21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Düzgün hədəfə yalnız dürüst vasitələrlə çatmaq olar
16.04.2021

Bismilləhir-Rahmənir-Rahim!

İslamın inkişaf yoluna nəzər saldıqda, görə bilərik ki, dinimizin həqiqi daşıyıcılarının bərəkəti sayəsində artıq neçə əsrdən bəri bu İlahi təlim yaşamış və iblisvari xislətlərin qarşısında sipər olmuşdur.

Haqq, doğruluq, vicdanlılıq, dürüstlük karvanı ilə, eşq karvanı ilə hərəkət edir müsəlmanlar kamilliyə doğru. Sanki öz vücudlarında Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunun bütün mübarəkliyini yaşatmağa çalışır bu eşq karvanının yolçuları.

Uca Allahdan duamız budur ki, cəmi iman əhlini öz dinlərində həqiqi mənada İlahi məhəbbət daşıyıcılarından qərar versin!

"Xəndək" hadisəsi

İslam tarixinə nəzər saldıqda, ilk öncə diqqəti çəkən məqam odur ki, zaman-zaman mübarək dinimizin daşıyıcıları həyatlarının ən əsas qayəsi kimi toplumda yaxşılıqları yaymaq və pislikləri aradan aparmaq yönündə fəaliyyət aparmağı və bu yolda hətta hər bir məhrumiyyətə, əzab-əziyyətə qatlaşmağı özlərinə başlıca vəzifə bilmişlər. Əgər toplum mənəvi dəyərlərə sahib çıxmasa, yüksək əxlaqi xislətlərə doğru can atmasa - nəticə etibarilə mənəvi məhvə sürüklənmiş olar. Və əksinə, inkişaf, tərəqqi yolunu seçən toplum çox az bir müddətdə böyük uğurlar əldə etmiş olur.

İslamın ilk dövrünün reallıqları bəşəriyyətə bu tezisin təsdiqini ən bariz surətdə təzahür etmişdir. Belə ki, Ərəbistan ərazisində məskunlaşan və işləri-gücləri adam öldürməklə, qisas almaqla, nəsilbənəsil qırğınlar törətməklə məşhurlaşmaq olan, barmaqla sayıla biləcək sayda savadlı adamı olan pərakəndə bir toplum, məhz əxlaqi, mənəvi dəyərlərə sayğısı nəticəsində dünyanın aparıcı sivilizasiyasına çevrilmişdir.

Ümmətin inkişaf tendensiyasını düzgün təhlil etmək üçün bəzi mühüm tarixi epizodlara nəzər salmaq lazım gəlir. Həzrət Peyğəmbərimizin (s) Mədinə dövründə məşhur müharibələrdən biri - "Xəndək" döyüşüdür. Bu döyüş öz strateji əhəmiyyətinə görə İslam tarixində xüsusi yerdə durur. Təsəvvürümüzə gətirək: müsəlmanlar Rəsuli-Əkrəmin (s) ətrafında birləşmişlər, müdafiə xəndəyi qazılmışdır, döyüşə tam hazır bir vəziyyətdədirlər. Bu zaman sayca qat-qat çox olan müşrik qoşunundan bir neçə nəfər xəndəyi keçməyə müvəffəq olur və onlardan biri - Əmr ibn Əbdüvəd adlı bütpərəst o zamanın müharibə ənənəsinə uyğun olaraq, təkbətək döyüşmək üçün müsəlman cəngavərlərinə müraciət edir. Əbdüvəd ərəblərin seçilən pəhləvanlarından idi, saysız-hesabsız qətllər törətmiş və böyük təcrübəyə malik olan bir döyüşçü idi. Və onun müraciət etməsinə baxmayaraq, bu açıq-aydın ölüm cənginə çıxmağa cürət edən yalnız 1 nəfər insan tapılır. Bu adam - Əmirəlmöminin Həzrət Əli (ə) idi.

