23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura gecəsi imam Hüseynin (ə) xütbəsi
30.01.2018

Günəş aram-aram qürub edirdi. Onlar öz düşərgələrinə, imamın səhabələri xeymələrə qayıtdı. Sonrakı hadisələri imam Səccad (ə) nəql edir: Mötəbər bir rəvayətə əsasən imam Səccad (ə) buyurur: "Elə ki, onlar getdilər və gecə düşdü atam səhabələri bir yerə toplaylıb buyurdu: "Pərvərdigara! Ən üstün həmd-sənanı Sənə deyirəm. Sənə həm xoş, həm çətinliklər üçün sitayiş edirəm. Pərvərdigara! Sənə həmd-səna deyirəm ki, biz peyğəmbər ailəsini peyğəmbərə xatir əziz, möhtərəm tutdun və Quranını bizə təlim etdin. Bizi dinində fəqih etdin, bizə qulaq, göz, qəlb verdin. Bizi nemətinə şükr edənlərdən qərar verdin."


İmamın bir buyuruğu səhabələri üçün ən böyük iftixardır. O həzrət buyurur: "Mən öz səhabələrimdən vəfalısını və üstününü tanımıram. Yəni atam Əmirəlmömininin səhabələri də sizin dərəcəyə çatmayıb. Peyğəmbərin Əbuzər, Miqdad, Salman və İbrahim kimi səhabələri də sizdən üstün olmayıblar. Mən heç bir əhli-beyti öz əhli-beytimdən xeyirxah və fəzilətli görmədim. Allah mənim tərəfimdən sizə xeyir, əvəz, mərhəmət əta etsin. Mən yəqin etmişəm ki, sabah düşmənlərlə üzləşəcəyimiz gündür. Hamınıza getmək üçün icazə verirəm. Siz beyət etdiniz, mən isə bu əhdi üzərinizdən götürürəm. Mənim tərəfimdən sizin üçün heç bir tələb yoxdur. Gecə sizi bürümüşdür. Onu özünüz üçün vasitə, minik qərar verin. Əshabın hər biri mənim əhli-beytimdən bir nəfəri özü ilə götürsün. Öz şəhər və kəndlərinizə üz tutun. Allahın qurtuluşu nəsibiniz olsun. Bu qövm məni ələ keçirmək istəyir. Məni tutub öldürdükdən sonra kimsə ilə işləri olmayacaq."


Söz bu yerə çatanda birinci ayağa qalxıb söz deyən imamın qardaşı həzrət Abbas oldu. O dedi: "Bu nə işdir bizə təklif edirsən?! Nə üçün belə etməliyik? Ondan ötrü ki, səndən sonra yaşayaq?! Allah bizə o günü göstərməsin ki, sən olmayasan biz olaq!"


Həzrət Abbasın o biri qardaşları da onun dediklərini təsdiqlədilər. Sonra imam Hüseyn (ə) Əqil ailəsinə üz tutub buyurdu: "Sizin üçün müsibət yetər. Gedin buradan." Onlar dedilər: "Heç vaxt belə etməyəcəyik. Canımızı, malımızı, ailəmizi sənə fəda edərik. Səninlə birgə döyüşərik, sənin gedəcəyin yerə gedərik. Allah səndən sonrakı həyatı kəssin. Tutaq ki, sən icazə verdin və biz getdik. Əgər xalq bizdən nə etdiyimizi soruşsa deməliyik ki, seyyidimizi, ağamızı, imamımızı düşmən dəryasında tənha qoyduq və öz göstərişi ilə gəldik?! Bundan da böyük rəzalət olarmı? Tutaq ki, dünyanı seçdik. Qiyamət günü anan Fatimənin və baban peyğəmbərin qarşısında nə cavab verərik?!" Bütün Bəni-Haşim eyni sözü təkrarladı. Nəhayət növbə səhabələrə çatdı. O böyük pir, Müslim ibn Ovsəcə ayağa qalxdı və dedi: "Biz səni tənha buraxaq? Allahın qarşısında, imamımızın haqqını əda etməkdə üzrümüz nə olacaq?! And olsun Allaha, belə etməyəcəyik. Həmin an gəlməlidir ki, mən nizəmlə düşmənin sinəsini yarım, qılıncımla onları doğrayım. Əgər silahım olmasa onlara daşla hücum edim. And olsun Allaha, heç vaxt səndən əl çəkmərik. Qoy Allah bilsin ki, peyğəmbər olmayan dövrdə Onun canişinini necə hifz etdik. And olsun Allahın müqəddəs zatına, bilsəm ki, 70 dəfə öldürülüb dirildiləcəyəm, yenə sənə yardımdan əl çəkməyəcəyəm. Axı necə belə etməyim ki, qarşıda bircə ölüm var?! Bu ölümdən sonra isə heç vaxt sona çatmayan böyük kəramət var." Bu böyük insanlar həqqül-yəqin dərəcəsinə çatmışdılar. Onlar doğru yolda olduqlarına zərrəcə şübhə etmirdilər.


