21 Noyabr 2024 - 21
İslam peyğəmbərindən (s) sonra altıncı məsum İlahi rəhbər Həzrət İmam Cəfər Sadiq (ə) hicri-qəməri tarixi ilə 83-cü ildə Mədinə şəhərində dünyaya göz açmışdır.
İmam Sadiq (ə) 31 yaşında İmamət məqamına çatıb, 34 il ümmətə imamlıq edib və 65 yaşında ikən şəhid edilib.
O həzrət 31 yaşında ikən Əməvilər sülaləsinin hakimiyyəti süqut etdi və Abbasilər sülaləsi hakimiyyətə gəldi. İki sülalənin savaşının yaratdığı boşluq İmam Sadiqə (ə) Əhli-Beyt (ə) məktəbini çiçəkləndirmək fürsəti verdi.
Buna görə də İslam xilafətinin hər yerinə onun elminin şöhrəti gedib çatdı. Bu gün təkcə müsəlmanlar deyil həm də qeyri-müsəlman alimlər O həzrətin (ə) elmi böyüklüyü qarşısında heyranlıqlarını gizlətməyiblər.
O həzrətin məşhur şagirdlərindən biri də iranlı Əbu Musa Cabir bin Həyyandır ki, öz elmi ilə dünyaya səs salıb. O əczaçılıq və kimya elminin atası sayılır.
Franslı məşhur kimyaçı Marcelin Pierre Eugéne Berthelot (1827-1907) Cabir barədə deyir: “Cabirin kimya elmində məqamı Aristotelin məntiq elmində məqamı kimidir”.
Belçikalı alim George Alfred Leon Sarton (1884-1956) Cabir barədə deyir: “Cabir orta əsirlərin elm səhnəsində ən böyük alimi hesab edilir”.
Cabir ibn Həyyan dünyəvi elmlər sahəsində min səhifəlik kitab yazmış və bundan əlavə 500 kiçik risaləyə sahib olmuşdur ki, bu risalələri İmam Sadiqdən (ə) aldığı tövsiyələr əsasında təlif etmişdir.
Onun kitabları indi də Avropa ölkələrində elmi araşdırm mərkəzlərində tədqiq edilir.
Almaniyalı Prof. Benz deyir: Kimya ərəblərin elmidir. İmam Sadiq (ə) bu elmi elə bir yerə çatdırıb ki, gizli bir sirdir. Onun təkcə 400 məqaləsi (Cabirin təlif etdiyi 500 risalə) bizim əlimizə çatıb və həmin məqalələrin sayəsində böyük addımlar atmışıq. Kaş onların hamısı əlimizə çatardı və biz bu qədər zəhmətdən rahat olardıq”. (Əllamə İsa Xaqani, s.114, çap:1964).
Misrli alim Şeyx Məhəmməd Əbu Zöhrə deyir: “Cabirin 500 risaləsi 300 il öncə Almaniyada çap edilib və hazırda Berlinin dövlət kitabxanasında mövcuddur”. (Əbu Zöhrə, “əl-İmam əs-Sadiq”, s.101).
Dr. Donaldson İmam Sadiq (ə) barədə deyir: “(İmam) Cəfər Sadiq (ə) Mədinə şəhərində Sokrat kimi bir məktəb yaratmışdı”.
Əhli-Sünnə məzhəbinin ilk imamı Malik ibn Ənəs deyir: “Mən Cəfər bin Məhəmməd əs-Sadiqin hüzuruna (elm öyrənmək üçün) gedirdim, ona mənə deyirdi ki, “ey Malik, səni çox istəyirəm”. Mən onun bu sözündən çox xoşhal olurdum və buna görə Allaha şükür edirdim.
Malik deyir:
«فماكنت أراه إلّا على إحدى ثلاث خصال، إمّا مصلّ و إمّا صائم و إمّا يقرأالقرآن، و مارأيته يحدّث إلّا عن طهارة»
“Mən onu həmişə üç haldan birində görərdim: Namaz qılırdı, oruc tutur və Quran oxuyardı. Onun dəstəmazsız hədis dediyini görmədim”. (İbn Həcər Əsqəlani, “Təhzibut-Təhzib”, c.2, s.105, Beyrut, Darus-Sadir”.
/İqna/Kerbela.info/