İlahi hədəfə İlahi vasitələrlə

Əbdüvəd 2 dəfə döyüş üçün müraciət edir və hər iki dəfə yalnız Həzrət Əli (ə) döyüşə çıxmaq üçün Rəsuli-Əkrəmdən (s) icazə istəyir. Lakin sanki gələcək nəsillərə düzgün yolun seçimini göstərmək, dərin bir ibrəti irs qoymaq niyyətilə Həzrət Peyğəmbər (s) hər iki dəfə İmam Əliyə (ə) icazə verməyib, digər təklifləri gözləyir.

Hələ müsəlman toplumu tam formalaşmamışdı. İman o yerə gəlib çatmamışdı ki, yüksək amallar uğrunda ixlas və yəqinliklə həyatını qurban verməyə hər an hazır olan bir tam camiə ərsəyə yetişsin. Ayrı-ayrı qəhrəmanlıq nümunələri var idi, amma bütövlükdə camiənin Həzrət Peyğəmbərə (s) layiq durumu hələ yetişməmişdi.

Aydındır ki, Əbdüvədlə vuruşmaq - ölümün üzünə bilavasitə və dik baxmağın eyni idi və İslamın ilk illərində buna daxili hazırlığı olan inanclılar hələ tam yetişməmişdi. Yalnız Əmr ibn Əbdüvəd 3-cü dəfə müsəlman qoşununa döyüş üçün müraciət etdikdə, Peyğəmbərimiz (s) Həzrət Əlinin (ə) üçüncü dəfə edilən xahişini müsbət cavablandırır və ona, Əbdüvədlə vuruşmağa icazə verir.

Həzrət Əli (ə) böyük iman sahibi, elm dəryası, əxlaq təcəssümü olmaqla yanaşı, misilsiz bir qəhrəman idi. Bu qeyri-bərabər bir döyüşdə, Həzrət Əli (ə) Əbdüvədi cəhənnəmə vasil edir. Həzrət Peyğəmbərin (s) kamilllik məktəbinin ən gözəl yetirməsi olan İmam Əli (ə), Əbdüvədə vurulan zərbəsi ilə nəinki konkret döyüşün müqəddəratına, hətta İslamın gələcək inkişaf durumuna da əsaslı təsir göstərə bilir. Təsadüfi deyil ki, Peyğəmbərimiz (s) bu olayın həllediciliyini vurğulamaq üçün buyurmuşdur ki, burada "Bütün İslam bütün küfrlə üz-üzə gəlir". Yəni Həzrət Əli (ə) öz vücudu ilə Peyğəmbər (s) İslamını, Əbdüvəd isə küfrü təcəssüm edirdi.

Əbdüvədin ölümü müşrik qoşununa böyük mənəvi sarsıntı yetirdi, döyüş qabiliyyətini xeyli aşağı saldı. Bir müddət sonra müşriklərin 10-minlik qoşunu üzüntülü bir durumda evlərinə qayıtmağa məcbur oldu, mənəvi məğlubiyyətə uğradı.

Bir haşiyə də çıxmaq lazımdır. İstər bu döyüşdə, istərsə də sonrakı proseslərdə, ələlxüsus da lənətlik Müaviyə öz fitnə zəhərlərini ümmətin içinə atmağa cəhd etdikdə, ümumiyyətlə bütün həyatı boyu Həzrət Əlini (ə) düşmənlərdən fərqləndirən əsas cəhətlərdən biri - onun vasitəni hədəfə qurban verməmək əzmi idi. Heç zaman Həzrət Əli (ə) İlahi dərgahda, Allah hüzurunda olduğunu unutmamış və hər bir halda İlahi rizayəti, razılığı rəhbər tutmuşdur.

Burada bütün dövrlər və məkanlar üçün aktual olan bir ideya vardır: Əli (ə) məntiqi bizə öyrədir ki, hədəfə yetişmək üçün bütün vasitələrdən istifadə etmək - yolverilməzdir. Yalnız İlahi dəyərlər sistemində rəva bilinən vasitələrlə məqsədə çatdıqda, bunun mənası, bərəkəti və perspektivi olur.

