21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə) sülh və ədalət qurmağın ən yaxşı nümunələridir
19.12.2020

Cənubi afrikalı katolik kardinal Kristofer Klohsi İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə) sülh və ədalət qurmağın ən yaxşı nümunələri olduğunu bildirib.

Qüds Rəzəvi ostanının elmi və mədəni qurumu və qurumun İslami təhsil fondu ilə 12 İmam (ə) Müəllimlər Beynəlxalq Federasiyası birgə təşkil etdiyi “Ərbəin gözəllikləri dinlərin gözü ilə” adlı virtual seminara qatılan cənubi afrikalı katolik kardinal Kristofer Klohsi çıxışında bunları deyib: “Əgər sülh istəyirsinizsə, ədalətin təmin olunması üçün səy gəstərilməlidir. Dindarlar daima bu ədalətə çatmaq üçün çalışırlar.

İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə) sülh və ədalət qurmağın ən yaxşı nümunələridir, çünki İlahi yardımla böyük müharibədə iştirak etdilər və sülh və ədalət uğrunda mübarizə apardılar. Həzrət Zeynəbin (s.ə) Kufədə və yenə Yezid Sarayında oxuduğu xütbələr və etdiyi çıxışlar elminin genişliyini əks etdirirdi. Kərbəla meydanı bəşəriyyət üçün bir çox dərsi ehtiva edir.

“Ma rəəytu illa cəmilə” Aşura hadisəsi ilə bağlı ən gözəl ifadə və ən güclü fikirdir və Aşura hadisəsini həqiqətən ən yaxşı şəkildə ifadə edən söz bu cümlədə xülasə edilmişdir”.

Həzrət Fatimə (ə) haqqında bir neçə əsərin müəllifi olan cənubi afrikalı katolik kardinal çıxışının davamında Xanım Zeynəbin (s.ə) Kufə xalqına xitablarına toxunaraq, bunları söyləyib: “Həzrət Zeynəb (s.ə) ilk çıxışına Allaha həmd edərək başladı və sonra peyğəmbərləri Həzrət Məhəmmədin (s) nəvəsini şəhid edən və Seyyiduş Şühədanın pak sülaləsinin əsirliyinə zəmin hazırlayan qövmü məzəmmət etdi. İbni Ziyad (lən.) Kərbəla hadisəsindəki qələbələrindən ötəri təşkil etdiyi və Kərbəla əsirlərini gətirdiyi məclisdə Həzrət Zeynəbə (s.ə) müraciət edərək belə dedi: “Həmd olsun Allaha, sizi rüsvay etdi və dedikləriniz səhv oldu”. Lakin bu böyük qadın İbn Ziyada belə bir cavab verdi: “Həmd olsun Allaha, bizi Allah Rəsulunun sülaləsindən etdi və bizi bütün pisliklərdən təmizlədi”.

Cənubi afrikalı katolik kardinal belə davam edib: “Xanım Zeynəb (s.ə) bütün Əhli-Beytin (ə) nümayəndəsi olaraq bu sözlərlə İbn Ziyada və dostlarına ən sarsıdıcı cavabı verdi və nəticədə onlara ölümcül bir zərbə vurdu”.

Deyerler.org