki, bu onların missiyasına, həyat fəlsəfəsinə zidd idi. Həzrət Əli (ə) demişkən: “Sanki boğazımda bir sümük var – nə uda, nə də çıxarda bilirəm”. Onların əsas işi cəmiyyəti daim ekzistensional bir seçimlə təmin etmək idi. Lakin, şovinist bir xalq Allahı şovinistləşdirməyə, tiran sülalə isə Allahı tiranlaşdırmağa cəhd edəndə bu seçim itməyə başladı. Artıq ərəb imperiyasının ideologiyası Peyğəmbər (s) məktəbinin protezinə çevirilməkdə idi. Məhz ekzistensional seçim şansını yenidən bərpa etmək üçün İmam Hüseyn (ə) Kərbəlanı yaratdı. Kərbəla ekzistensional seçim imkanı idisə, əzadarlıq bu seçimin nümayişidir. Bu hansısa siyasi aksiya yaxud dini ritual deyil, ölümə məğlub həyatla ölümə qalib həyat arasında bir seçimdir.

Kərbəlada hər iki cəbhədə ən yaxşı insanlar üz-üzə gəlmişdi. Bəli, ən yaxşı… Yezid qoşununun böyük əksəriyyəti Kufənin adlı-sanlı, əsil-nəcabətli, ədəbli və imanlı sayılan insanlarından ibarət idi. Lakin, onları Kərbəlaya gətirən bu yaxşılığın arxasında gizlənən cılızlıq, tamahkarlıq, cəhalət və təkəbbür idi. Ona görə də bu qoşunda bütün mənfi arxetiplərə rast gəlmək olurdu. Saxta iman, saxta ideyalar, saxta həyat eşqi, saxta insansevərlik, saxta millətsevərlik, bir sözlə hər şeyin saxtası bu orduda cəmləşmişdi. Onlar qəribə psixoloji hal yaşamaqda idilər, sanki istəmədən Kərbəlanın mənfi qəhrəmanlarına çevrilirdilər. Həqiqətən də onların Yezid tərəfdə yer almaları qeyri-səmimi və sönük həyatlarının məntiqi sonluğu idi. Onlar mənasız yerə südəmər körpəni qətlə yetirəcək, cəsədlər üzərində at çapacaq, yaxşılıq görəndə paxıllıqlarından od püskürəcək, hətta bir-birinin qanını içəcək qədər rəzil insanlar idi. Və Kərbəla hadisəsi dinlə pərdələnmiş bu rəzilliyi üzə çıxardı.

Bütün bunlar bizim cəmiyyətin bu günü ilə nə dərəcədə əlaqəlidir? Yuxarıda yazılanlar günümüzdə nə qədər aktualdır? Bizim həm fərdi, həm ictimai rifah və tərəqqi yolumuz mədəni kimliyimizdə kodlaşdırılmış arxetiplərdən, yaşatdığımız mifik obrazlardan asılıdır. Eyni zamanda qlobal bir dünyada mədəni transformasiyalar qaçılmazdır, şübhəsiz. Anlaşılmazlıq və münaqişə də bundan yaranır – mədəniyyətin forması ilə məzmunu arasında uyğunsuzluqdan. Zahirən mütərəqqi formalar heç də həmişə mütərəqqi məzmundan doğmur və əskinə. Bir sıra cəmiyyətlərin elmi-texniki inkişafı həyat eşqindən deyil, həyat sönüklüyündən doğur. Həyatı bütün gözəlliyi ilə zəngin və dolğun yaşaya bilməyənlər, çalışırlar ki, onu kənar bər-bəzəklərlə yükləsinlər. Bu isə saxtakarlıqdan və insanı daha ağır psixoloji duruma salmaqdan başqa bir şeylə nəticələnmir. Bu əyləncə vasitəsilə yoxluq acısını unutmaq cəhdidir. Bu ölümə meyillənmədir – həyatı bioloji mövcudluğa, eşqi cinsi münasibətə, ədaləti saysız-hesabsız qanunlara, azadlığı sərgərdanlığa, əxlaqı ruhsuz təbəssümə, elmi məlumat toplusuna, insanı heyvana, ailə və ictimai bağlılıqları artıq yükə bərabər tutan bir yoldur. Bundan sonra nə gələcək? Yoxluq. Bu Kərbəlada zahirən qələbə çalan Yezid qoşununun həyat məntiqi idi.

İmam Hüseyn (ə) qoşununun məntiqi ömür adlı qısa bir şansı bütün dolğunluğu ilə yaşamaq və nəticədə ölümə qələbə çalmaqdan ibarət idi. Bu kiçik dəstə də müxtəlif arxetiplərdən ibarət idi. Bu düşərgədə zəngin tacir, məşhur alim, adlı-sanlı ağsaqqal, qaradərili qul, yeni ailə qurmuş cütlük, yeniyetmə və uşaqlar, müxtəlif millət və qəbilələrin nümayəndələri eşq atəşində yana-yana elə yaşayırdılar ki, düşmən ordusundan bəziləri özlərini bu alova atmaq üçün tələsdilər. Böyük ordunu tərk edib xəcalətdən boynu bükük halda onlara tərəf gələnləri bu kiçik dəstə: “Başınızı uca tutun!” – deyib qarşılayırdı. Hansı məntiqlə böyük ordunu tərk edib ölümə məhkum bir dəstənin tərəfinə keçmək olar? Onları cəzb edən düşməni belə ağuşa ala bilən həyat hərarəti, ölümü və əsirliyi baldan da şirin bir həzzə çevirmək gücündə olan, pislikləri yandırıb-yaxan eşq cazibəsi idi. Günün istisini, susuzluğu, 30 minlik vəhşi yırtıcının mühasirəsini, bir sözlə təbii və qeyri-təbii məhdudiyyətləri yaracaq qədər aşıb-daşan həyat gücü zərrəcə vicdanı olan hər kəsi öz təsirinə alırdı. Bu cəmiyyət sərvətin və ictimai statusun əhəmiyyət kəsb etmədiyi bir cəmiyyət idi. Hamının bir-biri ilə mehriban olduğu, bir-birini sevdiyi, bir-birinə qarşı fədakar olduğu bir mühit bu cəmiyyətə hakim idi. İmam Hüseynin (ə) təşkil etdiyi bu “çadır şəhərciyi” zaman və məkan çərçivəsini aşan gələcək nəsillərə örnək ola biləcək bir cəmiyyət modeli idi əslində. Bu şəhərciyin sakinlərinin şübhə və tərəddüdlərə yer verməyən aydın düşüncəsi, həyatın özündən, sadəcə var olmaqdan aldıqları sonsuz ləzzət, başıucalıq və ləyaqəti onları dünya və axirət qayğısından azad edə bilmişdi. Onları ancaq həyat eşqi birləşdirirdi: kamil insanla birlikdə yaşanan həyatın eşqi. Bu eşqi dadmaq üçün bütün çətinlikləri, bəlaları könül xoşluğu ilə qəbul etməyə dəyərdi. Və maraqlısı da budur ki, bu insanlar idealist kimi görünsələr də, əslində ən böyük praqmatik idilər, zənnimcə. Nə bilmək olar, bəlkə də bəşəriyyət bu gün belə bir yaşam tərzi axtarışındadır və Kərbəla hadisəsi də məhz bu səbəbdən aktuallığını qoruyub saxlayır. Bu sualın cavabını zamanın axarına buraxaq.

/Hacishahin.az/