22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura hadisəsindən sonra Bəni-Üməyyənin əleyhinə baş verən qiyamlar
22.01.2018

Aşura vaqiəsindən sonra Bəni-Üməyyənin əleyhinə ardıcıl şəkildə qiyamlar, bu vaqiənin əsas nəticələrindən biri kimi sayılır. Ona görə ki, bu qiyamların rəhbərləri Aşura hadisəsindən ilham alır və özlərini İmamın (ə) ardıcılları və fədailəri kimi tanıtdırırdılar. Biz bu qiyamların bir neçəsini çox ixtisarla bəyan etmək istəyirik:

1. Abdullah ibn Əfifin qiyamı
Abdullah mö`min və mücahid bir şəxs idi. O Əhli-beytə (ə) olan zülm və sitəmlərə dözə bilməyib Ubeydullah ibn Ziyada qarşı qiyama qalxdı. Abdullah qorxmaz və cəsur olduğu üçün Ubeydullahla sərt danışır və bu işi camaatın gözü qabağında edirdi. Abdullahın şücaəti böyük bir qrupun ürəyindən qorxunu götürüb Ubeydullaha qarşı üsyan etməyə həvəsləndirdi. Və nəhayət bu qəhrəman şəxsin rəhbərliyi altında xalqın bir qismi Yezid və Ubeydullahın hakimiyyətinə qarşı ayağa qalxdılar.

2. Mədinəlilərin qiyamı
Kərbəla qəhrəmanı sayılan Həzrət Zeynəb (ə) qardaşı oğlu İmam Zeynülabidinlə (ə) birgə bu hadisənin təbliğatçısı sayıldılar. Bütün müsəlmanların qeyrətini cuşa gətirən bu iki İlahi şəxsiyyət Mədinə camaatının da ayağa qalxmalarına səbəb oldular. Hətta iş o yerə yetişdi ki, Mədinənin hakimi Ömər ibn Səid, Mədinə camaatının hakimiyyətə qarşı çıxmasını xəlifə Yezidə yazdı və Yezid Həzrət Zeynəbi xalqdan uzaq saxlamağı əmr etdi.

3. Təvvabin (tövbə edənlər) qiyamı
Təvvabin İmam Hüseynin (ə) qiyamı zamanı ona kömək etməyən və sonradan peşman olaraq bir yerə cəmləşib Yezidin əleyhinə qiyam etmək istəyən tövbə edənlər idi. Peşmançılıq hissi və vicdan əzabına dözə bilməyən bu kütlə, günahlarının bağışlanmasını İmamın (ə) qatillərini öldürməkdə və bu yolda cihad etməkdə gördülər. Bu kütləyə rəhbərlik edən Süleyman ibn Surəd Xəzai Aşura hadisəsindən sonra xalqı Bəni-Üməyyənin əleyhinə təhrik etməyə başladı. Bu iş Yezidin ölümünə qədər davam etdi.
İnqilabçılar hicrətin 65-ci ili Yezidin ölümündən sonra İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün yola düşdülər. İmamın (ə) mübarək mərqədinə çatdıqdan sonra fəryad çəkərək zar-zar ağlamağa başladılar. Ah-nalə içində qərq olmuş Təvvabin hönkür-hönkür ağlayaraq deyirdilər: «İlahi! İmam Hüseyn şəhid və şəhidin oğlu, haqqa yönəlmiş, haqq sahibinin oğlu, doğru danışan və vicdanlı kişinin oğlu idi. Ey Rəbbimiz, özün onu rəhmətinə qərq et! İlahi! Biz İmamımızın (ə) dinində və onun yolunda olmağımıza şəhadət veririk. Biz İmamın (ə) dostları ilə dost, düşmənləri ilə düşmənik. İlahi! Biz Peyğəmbərin (s) balasını tək qoyduğumuz üçün tövbə edirik və sən özün bizi bağışla... »
Dualarını oxuduqdan sonra Şam şəhərinə tərəf hərəkət etdilər. Çünki, Təvvabin İmam Hüseynin (ə) qətlini yalnız Şamda yerləşən hökumət idarəçiliyində görürdü. Yolun yarısında Üməvilərin qoşunu ilə üzbəüz gələn Təvvabin çox gərgin vuruşmalardan sonra şəhadətə yetişsələr də onların bu qiyamının Üməvilərin hakimiyyət sütunlarının titrətməsində çox böyük rolu oldu.

4. Muxtarın qiyamı
Təvvabinin İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə yetişdiklərindən sonra, bu ağır vəzifənin davamını Muxtar Səqəfi öz öhdəsinə götürdü. Muxtar İmam Hüseynin (ə) qanının intiqamını almaq üçün başına 24-mindən çox qoşun toplaya bildi. O, Həzrət Əlinin övladlarından biri olan "Məhəmməd ibn Hənəfiyyə"dən öz qiyamı üçün göstəriş almağını deməklə xalqın bu qiyama olan etimadını bir az da çoxaldırdı.
Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala bildi. O, hətta bir gündə Kərbəla qatillərindən 280 nəfəri həlak etdi. Və cinayət başçılarından bir çoxunun evlərini viran etdi. Xarab olmuş evlərin arasında Kərbəlada baş vermiş cinayətlərdə böyük rolu olan «Məhəmməd ibn Əşəs»in də evi var idi. Muxtar göstəriş verdi ki, o evin ləvazimatı ilə Ziyad ibn Əbihin əmrinə əsasən sökülmüş Həzrət Əlinin (ə) yavərlərindən olan «Hicr ibn Ədi»nin evini bərpa etsinlər.

5. Abbasilərin qiyamı
Aşura hadisəsindən sonra Üməvi hakimiyyətinin süqutuna səbəb olan ən böyük qiyam, Abbasilərin qiyamı idi. Abbasilər hicrətin 132-ci ilində dövlət çevrilişi etməklə hakimiyyətə gəldilər. Abbasilərin qələbəsində rol oynayan ən böyük amil, Bəni-Üməyyə hakimiyyətinin Bəni-Haşimə və xüsusi ilə də İmam Hüseyn (ə) və onun ailəsinə olan zülmləri xalqa xatırlamaq oldu.