22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Məhəmməd Füzuli, Kərbəla Müsibəti və "Hədiqətüs-Süəda" əsəri
31.01.2018

Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir.

Məhəmməd Füzulinin anadan olduğu il və yer barəsində müxtəlif mülahizələr mövcuddur. Şair özü farsca divanının dibaçəsində bu xüsusda belə yazır: "Doğulduğum və yaşadığım yer İraqi-ərəbdir".

Bir çox arşdırmaçılar, o cümlədən Əbdülbaqi Gölpinarlı, Həmid Araslı və Əbdülqadir Qaraxan şairin aşağıdakı qitəsinə əsasən onun Kərbəlada (1483) doğulduğunu iddia edirlər.

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xəlq onun müştaqıdır.

Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Şair İraqda doğulmasına baxmayaraq, mənşəcə türk xalqlarının Boyat soyuna mənsubdur. (Boyat – Oğuzlarin ən qədim soylarından biridir və Səlçuqların dövründə İraqda məskunlaşmışlar). Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir. Bununla bərabər şair türkcə və farsca divanlarının dibaçəsində və "Hədiqətüs-süəda"nın dibaçəsinin axırında özünün türk və türkdilli olduğunu belə ifadə edir:

Ey feyzi-rəsani-ərəbü türkü əcəm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türkzəbandan iltifat eyləmə kəm.

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda və Nəcəfdə davam etdirmiş, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Şairin ərəb, fars və türk dillərinə dərindən bələd olması farsca divanın dibaçəsində də görünməkdədir: "...Bəzən ərəbcə şer yazdım və ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım... Bəzən fars dili sapına inci düzdüm və o budaqdan könül meyvəsi dərdim..."

Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmləri), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasıda yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmışdır.

Farsca: Divan, "Həft cam", "Ənisül-qəlb", "Rindü Zahid", "Hüsn və Eşq", "Müəmma risaləsi";

Türkcə: Divan, "Leyli və Məcnun", "Hədiqətüs-süəda", "Bəngu badə", "Məktublar", "Söhbətül-əsmar", "Tərcümeyi-hədisi-ərbəin";

Ərəbcə: "Məcmueyi-qəsaid", "Mətləül-etiqad fi mərifətül məbda vəl məad" kimi möhtəşəm əsərlər yaratmışdır.

Füzulinin əsərlərini incələdikcə məlum olur ki, o çox ağır fəqiranə bir həyat keçirmişdir. Bu şairin "Şikayətnamə" əsərində daha aydın görünür. Şair ovqaf idarəsindən bir müddət təqaüd almış və sonradan bu təqaüd kəsilmişdir. (Qanuni Sultan Süleyman tərəfindən kəsilən günlük 9 axça). O, bu barədə ovqaf idarəsi rəisinə xitabən yazdığı qitədə belə deyir:

Ruzi yeyənik ali-Rəsulun qapısında,

Bir ömrdür olmuş bizə bu ruzi müqərrər.

Bu ruzi yolu bizlərə bağlanmamış əsla,

Layiq bizik aləmdə belə ruziyə yeksər.

Dünyada qənaətlə bizik kim, bəyənildik,

Ağgün qocalar, Həm ürəyi varlı fəqirlər.

Fəqət şair həyatını fəqirliklə keçirsə də, zamanının sultan və hakimlərinin himayəsində məddahlıqla məşğul olmamış, saraya meyl etməmişdir.

Füzulinin vəfat tarixi barəsində 2 məhşur və güclü rəvayət vardır. Biri 1556-cı il (h.q. 963), digəri isə 1562-ci illə bağlı olan rəvayət. Bu iki fərqli tarixlərin hansının daha düzgün olması şairin vəfatı barədə "Riyazüş-şüəra"da verilmiş maddeyi-tarixin hesablanması zamanı üzə çıxır. Maddeyi-tarix kimi verilmiş "Köçdü Füzuli" əbcədlə hesablandıqda 963-ə bərabər olur. Həmçinin şairin taun xəstəliyindən dünyasını dəyişməsi və Bagdadda da taun xəstəliyinin 1556-cı ildə baş verməsi faktı şairin məhz 1556-cı ildə (h.q. 963) vəfat etdiyini qəti və möhkəm şəkildə təsdiq edir.

Məhəmməd Füzuli vəfat etdikdən sonra öz vəsiyyətinə əsasən Həzrət Əba Əbdillahil Hüseynin (ə) qəbrinin ətrafında torpağa tapşırılmış və qəbrinin üzərində günbəz ucaldılmışdır. Türk araşdırmaçılarından Müslim Erqulun yazdığına görə, Bağdad valilərindən biri şairin

Məzarım üzrə qoymuş mil, əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün qəbrimə ol sərvi-qamətdən

beytinə əsaslanaraq, böyük mütəfəkkirin qəbrinin üzərindəki günbəzi sökdürmüş və İmamın (ə) qəbrinin kölgəsi şairin məzarının üzərinə düşmüşdür.

