21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əhli-eşqin pürbəhası iftixarımsan, Hüseyn,
11.01.2021


Əhli-eşqin pürbəhası iftixarımsan, Hüseyn,
Zikri-ismin izzü şövkətdir – vüqarımsan, Hüseyn.

Sən müsibət dasitanın qəhrəmanlıqla yazan,
Sərvəri-əhli vəfasən, tacidarimsan, Hüseyn.

Bəzmi-fəzlin sahibi sənsən, sənindir bəxşi-lütf,
Geydirən matəm libasın bəxşidarımsan, Hüseyn.

Çağlayan əşgim məni məhfuz qılır hər qüssədən,
Çün axan hər damlasında sən fikarımsan, Hüseyn.

Kərbəladə dini-İslamın açılmış gülləri,
Dinə can bəxş eyləyən fəsli-bəharımsan, Hüseyn.

Cəm edən dünya malın qafil olub, yoxsul köçüb,
Neylirəm dünyanı mən, sən çünki varımsan, Hüseyn.

Həqq kim etmiş nəsibim çox inayət – var səbəb,
Hər dua əvvəl sözümsən – etibarımsan, Hüseyn.

Gər sığınsam sayənə, heç bir külək yıxmaz məni,
Cümlə aləmlər ara möhkəm hasarımsan, Hüseyn.

Kim çıxıbsa zülmə qarşı, ismin olmuş əzbəri,
Zülm əlindən çün bezaram kim, şüarımsan, Hüseyn.

Puç olan dünyanı atdım gəldim ey candan əziz,
Çünki səndən keçmərəm – mütləq qərarımsan, Hüseyn.

Şahin Qurbanov

Kerbela.info