21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn əzadarlığının əhəmiyyət və fəlsəfəsi nədən ibarətdir?
17.05.2021

İmam Hüseynə (ə) əzadarlığın əhəmiyyət və fəlsəfəsini başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Quranda yüksək məqamlı insanların, böyük şəxsiyyətlərin və ilahi övliyaların dəyərli səciyyələrinin və fəzilətlərinin canlı saxlanmasına dair çoxlu təkidlər edilmişdir.

2. Böyük şəxsiyyətli şiə imamları Kərbəla hadisəsinin canlı saxlanması üçün müxtəlif yollarla çoxlu tövsiyələr etmiş, camaatı imam Hüseynin ziyarətinə və əzadarlıq mərasiminin keçirilməsinə təşviq etmişlər:

a) Əzadarlıq mərasimlərinin təşkilinə təşviq;

b) İmam Hüseynə ağlamaq və başqalarını ağlatmağa təşviq,

v) Şairlərin mərsiyə oxumağa və yazmağa dair təşviqi;

q) İmam Hüseynin ziyarətinə təşviq.

3. Məhərrəm ayı qanın qılınca qələbə çalan, zalımlarla mübarizəyə ilham verən aydır və imam Hüseyn (əleyhis-salam)-ın dünya səviyyəli nidasının yayılmasında mühüm yol ifa edir.

4. Tarix boyu imam Hüseynə əzadarlıq mərasimi müxtəlif xalqların və millətlərin arasında vəhdət yaranıb, uğur və müvəffəqiyyət qazanmasının mühüm amili olmuşdur. Dünyada milli-azadlıq inqilablarının çoxu rəşadət yaradan Kərbəla qiyamına diqqət yetirməklə başlamışdır. Onun bir nümunəsi Hindistanda ingilis istismarçılarının əleyhinə baş verən milli-azadlıq hərəkatıdır. Daha mühüm nümunəsi isə İranda islam inqilabının əzəmətli qələbəsidir. Sonuncu nümunəsi kimi də Livanın cənubunda hizbullahın təcavüzkar sionistlərə qələbəsini qeyd etmək olar. Deməli, imam Hüseynə əzadarlığın çoxlu müsbət təsir və nəticələri vardır: izzət və başıucalıq, dini-islami mədəniyyətin əbədi qalması və s. bu məsələnin mühüm əhəmiyyət kəsb etməsini göstərir.

Ətreaflı cavab

İmam Hüseynə əzadarlığın əhəmiyyət və fəlsəfəsini dərk etmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

1. Seçilmiş və görkəmli ilahi şəxsiyyətlərin yüksək səciyyəvi fəzilətlərinə diqqət.

Quranın bir çox ayələrində təkid olunan məsələlərdən biri də tarixdəki ilahi və görkəmli şəxsiyyətlərin xatirəsini daim canlı saxlamaq, onların həyatından ibrət almaqdır. “Məryəm” surəsində (ayə 41) buyurulur: “Bu kitabda İbrahimi də yad et, o, çox düzdanışan şəxs və Allahın peyğəmbəri idi.” Sonra onun büt və bütpərəstliklə ciddi və barışmaz mübarizəsi bəyan olunur.

Digər bir ayədə buyurulur: “Kitabda (Quranda) İdrisi yad et; o, çox düz danışan və (böyük) peyğəmbər idi, Biz onu yüksək məqama çatdırdıq.”[1] Bunun ardınca ilahi nemətlərdən bəhrələnən sair peyğəmbərlərin adı çəkilir.