Böyük Kərbəla sərkərdəsi Züheyr ayağa qalxdı və dedi: "Mənim üçün öldürülmək, sonra tikə-tikə doğranmaq, min dəfə bu işin təkrarlanması əzizdir. Amma bu səbəblə Allah-təala səni və əhli-beyt cavanlarını hifz etsin." Züheyrin ardınca Səid ibn Abdullah Hənəfi və digər səhabələr də bu sayaq danışdılar.


Görən imam Hüseyn (ə) öz yoldaşlarının bu dərəcədə vəfalı olduğunu bilmirdimi? Mən inanıram ki, imam bunu çox yaxşı bilirdi. İmam yalnız ona görə "gedin" buyurdu ki, imam Hüseynin (ə) ətrafında necə şəxsiyyətlərin olduğunu bütün bəşəriyyət bilsin. Bu vəfalı səhabələr Allaha doğru yüksəlişdə kamala çatmışdılar. İmam onların məqamını bilirdi. Amma bu sözləri buyururdu ki, sənəd olaraq saxlanılsın, 14 əsr sonra bəşəriyyətə bəyan olsun ki, Kərbəlada Əbi Əbdillahın belə yoldaşları vardı. İmam Hüseyn (ə) öz fədakar yoldaşlarına bir işarə ilə behiştdəki dərəcələrini göstərdi. Bu səbəbdən də səhəri gün (aşura) sanki qılıncların və nizələrin ağrısını hiss etmirdilər. Onlar qanlı meydanda şux davranır, fərəh duyurdular. Çünki inanırdılar ki, bir saatlıq qılınc və nizələrlə oynadıqdan sonra Allahın görüşünə gedəcək, həzrət Peyğəmbər (s) və Əli (ə) ilə üzbəüz dayanacaq və Allahın böyük kəramətini əldə edəcəklər.
İmam Hüseyn (ə) buyurdu: "Gərək hazır olaq. Çünki bu gecə axır gecədir. Gərək azuqəmizi götürək. Bu gecə namaz, zikr və dua gecəsidir." Sonra sözünə belə davam etdi: "Abbas, qardaşım! Əli, oğlum! Su əldə etmək lazımdır. Yuyunmaq, hətta libaslarımızı yumaq istəyirik. Çünki sabah Allahın müqəddəs zatı ilə görüş günüdür. Zahirimiz də təmiz olmalıdır. Otuz süvari və iyirmi piyada böyük məşkləri götürdülər və çaya doğru hərəkət etdilər. Əmr ibn Həccac səs eşidib dedi: "Kimdir?" Nafe dedi: "Əmin oğlu Nafe ibn Hilalam." Əmr dedi: "Nə istəyirsiniz?" Nafe dedi: "Gəlmişəm su içəm və su aparam." Əmr dedi: "İç." Nafe dedi: "Necə su içim ki, Hüseyn və övladları teşnədir?" Əmr dedi: "Mən də bilirəm. Amma Əmr belə buyurub." Nafe fəryad çəkdi: "Ey süvarilər, bunları qarşınızdan qovun və çaya üz tutun." Süvarilər həmlə edib Əmrin adamlarını pərən-pərən saldılar. Piyadalar məşkləri doldurdular və çaydan uzaqlaşdılar. Süvarilər Əmrin adamları ilə vuruşdular. Bu savaşda imamın yoldaşlarından kimsə şəhid olmadı. Düşməndən isə bir nəfər öldürüldü. Beləcə, imamın hərəminə 20 məşk su gətirildi.


Əliəsğər Səffar Hərəndi