21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Tarixdə İmam Hüseyn kimi ikinci şəxsiyyət yoxdur...
04.01.2021


Xilafət dövründə ərəblər girdikləri döyüşlərdə münbit və yararlı torpaqları xilafətin mülkü edir, məğlub etdikləri tərəfin bütün əmlakını ələ keçirərək müsadirə edir, öz mülkiyyətinə daxil edirdilər. Kərbəla hadisəsində isə xilafətin qoşunu, qarşı tərəfin əmlakı olan və o dövrdə ordu üçün xüsusi əhəmiyyət kəsb edən çadırları və onun içindəki məişət əşyalarına nəinki qənimət olaraq əl qoymur, hətta yararsız hala salınması məqsədilə yandırırlar. Bu hadisə kimlər üçünsə ilk baxışdan adi hal kimi görünə bilər. Lakin şərqşünaslar, ərəb mədəniyyəti mütəxəssisləri üçün isə araşdırılması vacib, əhəmiyyətli bir tarixi hadisədir. Bu hadisə üzərində aparılmış tədqiqatlardan əldə olunan nəticə isə olduqca maraqlıdır. Yüzlərlə tanınmış sima Hüseyn ibn Əlinin hakimiyyəti idarə etmək və onları xəlifənin zülmündən xilas etməsi üçün İraqın Kufə şəhərinə gəlməsini xahiş edən, onun ətrafında sıx birləşəcəklərini özündə əks etdirən məktub ünvanlamalarına baxmayaraq, siyasi ikiüzlülük edərək qarşı tərəfin ön sıralarında dayansalar da bir müddət öncə Hüseynə ünvanladıqları xilafət əleyhinə məktubların xəlifənin əlinə keçməsindən və xilafətə qarşı üsyanda suçlanacaqlarından çox narahatlıq keçirirdilər. Məhz buna görə də Hüseynin qətlindən sonra çadırlara basqın edərək, bir vaxt altından imza atdıqları həmin məktubları axtarmağa başladılar. Müsbət nəticə əldə edə bilmədikdə isə içindəki əşyaları ilə birlikdə çadırlara od vurdular ki, ələ keçməsi ehtimal olunan maddi sübutlar məhv olsun. Lakin hadisə şahidlərinin ifadələrindən görünür ki, hadisədən bir gün öncəki gecə, həmin məktubları xəlifənin əlinə keçməməsi üçün Hüseyn özü yandırmışdı. O, bunun əksini də edə bilərdi. Məsələn, məktubları xəlifəyə göndərə və bununla da bir neçə gün sonra ona qarşı döyüşəcək düşmən tərəfin nümayəndələrinin iç üzünü aça bilərdi. Məncə tarix boyu öz düşməninə qarşı haqsızlıq edəcəyindən ehtiyat edən ikinci belə bir şəxsiyyət yoxdur.

Əli Rzazadə

Kerbela.info