21 Noyabr 2024 - 21
Təxminən 16-17 il əvvəl Azərbaycan Dövlət Televiziyasında dublyaj redaksiyasında işləyəndə bizim səs rejissorumuz Arif müəllim Kərbəladan təzə gəlmişdi və mənə bir üzük bağışladı. Mən üzüyü barmağıma taxarkən maraqlandım ki, onun üzərində nə yazılıb. Dedi ki, İmam Hüseynin adı yazılıb. Və mən İmam Hüseynin tarixi və həyatı ilə maraqlanmağa başladım. Əlbəttə bilirdim, uşaqlıqdan hamımız Məhərrəmlik, Aşura haqqında eşitmişik. Maraqlanmağa başladım ki, Məhəmməd peyğəmbərin nəvəsi, Həzrəti Əlinin və Həzrəti Fatimənin 2-ci övladı, İmam Həsənin qardaşı necə oldu qətlə yetirildi, kimlər onu qətlə yetirdi... Və onun əzmkarlığına, onun şücaətinə, ölüm qarşısında haqqı, ədaləti üstün tutmasına, necə əzmkarlıqla ölümə getməsinə, o mübarizliyə heyran oldum.
Ona görə də illər keçsə də bu şücaət, bu əzmkarlıq, bu mübarizlik unudulmur və onun yolunu Azərbaycan xalqının övladları davam etdirir. Tovuz döyüşlərində generalımız Polad Həşimovun necə şəhidlik zirvəsinə ucaldılması buna parlaq nümunədir. Ölümündən bir neçə gün əvvəl yazısında bildirib ki, biz şəhid İmam Hüseynin ardıcılıyıq.
İmam Hüseyn qəhrəmanlıq, şücaət, doğru əqidə rəmzidir və bugünkü gənclərimizə ən parlaq örnəkdir.
Həmidə Ömərova
Kerbela.info