23 Noyabr 2024 - 23
Kufə şiələrindən İmam Hüseynə (ə) kömək edənlər oldumu?
Tarixdən də bizə məlum olduğu kimi Müaviyənin hakimiyyəti zamanı şiələrin çox hissəsi misli görünməyən amansızlıqla soyqırıma məruz qaldılar. Onların qalan hissəsi Kufədən uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə çox az saylı şiə qaldı. Elə bu neçə nəfər də İmam Hüseynə (ə) kömək etməyə hazır olduqlarını bildirdilər.
Qorxaq kufəlilərin heç bir hərəkət etməyəcəyini gözəl anlayan Abdullah ibn Ziyad, az saylı şiələrin rəhbərsiz qaldığını bilsə də, onlardan çəkinirdi. Şiələrin Kufədən qaçıb İmam Hüseynə (ə) qoşulacağından ehtiyat edən İbn Ziyad şəhər qapılarını qorumaq üçün İbn Qeysin başçılığı altında beş yüz nəfərlik keşikçi əsgərləri təyin etmişdi. Lakin bununla belə Yezid ibn Sabit və iki oğlu, Boreyd ibn Xəzir, Səd Ənsari, Əbul-Hətuf Ənsari, Ömər ibn Xalid, Səd Muvəlla, Əl-Aizi, onun oğlu, Cünadə Səlmani, Nafe Cəməli, Həbib ibn Məzahir, Həccac ibn Məsruq, Sə`d ibn Abdullah, Müslim ibn Ovsəcə, Müslim ibn Kəsir, İbn Səmamə, Qasid ibn Züheyr, onun iki qardaşı, Əbu Səmamə Ömər Saidi, Ömər ibn Qərzəe Ənsari, Abdullah ibn Roə, Əbdür-rəhman ibn Urvə, Abdullah ibn Əmir və digər cəsarətli şiələr Kufədən qaçaraq İmam Hüseynə (ə) qoşuldular. Və Aşura günü imamla birgə şəhid oldular. Kufədən qaça bilməyən bəzi şiələr isə Yezidin qoşununa qoşularaq Kərbəlaya gəlib orada Həzrət Hüseynin (ə) dəstəsilə birləşərək şəhid oldular. Noman ibn Ömər, Hüllac ibn Ömər, Məsud ibn Həccac, Əbdürrəhman ibn Məsud da belələrindən idi.
Bəzi Kufə şiələri də, İmam Hüseynin (ə) məktublarını yetirən elçilər idi. Onlar axır nəfəslərinədək İmama (ə) sədaqətli olmuş, ən ağır işgəncələrə dözərək, öz şiə dostlarının məktublarını düşmən əlinə keçməsinə imkan verməmişdirlər. Və böyük rəşadət nümayiş etdirərək şəhid olmuşlar. Abdullah Həmiri, Qeye Seydabi və başqaları buna misal ola bilər.
İbn Ziyadın qoşununa qoşulan kufəlilər arasında tam qətiyyətlə bir nəfər də şiənin olmadığını iddia etmək olar. Tarixdə qeyd olunmuş Muxtar Səqəfinin qisas aldığı kufəlilərin adları sırasında da, şiələrdən əsər-əlamət belə yoxdur. Həmçinin İmam Hüseyn (ə) Kərbəlada düşmən qoşunlarına; «Ey Ali-Süfyan şiələri! Əgər dininiz yoxdur və qiyamət günündən qorxmayırsınız, heç olmasa azad insanlar olun!» deyə müraciət etmişdir. Onlara «şiələrim» deyə müraciət etməmiş və «düşmən şiələri» (tərəfdarları) adlandırmışdır. Bununla da, Kufə şiələrinin İlahi imtahanından üzü ağ çıxdığını söyləyə bilərik.