21 Noyabr 2024 - 21
Şümri-dun ilə Hüseyn eşqin düşüb sevdasına,
Rey həvasına biri, biri bəla səhrasına.
Şümrü-dun yəğmayə verdi din ilə imanını,
Mülkü-Reydən ötrü tərk etdi bütün vicdanını,
Təşnə öldürdü su üstə Kərbəla mehmanını,
Baxmadı nə Əsğəru nə Əkbəru Əbbasına.
Badeyi-eşqi, Hüseyn, bir cürə kim nuş eylədi,
Canını, övladını yeksər fərmayuş eylədi,
Möhnətu dərdü qəmə öz canını tuş eylədi,
Atdı bir dəmdə özün eşqin dərin dəryasına.
Bu Hüseynə eşqində kimsə bərabər durmasın,
Xahi İbrahimu İsmail mükərrər durmasın,
Kəbədən yağsın məqamın bəlkə Hacər durmasın,
Qürbdə, yetməz məqamı Kərbəla Minasına.
Ver xəbər, badi-səba, Yəqubə, sonra Hacərə,
Ağlama İsmailə, ya Yusifi-mahpeykərə,
Ölmək üçün zinət eylər Leyli oğlu Əkbərə,
Bir baxın eşqi-Hüseynə, Əkbərü Leylasına.
Eşq mülkini Hüseyn tək kimsə abad etmədi,
Kimdü Mənsur, kimdü Məcnun, böylə bir ad etmədi,
Üz verib yüz qəm ona, bir ləhzə fəryad etmədi,
Mərhəba, səd mərhəba bu aşiqin sevdasına.
Var yeri olsa əgər İsabni-Məryəm çakəri,
Nuhu-Musa pasibani olmuş, Adəm çakəri,
Bu Hüseyn Kərbübəlanı cümlə aləm çakəri,
Məryəmü Sara kəniz ol Zeynəbi-ülyasına.
Kəbeyi-kuyin əgər olsaydı qismət Vahidə,
Cümleyi-hüzzar ilən ol pak türbət Vahidə,
Ruzi-məhşərdə fəramuş etmə rəhmət Vahidə,
Cananı etdi fəda bu ümmətin xülyasına.
Əliağa Vahid (1895-1965)