21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
İmam Hüseynin (ə) Kərbəlaya hərəkətinin hikməti və şəhid olacağını bilməsi mövzusu şiə alimləri arasında çox mübahisəli məsələdir və bir çox böyük alimlər o haqda söhbət açmışlar. Şəhid Mürtəza Mütəhhəri və Salehi Nəcəfabadi bu mövzuda önəmli fikirlər irəli sürən şəxsiyyətlərdəndirlər və onların hər ikisinin nəzəriyyəsinin özünəməxsus tərəfdarları var. Bu yazıda İmamın elmi ilə bağlı sözügedən iki nəzəriyyə arasındakı fərqi araşdıracağıq.
İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi haqqında yazılan ilk kitablardan biri Salehi Nəcəfabadinin qələmə aldığı "Şəhidi-cavid" (Əbədi şəhid) kitabıdır. Bu kitab geniş təhlilə yer verilən çox nadir kitablardandır. Əlbəttə, onun baxışları və əsasları bir çox alim və tədqiqatçı tərəfindən tənqid edilmişdir. İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi mövzusunda ciddi tənqid olunan məsələlərdən biri İmam Hüseynin (ə) şəhid olmasını bilməsi məsələsidir. O, kitabın əvvəlində İmamın (ə) şəhid olacağını bilməsi haqqında belə yazır:
"Rədd edilməsi mümkün olmayan rəvayətlərə görə Allah rəsulu (s) öncədən İmam Hüseynin (ə) şəhid olacağını bildirmişdi. İmam Hüseyn (ə) özü hələ uşaqlıqdan bilirdi ki, sonda şəhid olacaq. Bu, qəti mətləblərdəndir. Amma o həzrətin (ə) şəhid olacağı zaman da dəqiq bəlli idi, ya yox? Bu məsələyə şiə alimləri arasında iki baxış mövcuddur:
1. O həzrət (ə) ümumi və müxtəsər şəkildə bilirdi ki, sonda şəhid olacaq. Amma bu səfər zamanı şəhid olub-olmayacağı məlum deyildi. O həzrət (ə) Kufəyə hökumət qurmaq üçün getdi.
2. Digər baxışa görə, İmam Hüseyn (ə) o hadisənin bütün təfərrüatını, nə zaman, hansı nöqtədə şəhid olacağını bilirdi. Amma bu qeybi bilməsi ona mükəlləfiyyət gətirmirdi. Əksinə, onun vəzifəsi təbii və adi qaydada davranmaq idi.
3. Başqa bir baxış isə budur ki, İmamın (ə) vəzifəsi şəhadətə doğru hərəkət etmək idi və bunu islamın yeganə qurtuluş yolu hesab edirdi.
"Şəhidi-cavid" əsərinin müəllifi birinci baxışa üstünlük verir və bildirir ki, İmam Hüseynin (ə) məqsədi şəhadət olmamışdır. Əksinə, o, islam hökuməti qurmaq istəmişdir. Onun fikrincə, qiyamın ilk mərhələsində, yəni Mədinədən Məkkəyə hicrət zamanı İmam (ə) Yezidə beyət etməkdən imtina etməklə hökumət qurmağın mümkün olub-olmaması mövzusunu araşdırmaqla məşğul idi. İkinci mərhələdə, yəni Kufəyə doğru hərəkət zamanı İmam (ə) kufəlilərin dəvətinə cavab olaraq hökumət qurmaq məqsədilə ilə silahlı mübarizəyə qərar vermişdi. O, İmamın (ə) elmi haqqında yazır: "Onun vəzifəsi zahirə əməl etmək idi və məqsəd hökumət qurmaqdır.