Başqa bir ayədə isə buyurulur: “Bizim bəndəmiz Əyyubu xatırla, o zaman ki, Rəbbini çağırdı (və dedi:) “Pərvərdigara! Şeytan məni əzab-əziyyətə salmışdır.” (Ona dedik:) “Ayağını yerə vur, sənin üçün içmək və yuyunmaq üçün sərin su çıxar.” Ailəsini də ona bağışladıq və onun mislini ona əlavə etdik ki, Bizim tərəfimizdən bir rəhmət, düşüncə sahibləri üçün bir xatırlatma olsun.”[2]

Bu və digər ayələrdə böyük şəxsiyyətlərin həyatının şəxsi yönlərinə, ailə mühitinə və adi işlərinə diqqət yetirilməmişdir; əksinə onların qurucu proqramları, əxlaqi fəzilətləri və gözəl səlahiyyətləri irəli çəkilmişdir. Bu da onu göstərir ki, belə görkəmli və tarixi şəxsiyyətlərin xatirəsi əziz saxlanmalı, onların gözəl məram və bəyanları, əxlaqi səciyyəli diqqət mərkəzində olmalıdır. Buna görə də məsum imamlar Kərbəla şəhidlərinin, xüsusilə şəhidlərin sərvəri imam Hüseynin ad və xatirəsinin həmişə canlı saxlanmasında müxtəlif üslublardan istifadə etmişlər.

2. Böyük şiə imaları imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq keçirilməsi üçün çoxlu yollardan istifadə etmişlər. O cümlədən:

a) Əzadarlıq məclislərinin təşkil olunması

Məsum imamların imam Hüseynin hərəkat və məramının canlı saxlanması ilə əlaqədar istifadə etdikləri yollardan biri də əzadarlıq məclisləri təşkil etmək, o həzrətə və Kərbəlanın ürəkyandıran müsibətlərinə ağlamaq, başqalarını ağlatmaq, münasib zamanlarda o hadisəni xatırlatmaqdır.

İmam Səccad öz imaməti dövründə daim Aşura faciəsində matəmli idi. Bu müsibətdə o qədər ağlamışdı ki, özünə “bəkkain”dən (həddindən çox ağlayanlardan) biri ləqəbini almışdı.[3]

Əlqəmə Həzrəmi nəql edir ki, İmam Baqir hər il Aşura günündə öz evində İmam Hüseyn üçün matəm məclisi təşkil edir, öz cəddi üçün ağlayır və təqiyyə də etmirdi. Evində olan şəxslərə buyururdu: “Həzrət Hüseyn üçün əzadarlıq edin, onun müsibətində bir-birinizə başsağlığı verin!”[4]

İmam Sadiq Davud Riqqiyə buyurdu: “Mən hər vaxt sərin su içəndə imam Hüseyni yad edirəm.”[5]

İmam Rizanın belə buyurduğu nəql olunur: Məhərrəm ayı daxil olanda bir kəs atamın (İmam Kazimin) üzünün güldüyünü görməzdi. Qəm-qüssə və kədər bütün vücudunu bürüyürdü. Nəhayət onuncu gün – Aşura günü gəlib çatırdı. Bu gün atamın müsibət, qəm-qüssə və ağlamaq günü idi. Həzrət buyururdu: “Bu gün elə bir gündür ki, bu gündə imam Hüseyn şəhid olmuşdur.”[6]

Məsum imamlar təkcə özləri şəhidlərin ağasının matəmində ağlamırdı, camaatı da həmişə o həzrətə ağlamağa təşviq edirdilər. Bir rəvayətdə deyilir: “Hər kəs imam Hüseyn üçün ağlasa, yaxud (hətta) bir nəfəri ağlatsa, onun mükafatı behiştdir. Hər kəs özünü ağlamaq halına vursa da, mükafatı behiştdir.”[7]

b) Şairlərin mərsiyə yazmağa təşviq edilməsi

Bir çox şairlər Kərbəla müsibətini nəzmə çəkərək, müxtəlif yığıncaqlarda oxuyurdular. Bu şairlər həmişə məsum imamlar tərəfindən xüsusi ehtirama və mərhəmətə layıq görülürdülər. Onlardan Kumeyt Əsədi, Di`bil Xuzai, Seyid Himiyəri və s.ni qeyd etmək olar.