Varlıq aləminin ən üstün cəmi

Eyni məsələ İmam Həsəndə (ə) də, İmam Hüseyndə (ə) də, bütün məsum İmamlarda (ə) da vardır. Onlar hədəfə yetişmək üçün yalnız və yalnız İlahi vasitələrdən, Allahın bəyəndiyi vasitələrdən yararlanmışlar və öz ardıcıllarına da bunu tövsiyə etmişlər.

Digər bir mənzərə. Üstündən təqribən 50 il keçmiş, Kərbəla vaqiəsində lənətlik Yezid istibdadının döyüş çağırışına artıq 70-dən artıq müsəlman cavab verir. İmam Hüseynin (ə) azadxah ardıcılları "qul kimi yaşamağı deyil, azad insan olaraq şəhid olmağı" üstün tutur və bəşəriyyətə bir yenilməzlik, ixlas, fədakarlıq və sarsılmaz iman dərsini irs qoyurlar.

Baxın, 50 il vaxt keçir və Rəsuli-Əkrəmin (s) gözəl məktəbinin artıq bu qədər həqiqi ardıcılı yaranır. Özü də Miqdadlar, Əbazərlər, Cəfər Təyyarlar, Bilallar, Əmmər Yasirlər artıq dünyadan getmişlər. Bir çox gözəl insanlar Həzrət Əlinin (ə) İlahi vilayətini müdafiə etmək yolunda, din-iman yolunda canlarını vermişlər.

Bir sıra adamlar deyə bilər ki, "nə əcəb İmam Hüseynin (ə) cəmi 72 nəfər silahdaşı oldu?" Amma məsələyə baxış bucağı başqa cür olmalıdır. Bu 72 nəfər mütləq əmin idilər ki, onları şəhadət gözləyir. Sadəcə, bu, onların iradəvi seçimi idi. İslamı labüd məhvdən xilas etmək, dini yaşatmaq üçün şüurlu surətdə verdikləri qurban idi. Əgər "Xəndək" döyüşündə küfrlə qarşı-qarşıya gələn iman, Peyğəmbərin (s) yetirdiyi 1 mübarək insandan ibarət idisə, 50 il sonra bu rəqəm artıq 72 dəfə artır, iman daşıyıcılığı 72 dəfə güclənir.

İmam Hüseynin (ə) bu əlaqədə deydiyi mübarək sözlər xüsusi önəm kəsb edir: "Bütün varlıq aləmində mənim əshabımdan daha vəfadar və daha yaxşısından xəbərsizəm".

İmam Hüseyn (ə) öz silahdaşlarının vəfalığı və yüksək mənəvi dərəcəsi barədə tam əminliklə, mütləq inamla bəyan edir. Bu əminliyin mənbəyini Həzrət Rəsulullahdan (s) nəql edilən hədisdə çox gözəl surətdə görürük: "Mənim Hüseynim, didərginlikdən sonra öz qətlgahına və aramgahına - Kərbəlaya köç edəcək. Orada müsəlmanların qeyrətlilərindən ibarət bir fədakar insan cəmi ona kömək edəcək. Bunlar Qiyamət gününə qədər mənim ümmətimin şəhidlərinin ağalarıdır, üstünləridir".

Bu əlaqədə qeyd etmək lazımdır ki, tayı-bənzəri olmamaq barədə biz Qurani-Kərimdə oxuyuruq. "İxlas" surəsində Allah Təala barədə buyurulur ki, Onun bənzəri, misli yoxdur. Burada isə İmam Hüseyn (ə) öz silahdaşları barədə buyurur ki, bütün varlıq aləmində onların tayı-bərabəri yoxdur. Bəs Həzrətin (ə) səhabələri nə hala, nə vəziyyətə, nə duruma gəlib çıxıblar ki, belə yüksək məqama layiq görülüblər?

Bu məqam barədə İmam Muhəmməd Baqir (ə) buyurur: "(Kərbəla şəhidləri) bir şəhidlərdirlər ki, keçmişdəkilər onlardan irəli deyillər, gələcəkdəkilər onlara yetişməzlər".

