21 Noyabr 2024 - 21
Əziz və möhtərəm qardaş və bacılar, Sizləri zəmanənin İmamı olan Həzrət İmam Məhdinin (ə.f) mövludu münasibəti ilə təbrik edirik!
Bəziləri belə bir şübhə atırlar ortalığa ki, guya İmam Həsən Əsgərinin (ə) övladı olmayıb və deməli, onun canişini olmamışdır. Bu iddialar kökündən yalandır. Özü də qərəzli yalandır. Bu məqalədə məqsədimiz bu şübhəyə cavab vermək və siz əzizlərin bayram günlərində Zəmanə İmamınızın (ə.f) varlığının olmasını nəqli dəlil və sübut əsasında görməyinizdir.
Mövzu ilə bağlı qeyd edəcəyimiz hədislərin sənədlərinin mötəbər olmasını Əhli-Beyt (ə) məktəbinin alimləri təsdiqləmişlər. Məqalə bir az uzun olsa da, lakin Zəmanə İmamının (ə.f) varlığının hədislərlə sübut olmasını yaxından tanımaq üçün oxumağa dəyər.
İndi isə keçək mübarək hədislərə.
Məhəmməd ibn Əli ibn Bilal belə nəql edir: "Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) vəfatından iki il əvvəl mənə özündən sonra olan canişini barəsində xəbər vermişdi. Sonra vəfatından üç gün əvvəl də canişini barəsində mənə ondan xəbər yetişdi".
Əbu Haşim Cəfəri nəql edir: "Əbu Muhəmmədə (ə) (İmam Həsən Əsgəriyə) ərz etdim: "Sizin əzəmət və cəlalınız sizə sual verməkdən məni çəkindirir. İcazə verirsinizmi sizə bir sual verim?".
İmam Həsən Əsgəri (ə) buyurdu: "Buyur, soruş!".
Ərz etdim: "Ey mənim seyyidim, sizin oğlunuz varmı?".
Buyurdu: "Bəli, var".
Dedim: "Əgər sizə nəsə olsa, biz suallarımızı harada ondan soruşaq?".
Buyurdu: "Mədinədə".
(Mənbə:"Üsuli-Kafi", 1/328, “Hüccət “kitabı, 76-cı bab, hədis 1-2)
Məhəmməd ibn Bilal – güvənilən ravidir və İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.
Əbu Haşim Cəfəri – güvənilən ravidir və İmam Rzanın (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.
Müaviyə ibn Həkim, Muhəmməd ibn Əyyub ibn Nuh və Muhəmməd ibn Osman əl-Amiri (Allah ondan razı olsun) deyiblər: "Biz qırx nəfər Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) evində idik. O, övladını bizə göstərdi və dedi: "Bu, məndən sonra sizin İmamınız və üzərinizdəki xəlifəmdir (canişinimdir). Ona itaət edin. Məndən sonra dininizdə təfriqəyə düşməyin, yoxsa həlak olarsız. Bilin ki, bu gününüzdən sonra onu görməyəcəksiniz"”.
Dedilər: "Yanından çıxdıq və bir neçə gün keçdikdən sonra Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) dünyasını dəyişdi".
(Mənbə: Şeyx Səduq, "Kəməlud-din", bab 43, hədis 2)
Gördüyümüz kimi, İmam Həsən Əsgəri (ə) öz canişinini – yəni İmam Məhdini (ə.f) öz əshabına göstərmişdir. İmam Həsən Əsgərinin (ə) “Bilin ki, bu gününüzdən sonra onu görməyəcəksiniz” deməsi, İmamın (ə.f) qeyb olma məsələsinə işarədir.
Əhməd ibn İshaq ibn Səd əl-Əşəri deyib: "Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum. Ondan özündən sonrakı canişin barədə soruşmaq istəyirdim.
Özü sözə başlayaraq, buyurdu: "Ey Əhməd ibn İshaq, Allah Təbərakə və Təala, nə Adəmin (ə) dövründən bu yana Yer üzünü məxluqat üzərində hüccət olmadan boş qoymuşdur, nə də Qiyamət qopanadək boş qoyacaqdır.
Onun sayəsindədir ki, bəlanı yer sakinlərinin üzərindən dəf edir. Ona görədir ki, yağış yağdırır və yer üzünün (nemət və) bərəkətlərini çölə çıxarır".
Mən dedim: "Ey Allah Rəsulunun (s) oğlu, səndən sonra İmam və canişin (xəlifə) kimdir?".
O, (ə) tələsik ayağa qalxdı, evə daxil oldu, sonra çiynində üç yaşlı bir oğlan uşağı ilə qayıtdı. Onun üzü on dörd gecəlik Ay kimi parıldayırdı.
