23 Noyabr 2024 - 23
Səbəbləri hər nə olsa da, nəticələri hər necə alınsa da, Kərbəla vaqiəsindən günümüzə ötürülən bir çox dəyərli, işıqlı cəhət var. Onlardan biri də budur ki, son anda imkan əli hər yerdən, hər kəsdən üzülən, amanı kəsilib dünya başına dar edilən, bircə içim suya da dodağı çatmayan bəşər övladı (öz İnandığının, İnancının sayəsində, mənəvi-ruhani gücünün hesabına, canının bahasına!) labüd, faktiki məğlubiyyətini əbədi qələbəyə çevirə, mənzil-qərargahını isə odlu, tozlu səhradan "Hədiqətüs-süəda"ya – "Xoşbəxtlər bağçası"na dəyişə bilər. İndi qəbul, ya inkar olunsun, təqdir, ya tənqid edilsin, az, yaxud çox sayılsın, nə fərqi var: 13 əsrdir, on milyonlarla insan hər il Kərbəla vaqiəsini həm matəm duyğularıyla, həm də qürur hissilə anır. Beləliklə, həm müsəlman aləminin, həm də bütün dünyanın qalan qismi də, istər-istəməz, o amansız qırğını yada salmalı olur...
Seyfəddin Hüseynli - Esseist