Məsələ burasındadır ki, İmam Hüseynin (ə) əshabı mənəvi baxımdan o qədər yüksəlib, o qədər ucalıbdır ki, İlahi rəngə bürünmüşdür. Və İlahi rəngə büründüklərindən, ən uca zirvəyədək, insanın çata biləcəyi ən yüksək məqama - İlahi sifətləri əldə etməyədək ucala biliblər. Hər bir Kərbəla şəhidinin ayrı-ayrılıqda yetişdiyi bir məqamdır bu, bəşərin yetişə biləcəyi ən uca zirvədir. Və bu insanlar - müxtəlif rəngli, müxtəlif yaşlı, mənşəli insanlardır, ən adi insanlardır - qadınlar və kişilərdir. Amma əqlləri, imanları, iradələri, dünyagörüşləri o qədər İlahi dəyərlər sisteminə tuşlanıb və əməlləri o qədər ixlaslıdır ki, ən adi insanlar olaraq, İlahi sifətlər əldə etməyərək yüksəliblər.

Kamilliyin yolu açıqdır

Burada güclü bir impuls, göndəriş var bəşəriyyətə: insanın istedadları, gücü, qüdrəti, qüvvəsi o həddədir ki, o, hətta mərifət və tanımada, dünyagörüşündə, əxlaqda, əməldə, imanda, fəzilətdə İlahi rənglə zinətlənə bilər, misilsiz ola bilər.

Burada 2 müstəvi açılır: birincisi, insanın əməl azadlığının, iradə azadlığının kamala yetişmək baxımından hüdudsuzluğu açıqlanır. İkincisi, hər bir insan üçün bu zirvəyə yüksəlişə gedən yolun, məhdudiyyətsiz olaraq, açıq olduğu bəlli olur. Bununla yanaşı, İlahi mesajın məhdudiyyətsiz olaraq bütün insanlara şamil olunduğu təsdiqlənir.

İradəvi təkamülün gözəl təzahürüdür bu! Bir toplum ki, onun təmsilçiləri, Həzrət Əli (ə) istisna olunmaqla, "Xəndək" döyüşündə Əbdüvədə layiqli cavab verib şəhid olmaqdan çəkinirdi, üstündən 50 il keçmiş elə bir duruma gəldi ki, artıq bəşəriyyətin yetişə biləcəyi ən yüksək məqama çatacaq 70-dən artıq insan ərsəyə gətirmişdir. Peyğəmbər (s) bağında o qədər gözəl meyvələr yetişir ki, bəşəriyyətə insanlıq, mərhəmət, şəfqət, yenilməzlik, fədakarlıq, əzm, şücaət - nə kimi kamal varsa, hər birində bir məktəb qoyur. Peyğəmbərimizin (s), Əhli-Beytin (ə) yetişdirdiyi həqiqi yolçuların yoludur bu. Mübarək dinimizin mahiyyətinə varanların yetişdiyi məqamdır bu.

Eyni zamanda Kərbəla qəhrəmanlarının bu məqamı, ixlasla, imanla səciyyələnməklə yanaşı, digər bir cəhətlə də səciyyələnir: İmam Hüseyn (ə) hərəkatının əsas qayəsi yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək idi. Və onun silahdaşları öz həyatları hesabına bu mübarək institutu yaşatdılar, yaxşılıqlara dəvəti, pisliklərdən çəkindirməni məhv olmağa qoymadılar. Mübarək İlahi təlimi münafiqlərin çirkli əllərindən xilas etdilər.

Mühüm nöqtələrdən biri də budur ki, Kərbəla salnaməsini qanı ilə yazan insanlar ən mübarək hədəfə ən mübarək vasitələrlə yetişmişlər. Dostla məsələ aydındır, amma düşmən də belə, Kərbəla qəhrəmanlarına iynənin ucu qədər hansısa bir irad tuta bilmir. Ruhun qılınc üzərində bu qələbəsini onminlərlə insan qələmə almış və alacaqdır, amma onların mədhinə deyilən sözlər bitməyəcəkdir. Allah Təala cəmi insanları bu mübarək yolun yolçularından qərar versin, inşəallah!

