21 Noyabr 2024 - 21
Həzrəti Hüseynə məktub.
Salamlar olsun sənə ey şəhidlər ağası, aşiqlər aşiqi, Muhəmmədin nəvəsi, Əlinin oğlu Hüseyn.
Mənim sənə olan rəğbətim təkcə sevgiylə, eşqlə bitməz, bu onsuz da tükənməzdir.
Mən səndə olan bütün insani keyfiyyətlərə məftun olub, onu özümdə cəm etmək istərdim. Amma fikirləşirəm ki, görəsən o ləyaqət məndə ola bilərmi!?
Yenə də ruhdan düşmədən cəhd edirəm ki, zərrə də olsa səndə olan eşqə nail olum mən. Nə isə, cəhd edirəm.
Ağlıma bir iş görmək gəldi, sənin bir məqamını öz peşəmlə məruf edim. Girdim bu meydana. Şükürlər olsun Allaha ki, öhdəsindən gəldik, bu işdə bizə kömək göstərənlərə Allah yar olsun.
Amma ya Hüseyn, bir qüssəm var ki, o məni pərişan eləyir. Sənin adınla danışanların çoxu, səndən bixəbər imiş. Sənin adınla var dövlət yığırlar, yalandan ağlayırlar, şer yazıb, mahnı oxuyurlar, maşınlarına sənin adını yazırlar, əşii nə desən edirlər, ancaq səni tanımırlar. Səni tanıyan millətin torpağı getməz. Səni tanıyan millətin şəhrinə bidət girməz. Səni tanıyan xəlqin əxlaqı naqis olmaz. Eybi yox, özləri bilər Allahlarıyla. Ancaq dərd o da deyil, dərd odur ki, bu məqamlarda da vəhdət görə bilmədim, axı siz - 14 məsum o vəhdəti bizlərə vacib bildiz, biz isə onu hələ də əldə edə bilmirik, nəfsimiz imkan vermir. 14 əsrdir ki, zülmdəyik. Bəs, Ya Hüseyn, bu ümmət nə vaxt vəhdət tapacaq?
Azərbaycan kinorejissoru, Azərbaycanda ilk dəfə olaraq Kərbəla hadisələrindən film çəkən.