v) İmam Hüseynin ziyarətinə təşviq

Böyük şəxsiyyətlərin xatirəsinin əziz saxlanması məqsədi ilə o qəhrəmanların qəbrini ziyarət etmək gözəl bir adət-ənənədir ki, qədim dövrlərdən etibarən müxtəlif dünya xalqları və ümmətləri arasında diqqət mərkəzində olmuşdur, hal-hazırda da belədir. Bunların arasında şəhidlərin sərvəri və ağası, azadlıqsevərlərin rəhbəri imam Hüseyn bir günəşə bənzəyir. Onun əzəməti çox yüksəkdir, adı və xatirəsi tam əzəmətlə yad edilməlidir. Hüseyni Kərbəlada ziyarət etməyin fəziləti ilə əlaqədar pak və məsum imamların kəlamları həddindən artıq çoxdur. Ona görə də Allahın seçilmiş bəndələri hər bir münasib şəraitdə və fürsətdə camaatı şəhidlərin ağasının nurani qəbrini ziyarət etməyə təşviq edir və bu proqramın icrasını özlərinə vacib bilirdilər. Bu iş müsəlmanların o böyük hidayət imamına ruhən və mənən bağlılığına səbəb olmaqdan əlavə, bir növ zülm və zalımlarla, zorakılıq, haqsızlıqla ən yaxşı mübarizə üslubu da hesab olunur. O Həzrətin ziyarəti barəsində nəql olunan çoxlu hədislərdən birini qeyd etməklə kifayətlənirik:

İmam Sadiq buyurur: “Hər kəs qiyamət günü nur süfrəsinin başında oturmaq istəyirsə, imam Hüseynin ziyarətinə getsin.”[8]

3. Qanın qılınca qələbə çaldığı məhərrəm ayının xüsusiyyətləri

Məhərrəm ayının gündüzləri və gecələri, saatları və saniyələri ilahi mərifət, insaniyyət, şərafət, izzət, azadlıqsevərlik dərslərindən ibarət olan çox böyük və dəyərli bir kitabdır. O, insana necə yaşamağı, necə ölməyi öyrədir. İmam Hüseyn incilərlə dolu olan bu kitabı “heyhat minnəz-zillət” (zilləti qəbul etmək bizdən çox-çox uzaqdır) deməklə bütün nəsillərə, zəmanələrə və qərinələrə dərs vermiş və buyurmuşdur: “Ey Adəm övladı, ey haqq tələb edənlər, ey ədalət axtaranlar! Qiyam edin və şeytani hökumətlərin, zorakıların və zalımların müqabilində təslim olmayın, onlara boyun əyməyin!...”

Bundan əlavə, imam Hüseyn ömrünün son anlarında təpədən-dırnağa silahlanmış minlərlə qaniçən cəlladın müqabilində “bir kömək edən varmı ki, bizə kömək etsin?!” cümləsi ilə sanki hər zamanda olursa olsun, bütün nəsillərdən və ayıq insanlardan kömək istəyirdi. O bir neçə dəqiqə öncə özünün ən əziz adamlarını və köməkçilərini biri digərindən sonra əldən vermiş, o əziz cavanı Əli Əkbərin tikə-tikə doğranan cənazəsini çəkə-çəkə xeyməyə gətirmişdi. Bir neçə dəqiqə öncə Bəni-Haşimin Qəməri, əziz qardaşı və vəfalı ələmdarı Həzrət Abbası qanına qəltan görmüşdü, onun heç bir köməkçisi yox idi və sağ qalacağına ümidi də yox idi. O həzrət bilirdi ki, tezliklə susuz ağızla cəddi Rəsulullahın görüşünə gedəcəkdir. Onda görəsən, nə üçün kömək istəyirdi?! Kimlərdən kömək istəyirdi?! O “həl min nasirin” (bir kömək edən varmı) sədasını ölümdən nicat tapmaq üçün ucaltmamışdı. O, gələcək nəsillərdən kömək istəyirdi ki, qurumaqda olan tövhid və yeganəpərəstlik ağacını unutmasınlar, onun və köməkçilərinin qanı ilə suvarılan bu ağacı həmişə qoruyub saxlasınlar ki, Aşura hərəkatı əbədiyyətə qədər canlı qalsın, Kərbəla şəhidlərinin rəşadətləri həmişəlik qalaraq islama zəmanət versin.