Savabda şəriklik

Mövzu ilə bağlı təbərrük üçün bir haşiyə də çıxmaq lazımdır. Kərbəla vaqiəsindən danışdıqda, Ərbəin gününə toxunmaq, İmam Hüseynin (ə) mübarək məzarını ziyarət etmək ənənəsinin ilk, dramatik səhifələrinə nəzər yetirmək lazım gəlir. O dövrün möminlərindən olan Ətiyyə nəql edir ki, Cabir Ənsari (Əziz Peyğəmbərimizin (s) yaxın səhabələrindən biri) ilə Həzrət Seyidüş-şühədanın (ə) ziyarəti üçün Kərbəlaya gəldik.

Cabir qüsl aldı və özünə ətir vurdu (ziyarətin ədəblərindəndir). Cabirin əlindən tutdum və apardım Həzrət İmam Hüseynin (ə) mütəhhər qəbrinin üstünə qoydum. Cabir təzəcə əlini qəbrin üstünə qoymuşdu ki, huşdan getdi. Üzünə su vurdum, özünə gəldi. Ürək yanğısı ilə qəlbi titrədən sözəlrini Əba Əbdillahın (ə) mübarək hüzuruna ərz etdi.

Sonra Cabir Kərbəlanın dəyərli şəhidlərinə salam verdi və sözünün sonunda dedi: biz də sizin daxil olduğunuz işə şərik idik. Yəni, Xatəmül-ənbiyanın Əhli-Beytinin (ə) müdafiəsində, mücadilədə, kömək etməkdə və şəhid olmağınızda sizinlə şərikik.

Ətiyyə deyir: "(Ona dedim ki), biz əziyyət çəkmədik, qılınc vurmadıq. Bu insanların başları bədənindən ayrılıb, ailələri tək, uşaqları yetim qalmış. Necə ola bilər ki, biz əcrdə, savabda onlarla şərik olaq?!"

Cabir cavabında buyurdu: "Ətiyyə! Mən öz 2 qulağımla Allahın Rəsulundan (s) eşitmişəm ki, "Hər kim bir camaatın əməlini sevsə, o əməlin savabında onlarla şərikdir". Sonra dedi: "Ey Ətiyyə! Rəsulullah (s) buyurdu: "Mənim və əshabımın niyyəti - Hüseynin (ə) və əshabının həmin niyyətidir"".

Nə niyyətdir bu? Hansı niyyətdir insanı belə ucaldan?! Bu, Mütəal Allaha bəndəlik niyyətidir. İnsanı azad yaradan Allahın, Öz bəndəsini izzətli, şəxsiyyətli, ləyaqətli görmək istəməsidir. İnsanın həvayi-nəfsindən uzaq, iradəvi durumda, özünə sahib olan durumda olmaqlığı niyyətidir.

Məsumlarımızın (ə) həyatından çox dərs götürmək olar. Götürüləsi ən mühüm dərs - insanın öz vəziyyətini təftiş etməsidir. İnsanın öz durumuna nəzər salıb, bunun nə dərəcədə Allahın bəyəndiyi yola, Peyğəmbər (s) və Əhli-Beytinin (ə) nümunə olaraq təqdim etdiyi yola uyğun olmasını müəyyən etməsidir. Hətta durumu lazımından qat-qat aşağıdrsa, insan müəyyən etməlidir ki, getdiyi yol onlar tərəfədirmi, Allahın bəyəndiyi səmtdədirmi?

Həzrət Peyğəmbər (s) və Əhli-Beytin (ə) yolu ilə, İmam Hüseynin (ə) yolu ilə getmək böyük məsuliyyətdir, amma eyni zamanda böyük şərəfdir. Uca Allah cəmi insanlara bu şərəfi qismət etsin!

Allahım, bizləri həqiqi ibrət götürənlərdən, niyyətləri xalis, durumları mübarək olanlardan qərar ver!

Allahım, Qəsb olan ibadətgahların, müqəddəs torpaqların, əsirlərin azad olmasını, xalqımızın və ümmətin müşküllərin həll olmasını nəsib et!

Allahım, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühür etməsini nəsib et! Amin!

/Musavat.com/Kerbela.info/

İlqar İbrahimoğlu