03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur?
24.01.2018

İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur?

İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması ilə bağlı nəzər ayrılıqları vardır. Bəziləri Kərbəlada, bəziləri Nəcəfdə, bəziləri Mədinədə, bəziləri Dəməşqdə və hətta Qahirədə belə dəfn edildiyini iddia edirlər.

Seyyid ibni Tavus "Luhuf"da yazır: "Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir". Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur.

Şeyx Təbərsi "Tacul məvalid" kitabında yazır: "Bəzi imamiyyə səhabələri deyirdilər: "İmam Hüseynin (ə) başı Şamdan gətirilmiş və Həzrətin Kərbəlada olan bədəninə qovuşdurulmuşdur"".

Qədimi kitablardan olan Əbu Reyhan Biruninin "Əsari-baqiyədə" oxuyuruq ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də cənazəsinə qovuşdurulmuşdur.

İbni Cuzi "Təzkirətul-xəvas" kitabında yazır: "Ən məşhur hədis odur ki, Hüseyn ibni Əlinin (ə) başı Mədinədən Kərbəlaya gətirilmiş və cənazəsi ilə birlikdə dəfn olunmuşdur".

Zəkəriyya ibni Muhəmməd Qəzvini "Əcayibi-məxluqat" kitabında yazır: "Səfər ayının birinci günü Bəni-Öməyyənin bayram günüdür ki, o gündə Hüseynin (ə) başını Dəməşqə daxil etdilər və səfər ayının 20-də Hüseynin (ə) mübarək başı Kərbəlaya qaytarıldı".

Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək bədəni ilə birlikdə dəfn olunmuşdur.

/Deyerler.org/