23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əbülfəzlin və Zeynəbin İmam Hüseynə (ə) sədaqəti qardaşa sevgidən deyil, İlahi bəsirətdən qaynaqlanırdı
26.01.2021

Qurani-Kərimdə buyurulur: "(Ya Peyğəmbər,) de: «Bu, mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm»". ("Yusif" 108).

Bəsirət - ərəb sözüdür ki, mənası elm, ibrət, hüccətdir. Quran maarifində isə batini idrak və ürək halıdır. Bəsirət - ibrətin bir növüdür və zahirdən batinə keçməkdir.

Dini bəsirət dedikdə isə elmlə fərqli olan bir şey nəzərdə tutulur. Lakin elm bu cür bəsirətin zəminəsidir. Baxmayaraq ki, hər bir insan ağıl, təcrübə, ürfani şühud vasitəsilə bəsirət əldə edə bilər, lakin heç bir zaman ağıl İlahi övliyaların bəsirətini əldə etməkdən ehtiyacsız deyildir.

İmam Əli (ə) rəbbani alimləri təsvir edərkən buyurur: "O insanlardır ki, elm onlara hücum etmiş və onlara tərəf gəlmişdir. Nəticədə bəsirətin həqiqətini tapmışdılar".
Həqiqətdə elm ürəklərində elə bir nur yaratmışdır ki, şölə saçmağa başlamış və ürəklərini ali hədəflərə doğru hidayət etmişdir. İmam Sadiq (ə) buyurur: "Elm elə bir nurdur ki, Allah elə bir insanın ürəyinə salar ki, onu hidayət etmək qəsdinə malikdir".

Hədislərdə oxuyuruq ki, Əbülfəzl Abbas da dini bəsirətə malik bir insan idi. İmam Sadiq (ə) buyurur: "Əmimiz Abbas bəsirətə və möhkəm imana malik idi".

O, qardaşının bayrağı altında vuruşdu və özünü bu yolda qurban verdi. Böyük İlahi imtahanı ən gözəl şəkildə verdi. İmam Hüseynin (ə) bütün tərəfdaşları bəsirətə malik insanlar idilər. Lakin Əbülfəzl Abbasın (ə) bəsirəti daha böyük idi. Dərin elmi ilə gizli pərdələri qaldırar və həqiqətin dərinliklərinə nüfuz edərdi. O, maddi təbiət pərdələrindən xilas olmağı bacardı və dini bəsirətin ən ali məqamına çatdı. Əbülfəzl Abbasın (ə) bəsirəti o qədər güclü idi ki, İmamın (ə) bayrağını daşımaq kimi böyük məsuliyyət ona tapşılırdı. İmam Hüseyn (ə) Əbülfəzl Abbası (ə) belə çağırardı: "Qardaşım, canım sənə fəda olsun!".

Əbülfəzl ağa (ə) Aşura gecəsində ilk insan idi ki, qardaşı ilə beyətini təzələdi. O, demişdi: "Səni heç bir zaman tərk etməyəcəyəm. Səndən sonra sağ qalım? Allah belə bir günü heç bir zaman gətirməz". Aydındır ki, bu sözlərin arxasında ancaq qardaşlıq sevgisi gizlənmir. Həzrət Abbas (ə) bu sözləri dini bəsirəti nəticəsində deyir. İmam Sadiq (ə) buyurur: "Şəhadət verirəm ki, Peyğəmbərin (s) canişininə görə təslim məqamında idin. Həzrəti təsdiq etdin və ona vəfa və xeyirxahlıq etdin". Bu, elə bir sifətdir ki, ancaq bəsirət əhlinə aiddir.

Şimr (lən) bu iki əziz qardaşı bir-birindən ayırmaq üçün amannamə fitnəsini salanda Abbas susdu və qardaşına nəzər saldı ki, nə əmr verəcəkdir. Nəhayət İmam Hüseyn (ə) buyurdu: "Cavabını verin, baxmayaraq ki, fasiqdir". O zaman Əbülfəzl ağa (ə) xeymədən bayıra çıxdı və Şimrin (lən) gətirdiyi amannaməyə görə ona tənə edib, dedi: "Allah sənə və amanına lənət etsin. Bizə aman verirsən, amma Peyğəmbərin (s) övladı amanda olmasın? Bizə əmr edirsən ki, sərvərimiz, Fatimənin (s.ə) oğlu Hüseyni (ə) tərk edək? Məlunların itaətinə keçək?".

Kərbəla səhnəsində qadınlar arasında ən böyük bəsirətə malik olan insan – Həzrət Zeynəb (s.ə) idi. Aşuranın qanlı hadisələrində Allahın təqdirinə razı olmaq və təslim olmaq, bu böyük xanımın bəsirətindən irəli gəlirdi. Xanım Zeynəb (s.ə) Aşura səhnəsində qardaşının qanlı bədənini əli ilə qaldırdı və buyurdu: "Allahım, bu qurbanı bizdən qəbul et!".

Dinin nəzərinə görə bəsirət - batini gözdür ki, insana İlahi işləri dərk etməkdə yardım edir. İnsan o qədər yüksəlir ki, həyatın adi işlərində İlahi rəng görür. Fitnə və fəsaddan tək nicat yolu – dini bəsirətə malik olmaqdır.

ahlibeyt.az/kerbela.info