4. Əzadarlıq vəhdət amili və müvəffəqiyyət rəmzidir

Hər bir xalqın müvəffəqiyyət qazanması, qalıb davam etməsi üçün vəhdətə ehtiyacı vardır. Şübhəsiz, Əhli-beyt ardıcıllarının arasındakı vəhdətin ən mühüm amillərindən biri də imam Hüseynə və onun vəfalı köməkçilərinə əzadarlıq mərasimi təşkil olunmasıdır. Bu mərasim son dərəcə az zəhmət və büdcə ilə milyonlarla insanı bir yerə cəm edə bilər. Bu amil insanların zülm və haqsızlıqdan xilas olmasına səbəb olur. Tarix boyu Kərbəla şəhidlərinə matəm və əzadarlıq böyük qiyamlara və inqilablara şərait yaratmışdır. O cümlədən Yezidin tərəfdarları ilə müharibəyə qalxaraq qiyam edən “təvvabin”in qiyamını qeyd etmək olar. Muxtar qiyam edərək Kərbəladakı cəlladların əksəriyyətini öz mənfur əməllərinin cəzasına çatdırmış və əməvi qüvvələrinə çox ağır zərbələr endirmişdi.

Bəzi nəzər sahiblərinin fikrinə görə dünya inqilablarının əksəriyyəti Kərbəladakı rəşadət yaradan qiyamdan nəşət tapır. Onun bir nümunəsini Hindistandakı milli-azadlıq hərəkatında görmək olar ki, bu inqilabla ingilis istismarçılarının qanlı caynaqlarından xilas oldular. Bu inqilabın rəhbəri Qandi deyir: “Mən Hindistan xalqı üçün təzə bir şey gətirməmişəm; bunu yalnız Kərbəla qəhrəmanının həyat tarixi barəsində mütaliə və tədqiqatlarından nəticə almış və Hindistan xalqına ərməğan gətirmişəm. Əgər Hindistan xalqını xilas etmək istəyiriksə, gərək Hüseyn ibni Əlinin keçdiyi yolu keçək.”[9]

Aşura və Kərbəla hadisəsinin digər əzəmətli nümunəsi imam Xomeyninin rəhbərliyi ilə İranda baş vermən İslam inqilabıdır ki, bütün dünyanı lərzəyə gətirmişdir. Onun sonuncu nümunəsi isə Livanda imam Hüseyn məktəbinə bağlı olan hizbullah müqavimət hərəkatıdır. Onlar başdan-ayağa silahlı olan sionist İsrail rejiminin əleyhinə müqavimət göstərdilər. Düşmənlər hizbullahın fədakarlıq, rəşadət və iman qüdrəti qarşısında heyrətdə donub qaldılar və rüsvayçı məğlubiyyətlə geri oturdular.

Ümidvarıq ki, biz də imam Hüseynin müqəddəs məramına həqiqi mənada məhəbbət bəsləyənlərdən, o böyük şəxsiyyətin həqiqi ardıcıllarından olmaqla onun xüsusi mərhəmətinə layıq görək.


[1] “Məryəm” surəsi, ayə: 56-57

[2] “Sad” surəsi, ayə: 41-43

[3] “Vəsailuş-şiə”, 2-ci cild, səh. 922

[4] “Vəsailuş-şiə”, 10-cu cild, səh. 398

[5] “Əmali”, Şeyx Səduq, səh. 142

[6] “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölməsi

[7] “Biharul-ənvar”, 24-cü cild, səh. 284

[8] “Kamiluz-ziyarət”, səh. 135

مَنْ سَرَّهُ اَنْ یَکُونَ عَلَی مَوَائِدِ النُّورِ یَوْمَ الْقِیَامَةِ، فَلْیَکُنْ مِنْ زُوَّارِ الْحُسَیْنِ بْنِ عَلِیٍّ عَلَیْهِمَا السَّلَامُ

[9] “İmam Hüseyn (əleyhis-salam)-ın həyatına bir baxış”, Məhəmməd Məhəmmədi İştihardi, səh. 109