22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kufəlilərin İmama yazdıqları məktub
20.01.2018

Bu yığıncaqdan sonra kufəlilər İmam (ə)-a aşağıdakı məzmunda bir məktub yazdılar:

Bismillahir-Rəhmanir-Rəhim.


Bu məktub Hüseyn ibni Əliyə Kufə əhalisindən olan Süleyman ibni Sürəddən, Müseyyib ibni Nəcbətdən, Rəfaət ibni Şəddad Bəclidən, Həbib ibni Məzahirdən və onun digər şiələrindəndir.


Salam olsun sizə. Sonsuz həmd-səna olsun tək Allaha. Allaha şükür olsun ki, düşməninizin (Müaviyənin) arxasını yerə vurdu. O, qəddar və kinli bir adam idi, İslam ümmətinə hakim olaraq, hökumət işlərini onların əlindən oğurlamışdı. Beytül-malı zorla alırdı, cammatın razılığı olmadan onlara hökmranlıq edib yaxşı insanları qətlə yetirmiş, alçaq və yaramazları onların yerinə təyin etmişdi.
Allah malını özünün, ailəsinin və zülmkar dostlarının eyş-işrətinə sərf edirdi. Allah Səmud qövmünü Öz rəhmətindən uzaq etdiyi kimi, onu da Öz rəhmətindən uzaq etmişdi.


Ey Rəsulullahın oğlu! Bil ki, səndən başqa bizim imamımız yoxdur. Bizim şəhərimizə gəl, inşallah, Tanrı sənin qüdrətli əllərinlə bizi haqq mehvərində cəm edər. Hal-hazırda Nöman, yəni Bəşir hökumət qəsrində oturmuşdur, amma bizim heç birimiz onunla həmfikir deyilik; cümə və bayram namazlarına getmirik. Hər vaxt sənin Kufəyə tərəf gəlməyindən xəbər tutsaq, dərhal onu Kufədən qovacağıq ki, Şama gedib, öz mövlasına (Yezidə) qoşulsun. İnşallah!


Bu məktubu Əbdüllah ibni Mismə Həmdani və Əbdüllah ibni Valaya tapşıraraq tez bir zamanda İmama çatdırmağı xahiş etdilər. O iki nəfər də təcili olaraq özlərini Məkkəyə çatdırıb mübarək Ramazan ayının 10-da İmam Hüseyn (ə)-ın hüzuruna çatdılar.
Kufəlilər məktub yazmalarından iki gün keçməmiş, daha 150 məktub yazaraq Qeys ibni Müshir Seydavi, Əbdürrəhman ibni Əbdullah ibni Şəddad Üzdi, Əmmar ibni Əbdüllah Səlulinin vasitəsi ilə Məkkəyə göndərdilər. Hər bir məktubda kufəlilərdən bir neçəsinin imzası var idi. İki gündən sonra kufəlilərin daha mühüm bir məktubu Hani ibni Hani Əssəbli Səid ibni Əbdullah Hənəfinin vasitəsi ilə Məkkəyə göndərildi ki, məktubun məzmunu belə idi:


"Bismillahir Rəhmanir Rəhim.
Bu bir ərizədir Hüseyn ibni Əliyə, onun şiə və fədailəri tərəfindən.
Ey əziz İmam! Təcili olaraq özünü Kufəyə çatdır. Camaat sizin gəlişinizi közləyir, sizdən başqa heç kimi rəhbərliyə qəbul etmirlər. Elə isə tələsin, tələsin, tələsin! Vəssalam.


Başqa bir məktub da Şibs ibni Ribi, Həccar ibni Əbcər İcli, Yəzid ibni Haris ibni Rüveym, Əzrət ibni Qeys Əhməsi, Əmr ibni Həccar Zübeydi, Məhəmməd ibni Ümeyr ibni Əttar Təmrinin imzası ilə göndərilmişdi ki, məzmunu belə idi:
...Səhralar yaşıllaşmış, meyvələr yetişmişdir. Bizə tərəf gəlin. Bizim ordumuz hazırlanmış, təchiz olunmuş halda sizin fərmanınızı gözləyir. Allahın salam və rəhməti sizə olsun!


Kufəlilərin nümayəndələri bir-birinin ardınca əllərində məktub İmam (ə)-ın yanına gəlirdilər. Hətta təkcə bir gündə altı yüz məktub gəlib çatırdı. Nəhayət, məktubların sayı 12 minə çatdı.


Amma İmam Hüseyn (ə) bu məktubların heç birinə etina etmirdi. Hətta bir gün Kufə əhalisindən İmam (ə)-a bir xəbər gəlib çatdı. Bütün Kufə əhli yazmışdılar ki, Ey Hüseyn, ey Peyğəmbər qızının oğlu, sən bilirsən ki, Yezid bizə zülm edir, kişilərimizi öldürür, mal-dövlətimizi qarət edir. Onun tüğyançılığı həddini aşmışdır. Biz də öz məktublarımızda səndən istəmişik ki, yanımıza gələsən, sənə kömək edib, Yezidlə vuruşaq, xilafəti sənə həvalə edək. Siz isə heç bircə dəfə də olsun etina etmirsiniz.


Ey Hüseyn, səni and veririk, cəddin Mühəmməd Müstafanın haqqına ki, bizim yanımıza gələsən, biz də Sizin köməyiniz ilə Yezidə qarşı vuruşaq, onu xilafətdən salaq. Əgər razı olmasan, bizim istəkləri qəbul etməsən, qiyamət günü Allah qarşısında deyəcəyik ki:
İlahi, Hüseyn (ə) bizə zülm etdi, bizə zülm olunmasına razı oldu, bizə olunan zülmün qarşısını almadı. İlahi, bizim haqqımızı Hüseyndən al. Bu halda sən Allah qarşısında nə cavab verəcəksən? Allah bəndələrinə qarşı etdiklərinin cavabını necə verəcəksən?"