21 Noyabr 2024 - 21
Şair Faiz (XIX əsr) - Azərbaycan şairi.
Bu dəşti-bəla Kərbü-bəladır, bacı Zeynəb!
Mədfəndi mənə, ruhi-Minadır, bacı Zeynəb!
Məqsudə bu çöldə yetişər ləşkəri-üdvan,
Eylərlər Əli-Əkbərimi qanına qəltan,
Verrəm həm Əli-Əsğərimi Xaliqə qurban,
Əsğər rəhi-Cananda fədadır, bacı Zeynəb!
Abbasıma düşmən əl açar dəstə-bədəstə,
Eylərlə(r) qələm qollarını burda su üstə,
Şəhbazsifət şəhbərin eylərlə(r) şikəstə,
Bu çöldə olur hər nə cəfadır, bacı Zeynəb!
Tökmə üzə göz yaşı, bacı, gəlmə fəğanə,
Döndərmə məlal ilə dolan könlümü qanə,
Ahınla şərər salmaginən böylə cahanə,
Mən ölməmiş axır nə əzadır, bacı Zeynəb?!
Bu çöldə gələ başıma hər zülm, rizayəm,
Mə'buda müt'iyəm, bacı, təslimi-qəzayəm,
Ə'van ilə, ənsar ilə mən dinə fədayəm,
Qatil mənə ol Şümri-dəğadır, bacı Zeynəb!
Mən görmərəm əsla, bacıcan, bir də Mədinə,
Zülm ilə məni öldürəcək ləşkəri-kinə,
Ol vaxta tökər arizə göz yaşı Səkinə,
Var haqqı, o dəm cayi-nəvadır, bacı Zeynəb!
Ey bacı, sınar zülmi-sitəmlə pərü-balım,
Talanə bu səhrada gedər cahi-cəlalım,
Qolbağlı gedər Şama mənim əhli-əyalım,
Yox çarə, bu bir böylə qəzadır, bacı Zeynəb!
Faiz, üzə tök əşkivi, qıl nalə dəmadəm,
Bu Şaha tutub əhli-cahan cümləsi matəm,
Bu misrəyi-vird eyləginən ba dili-pürğəm,
Bu dəşti-bəla Kərbü-bəladır, bacı Zeynəb!
Şair Faiz