Buyurdu: "Ey Əhməd ibn İshaq, əgər Allah dərgahında və hüccətlərinin yanında xətir-hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. O, Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir. O, elə bir kəsdir ki, Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq və ədalətlə dolduracaqdır".
“Ey Əhməd ibn İshaq, onun məsəli bu ümmət arasında Xızır (ə) və Zülqərneyn kimidir. Allaha and olsun ki, o, elə bir şəkildə qeybə çəkiləcək (onun elə uzun bir qeyb dövrü olacaqdır) ki, həmin zaman ərzində yalnız o kəs həlak olmaqdan qurtuluş tapacaq ki, Allah əzzə və cəll onu imamət inancında sabitqədəm və fərəcin tezləşməsi üçün duada müvəffəq etmişdir"”.
Əhməd ibn İshaq deyir: "Dedim: "Ey mövlam, bir nişanə varmı ki, qəlbim onunla xatircəm olsun?".
O uşaq (ə) fəsahətli ərəb dilində danışaraq, buyurdu: "Mən – Allahın Yer üzündə Onun (gizli) saxladığı (Bəqiyyətullah) və düşmənlərindən intiqam alanam. Ey Əhməd ibn İshaq, gördükdən (və müşahidə apardıqdan) sonra əlamət axtarma!"”.
Əhməd ibn İshaq deyir: "Mən şad-xürrəm halda çölə çıxdım. Həmin günün sabahısı onun (İmam Həsən Əsgərinin) yanına qayıdıb, dedim: "Ey Allah Rəsulunun (s) oğlu, mənim boynuma qoyduğun minnətin sayəsində şadlığım çoxdur. Bəs (de görüm) onun barəsində baş verəcək Xızır və Zülqərneynin malik olduğu bənzərlik (sünnət) nədir?".
Buyurdu: "Ey Əhməd, uzunmüddətli qeybdir".
Dedim: "Ey Allah Rəsulunun (s) oğlu, onun qeybi uzun çəkəcəkdir?".
Dedi: "Rəbbimə and olsun ki, belədir. O yerə qədər ki, ona inananların çoxu (dindən) dönəcəklər. Yerdə qalan yalnız o kəsdir ki, Allah əzzə və cəll ondan vilayətimiz üçün əhd-peyman almış, qəlbində iman yazmış (qoymuş) Özü tərəfindən bir ruh vasitəsilə onu dəstəkləmişdir. Ey Əhməd ibn İshaq, bu, Allahın əmrindən olan bir əmr, Onun sirrindən olan bir sirr, qeybindən olan bir qeybdir. Buna görə də sənə verdiyimi götür, onu gizli tut, şükür edənlərdən ol ki, sabah illiyyunda (Cənnətin ən ali mərtəbəsində) bizimlə birlikdə olasan"”.
(Mənbə :Şeyx Səduq, "Kəməlud-din" bab 38, hədis 1)
Əhməd ibn İshaq ibn Səd əl-Əşəri – güvəniləın ravi və İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.
Osman ibn Səid əl-Amiri belə nəql edir: "Əbu Muhəmməd Həsən ibn Əlidən (ə) (İmam Həsən Əsgəridən) atalarından (ə) rəvayət olunan: "Yer üzü Qiyamət gününədək – Allahın məxluqatı üzərində hüccəti olmadan boş qalmayacaqdır" və "Kim zəmanının İmamını tanımadan ölsə, cahiliyyət (dövrünün) ölümü halında ölmüşdür" xəbəri haqqında soruşdular. Mən də onun yanında idim.
O, (ə) belə dedi: "Bu, gündüzün bir həqiqət olduğu tək həqiqətdir".
Ona (ə) dedilər: "Ey Allah Rəsulunun (s) oğlu, səndən sonra İmam və hüccət kimdir?".
Buyurdu: "Məndən sonra İmam və hüccət – oğlum Muhəmməddir (yəni, İmam Məhdidir). Kim onu tanımadan (və imamlığını qəbul etmədən) ölsə, cahiliyyət halında ölmüşdür. Bilin ki, onun bir qeybi vardır ki, cahillər orada çətinliyə düşəcək, batilə uyanlar həlak olacaq, vaxt təyin edənlər isə yalan danışacaqlar.
Sonra çıxacaqdır (zühur edəcəkdir). Sanki ağ bayraqlar görürəm ki, Nəcəfdə, Kufədə onun başının üzərində dalğalanır"”.
(Mənbə: Şeyx Səduq, "Kəməlud-din" bab 38, hədis 9. Zülqərneynlə bağlı mövzudan sonra gələn hədislər bölümü)
Osman ibn Səid əl-Amiri – güvənilən ravi və İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır. O, İmam Məhdinin (ə.f) dörd naibindən birincisi olmuşdur.
