21 Noyabr 2024 - 21
Ayətullah Məkarim Şirazinin görüşündə İmam Hüseyn (ə) əzadarlığının təhlili İslam ümmətinin agahlığına, oyanışına səbəb olan, eyni zamanda da zülmə qarşı çıxan əzadarlıq prinsipi, əslində insani səciyyələri inkişaf etdirən bir məktəbdir. Bu əsasla qeyd etməliyik ki, Aşura bir hadisə yox, əksinə tarixi bir cərəyan idi.
Həzrət Hüseynin (ə) matəm və əzadarlıq günlərinin başlanması ərəfəsində hər şeydən öncə həzrət Seyyidüş-şühəda (ə) müsibətində əza mərasimlərinin təşkilinin fəlsəfəsi və mahiyyətini araşdırmağın vacibliyi hiss olunur. Buna görə də bu məqalədə Ayətullah Məkarim Şirazinin dəyərli düşüncələrindən istifadə edərək, sözügedən mövzuda ən əhəmiyyətli elementləri siz oxuculara təqdim edirik:
İmam Hüseyn (ə) adına əzadarlıq mərasimlərinin təşkil olunmasına hədislərin təkidi
Birmənalı olaraq, hədislərdə əza məclisinin təşkilinə və İmam Hüseyn (ə) müsibətinə ağlamağa edilən tövsiyə və təkidlər digər məsum imamlar, hətta Peyğəmbər (s) üçün gəlməmişdir. Sanki bu işdə bir sirr yatır və pak imamlar da (ə) ona bu qədər təkid etmişlər (1).
Əhli-beyt məktəbinin qorunması
İmam Hüseyn (ə) adına əzadarlıq mərasimləri təşkilinin lüzumuna dair məsum imamların (ə) təkidlərinin mahiyyətini bəyan edərkən demək lazımdır ki, dost və düşmənin etirafına görə İmam Hüseyn (ə) adına əzadarlıq məclisləri xalqın oyanışında olduqca təsirlidir və o həzrətin (ə) İslamın yaşaması üçün öz ardıcıllarına öyrətdiyi bir üslubdur (2).
Həmçinin belə məclislərin təşkilinin əhəmiyyəti və onun qorunması üçün pak imamların (ə) təkidlərinin rəmzi, bu hədislərin yaranma dövründə şiələrin kəskin təcrid şəraitində yaşadığını, Bəni-Üməyyə və Abbasilər hökumətlərinin ayrı-ayrı təzyiqləri altında qaldıqlarını, belə ki, ən kiçik siyasi-ictimai fəaliyyət və hərəkətə gücü olmadıqlarını və az qala birdəfəlik məhv olmalarını mülahizə etdiyimiz zaman aydın olur. Lakin İmam Hüseynin (ə) əza məclisləri onları xilas etdi və əzadarlıq sayəsində yeni can tapdılar, İslam toplumunda bir qütrət kimi meydana gəlib qalıcılıqlarını davam etdirdilər (3).
Bu səbəbdən hədislərdə əza məclislərinin təşkili “Əhli-beyt (ə) missiyasının – hədəfinin dirçəldilməsi” ünvanında gəlmişdir. İmam Sadiq (ə) belə məclislər haqqında buyurur:
“إِنَّ تِلْكَ الْمَجالِسَ أُحِبُّها فَأَحْيُوا أمْرَنا”
“(Sizin) belə məclislərinizi xoşlayıram, bu yolla məktəbimizi diri saxlayın!” (4), (5).
İslam ümmətinin birliyi
Şübhəsiz, məsum imamların (ə) İmam Hüseyn (ə) adına əzadarlıq mərasimlərinin təşkilinin vacibliyinə təkid etməsi, “xalqın birliyi” prinsipinə əsaslanır. Belə ki, bu gün İmam Hüseynin (ə) şəhadət günlərində təbəqəsindən, irqindən, dinindən və dilindən asılı olmyaraq milyonlarla insan o həzrətin əzadarlığını keçirir, Hüseyn (ə) bayrağı ətrafında toplaşırlar.
Hər bir millət öz qalıcılığı və nailiyyəti üçün vəhdət amilinə möhtacdır. Əhli-beyt (ə) tərəfdarlarının da vəhdət amili, sözsüz ki, həmin əzadarlıq mərasimləridir, hansı ki, ən az zəhmət və xərc ilə milyonlarla kütləni bir mehvər ətrafında toplaya bilər (6).
Anti-zülm mövzusunda İmam Hüseyn (ə) hədəflərinin dirçəldilməsi
Əzadarlıq təşkilinin hədəflərindən biri, İmam Hüseyn (ə) tarixini və onun amallarını, yəni zülm və xarlıqla mübarizəni diri saxlamaqdır. Odur ki, əzadarlıqlar hamını o böyük rəhbərin hədəfləri ilə tanış edəcək həddə keçirilməlidir, çünki əzadarlıq anti-zülm mövzusunda İmam Hüseyn (ə) məktəbini dəstəkləmək, zalımlara nifrətini bildirmək, o cümlədən İmam Hüseyn (ə) matəm mərasimlərinin mövcud olma faktorlarıdır.
Emosiya və uzaqgörənliyin bağlılığı – anti-imperializm prinsipinin gücləndiricisi
Xatırlatmaq lazımdır ki, göz yaşları ilə müşayət olunan əza mərasimlərinin təşkili duyğuların və bu məktəbin banisinə olan eşqin göstəricisidir. Hansı ki, o, bizə şücaət, iman və zülmə qarşı çıxmaq dərsi öyrədib. Sizcə, duyğu və dərin emosiya əlaqələri olduğu halda, onların müsibətlərində göz yaşının axmaması mümkündürmü? Deməli, bu göz yaşları düşmənlərin onlara etdiyi zülmlərə görədir. Bu göz yaşları əslində onların düşmənlərinə, başqa ifadə ilə desək, dünya zalımlarına, qəddarlarına müharibə elanıdır. Bundan əlavə Kərbəla səhnələri o qədər acınacaqlı idi ki, ən az duyğusu olan kəs onları eşitdikdə təsirlənir (7).
Son söz
İslam ümmətinin agahlığına, oyanışına səbəb olan, eyni zamanda da zülmə qarşı çıxan əzadarlıq prinsipi, əslində insani səciyyələri inkişaf etdirən bir məktəbdir. Bu əsasla qeyd etməliyik ki, Aşura bir hadisə yox, əksinə tarixi bir cərəyan idi. Haqq və nahaqq, ədalət və zülmün mübarizəsi elə bir şəkildədir ki, bütün əsrlərdə davam edir. Hüseyn (ə) aşurası haqqın nahaqqa zəfəri üçün haqq tərəfdarlarına lazımi dərsi öyrədir və “Zillət bizdən uzaqdır!” şüarı bu dəyərli cihadın göstəricisidir. Tarix boyu biz bu dərsdən çox faydalanmışıq (8).
Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- “Aşura - əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 66
2- “Aşura - əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 70
3- Yenə orada
4- “Vəsailuş-şiə”, c. 10, səh. 391-392, hədis 2
5- “Aşura - əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 71
6- “Aşura - əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 72
7- “Əzadarlığın hökmləri”, səh. 31
8- “Əzadarlığın hökmləri”, səh. 32