"Şəhidi-cavid" kitabını və Salehi Nəcəfabadinin fikirlərini ciddi tənqid edən görkəmli şəxsiyyətlərdən biri şəhid Mürtəza Mütəhhəridir. Belə ki onun "Şəhidi-cavid" kitabı haqqındaki çıxışları "Həmaseyi-Hoseyni" (Hüseyn qəhrəmanlığı) kitabında toplanmışdır. O, ikinci baxışa üstünlük verir və Salehi Nəcəfabadinin fikrinə aşağıdakı iki yanaşmanı qeyd edir:
Birincisi, İmam Hüseyn (ə) qiyamı "yaxşılığa əmr və pisliyə qadağa" baxımından özünə vacib bilirdi və bu vəzifəni həyata keçirmək heç bir vəchlə intihar kimi anlaşılmır. İmam Hüseyn (ə) belə bir prosesdə sübut etdi ki, "yaxşılığa əmr və pisliyə qadağa", bu islam prinsipinə görə canından, əzizlərindən, malından, sərvətindən keçmək və camaatın qınağına dözüm göstərmək olar. Dünyada "yaxşılığa əmr və pisliyə qadağa" prinsipinə kim İmam Hüseyn (ə) qədər dəyər verə bilmişdir? Hüseyn hərəkatının anlamı budur ki, "yaxşılığa əmr və pisliyə qadağa" prinsipi, uğruna bu qədər fədakarlıq edəcək qədər yüksək prinsipdir.
İkincisi, İmam Hüseynin (ə) qiyamı insanların düşüncələrinin aydınlanmasına səbəb oldu. Çünki o zaman əlaqələr bu gün olduğu kimi deyildi ki, camaat hadisələrdən vaxtında xəbərdar olsunlar. İmamın (ə) şəhadətindən sonra ümumi kütlə hələ yeni anladı ki, Hüseyn ibn Əli (ə) şəhid olmuşdur. İmam Hüseynin (ə) buyurduğu "(Bu halda) İslamla xudahafizləşmək lazım gələcək. Çünki islam ümməti Yezid kimi bir çobanın əlində qalacaq"sözlərini hələ yeni anladı. O, Aşurada da buyurdu ki, bunlar məni öldürəcəklər. Amma mən bu gün sizə deyirəm ki, məni öldürəndən sonra artıq hökmranlıqlarını davam etdirə bilməyəcəklər. Belə də oldu və Bəni-Üməyyə süqut etdi.
Mərhum Mütəhhəri "Şəhidi-cavid" kitabına tutduğu iradların arasında "İmam Hüseyn (ə) (Kərbəla səmtinə) öldürülmək məqsədilə və öldürüləcəyini bilərək hərəkət etdi, ya yox?" sualına cavab olaraq deyir: "Tarixi baxımdan İmam Hüseynin (ə) Kərbəla məqsədilə və ya öldürüləcəyini bilərək hərəkət etməsini sübut etmək olmaz. Əksinə, hadisələrin zahirini nağıl edən tarixə görə İmam (ə) Kufəyə doğru və o məqsədlə yola çıxdı. İmam (ə) Hürrlə qarşılaşdı. Hürr ona İraq torpaqlarından çıxmağa icazə vermədi. İmam (ə) da Hürrün mühafizəsi altında Kufəyə getməyi qəbul etmədi və qərb istəqamətinə, yolun soluna yönəldi. Nəticədə Kərbəlaya gəlib çıxdılar. Sonra İbn Ziyadın məktubu nəticəsində orada dayandılar. Öldürüləcəyini bilmək baxımından da tarix bu səfərin təhlükəli və etibarsız olmasından başqa bir şey isbatlamır.
Son olaraq demək lazımdır ki, İmam Hüseynin (ə) şəhid olacağını bilməsi ilə o həzrətin (ə) qiyamının hikməti haqqında sıx əlaqə var. Belə ki bu baxışların hər biri İmam Hüseynin (ə) qiyamnın hikmətinə də bir baxış müəyyən edir. Əlbəttə, Salehi Nəcəfabadi sonradan "Negahi be həmaseyi-Hoseyni" adlı başqa bir kitab yazdı, orada bəzi fikirlərinə yenidən aydınlıq gətirdi və şəhid Mütəhhərinin bəzi sözlərini tənqid etdi.
Səccad Sükut