Bu qeyd edəcəyim üç hədisi Şeyx Hürr Amili, İmam Rzanın (ə), İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabından olan Fəzl ibn Şazanın (vəfatı hicri-qəməri 260) "Muxtəsər isbətir-racət" kitabından öz kitabına köçürüb və nəql etmişdir. Fəzl ibn Şazan – güvənilən ravi və qeyd etdiyim İmamların (ə) əshabındandır.
Şeyx Hürr Amili buyurur:
“Doğru danışan və güvənilən Fəzl ibn Şazan özünün "İsbətir-racət" kitabında belə nəql edib:
“Bizə Muhəmməd ibn Əbdul-Cəbbər nəql edib və deyib: "Seyyidim Həsən ibn Əliyə (ə) (İmam Həsən Əsgəriyə) dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Allah məni sənə fəda etsin. Səndən sonra Allahın bəndələri üzərinə hüccətinin və İmamın kim olduğunu bilməyi daha çox istərdim".
İmam Həsən Əsgəri (ə) dedi: "Məndən sonra İmam və Allahın hüccəti – oğlumdur ki, o, Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir. O şəxsdir ki, Allahın hüccətlərinin xatəmidir və onun xəlifələrinin axırıncısıdır".
Dedim: "Ey Allah Rəsulunun (s) oğlu! O, kimdəndir?" (Yəni, anası kimdir?).
Dedi: "Qeysərin (yəni) Rum hökmdarının oğlunun qızındandır, lakin o doğulacaq. Uzun (müddətli) qeyblə insanlardan gizli olacaq və sonra isə zühur edəcəkdir"””.
(Fəzl ibn Şazan) dedi: “Bizə Muhəmməd ibn Əli ibn Həmzə əl-Ələvi nəql etdi və dedi: "Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) belə dediyini eşitdim: "Allahın vəlisi, onun bəndələri üzərinə olan hüccəti və məndən sonra olan xəlifəm (yəni, canişinim – oğlum İmam Məhdi) iki yüz əlli beşinci ilin Şaban ayının ortasının (on beşinin) gecəsi, sübh çağı sünnət olunmuş halda doğuldu"”.
(Fəzl ibn Şazan) dedi: “Bizə İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi nəql etdi və dedi: “Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum və onun yanında bir oğlan uşağı var idi. Onun barəsində sual etdikdə, İmam Həsən Əsgəri (ə) buyurdu: “O, mənim oğlum və məndən sonra xəlifəmdir (canişinimdir).
O şəxsdir ki, uzun müddətli qeybə çəkilcəkdir. Yer üzü zülm və haqsızlıqla dolduqdan sonra, zühur edib haqq və ədalətlə dolduracaqdır"”.
(Mənbə:Şeyx Hürr Amili, "İsbətul-hudət", 5/196-197, hədis 679, 682 və 683. 44-cü fəsl)
Muhəmməd ibn Əbdul-Cəbbər (həmçinin ona Muhəmməd ibn Əbu Sahbən də deyiblər) – güvənilən ravi və İmam Cavadın (ə), İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır.
Muhəmməd ibn Əli ibn Həmzə əl-Ələvi – güvəniləndir, ən azı İmam Həsən Əsgərinin (ə) əshabındandır.
İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi – İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) əshabındandır. Heç bir müşkül mövzuya aidiyyəti olmayan bir şəxsdir.
Gördüyümüz kimi, İmam Həsən Əsgəri (ə) öz oğlunu və canişinini – yəni, İmam Məhdini (ə.f) öz əshabına göstərmişdir və o Həzrətin (ə.f) Allah tərəfindən İmamətə çatmasını təsdiqləmişdir.
İmam Cəfər Sadiq (ə) buyurdu: "Qaim (ə.f) iki dəfə qeybə çəkiləcəkdir. Bunlardan biri qısa müddətlidir və digəri isə uzun müddətlidir. Birinci qeyb olunmasında harada olduğunu xüsusi tərəfdarları bilsə də, ikinci qeyb olunmasında ancaq xüsusi dostları biləcəklər".
(Mənbə:"Üsuli-Kafi", 1/340, Höccət kitabı, bab 80, hədis 19)
Mövzu ilə bağlı digər hədislər də var, lakin biz buradək nəql etməklə kifayətlənirik.
Uca Allah bizləri zəmanənin İmamını (ə.f) tanımağı və o Həzrətə (ə.f) gözəl şəkildə beyət edib yaşamağı nəsib etsin, inşəAllah!
Elnur Əlizadə
/Kerbela.info/Deyerler.org/