1975-ci ildə İmam Hüseyn (ə) həriminin ətrafındakı xiyabanların böyüdülməsi ilə əlaqədar şairin cənazəsi məzardan çıxarılaraq, hərəmin kitabxana və xəttatlıq binasında dəfn edilmişdir.

Məhəmməd Füzuli haqqında danışarkən xüsusilə qeyd etmək lazımdır ki, o, yalnız şair və yazıçı deyil, eyni zamanda böyük mütəfəkkir, dini alim və Əhli-beyt (ə) aşiqidir. Əhli-beyt məktəbinə möhkəm etiqadı və 14 məsuma dərin məhəbbəti onun əsərlərində açıq şəkildə təzahür edir. Xüsusən də türkcə və farsca yazdığı mənzum və mənsur əsərlərində etiqad məsələlərinə güclü meyl aydın görünür. Bu yönümdən Kərbəla müsibətindən bəhs edən "Hədiqətüs-süəda" əsəri şairin yaradıcılığının zirvəsi hesab etmək olar.

Kərbəla müsibəti əsrlərlə Əhli-beyt ardıcılları tərəfindən böyük bir üzüntü ilə xatırlanmış, əziz tutulmuşdur. Məhz bu səbəbdən də bu qanlı faciənin dəhşətli acısını özündə daşıyan qəzəllər, qəsidələr, rübailər, növhələr, mərsiyyələrdən tutmuş "Rövzətüş-şühəda", "Məqatilit-talibin"," və "Hədiqətüs-süəda" kimi iri həcmli əsərlər ərsəyə gəlmişdir. Bu əsərlərə "Məqtəli Huseyn" və ya qısaca "Məktəl" adı verilir. (Məktəl nəbilər, imamlar, övliyaların şəhadətinə həsr olunan yazı nümunəsidir).

"Hədiqətüs-süəda" - türk ədəbiyyatında Kərbəla vaqiəsindən bəhs edən ən gözəl məqtəl nümunəsidir. Nəsrlə yazılmış bu əsərdə kifayət sayda qitələr, şerlər yer almışdır:

Kərbəla dəhşətinin avarələrin yad qılıb,

Əxtəri-əşk töküb gərdişi-gərdun ağlar.

Çərxdən ağlama zalim deyü. Ey qafil, kim,

Çəx bu vaqiədə cümlədən əfzun ağlar.

Füzulişünas Cemil Yenerin təbirincə desək, bu əsərdə əhvalatlar nəsrlə, hissiyyatlar nəzmlə vərilmişdir.

"Hədiqətüs-süəda"-dibaçə, 10 bab və xatimədən ibarətdir. Əsərdə bəla və müsibətlər, Kərbəla şahidlərin əhvalı, əzadarlıq barəsində bəhs açıldıqdan sonra kitabın yazılma səbəbləri bəyan olunur.

1-ci baba 8 fəsil daxildir. Bu fəsildə peyğəmbərlərin (ə) həyat əhvalatlarından, başlarına gələn bəla və müsibətlərdən,qarşılarına çıxan imtahanlardan bəhs edilir.

2-cı bab 4 fəsilə bölünür və bu 4 fəsildə Peyğəmbəri-Əkrəmin (s) başına gətirilən müsibətlər və onun bu əzablara səbrlə dözməsi təsvir edilir.

3-cü bab - Hz.Məhəmmədin (s) rehləti və Qədir –Xum əhvalatı;

4-cü bab - Xanım Fafimənin (s.ə) şəhadəti və Mövla Əlinin (ə) kədəri;

5-cı bab – Həzrət Əlinin (ə) şəhadəti;

6-cı bab - İmam Həsənin (ə) şəhadəti;

7-ci bab - İmam Hüseynin (ə) Mədinədən Məkkəyə tərəf yola şıxması;

8-ci bab - Müslim ibn Əqilin şəhadətinin bəyanı;

9-cu bab - İmam Hüseynin (ə) Məkkə səmtindən Kərbəlaya yönəlməsi;

10-cu bab - Hürr ibn Yəzid Riyahinin və İmam Hüseynin (ə) digər yaxınlarının şəhadəti və İmam Hüseynin (ə) Əhli-beyti ilə şəhid olması təsvir edilir.

Xatimənin mövzusunu isə Əhli-beyt xanımlarının (s.ə.) əsarəti və onların Şama gətirilməsi təşkil edir. Xatimədən sonra kiçik bir hissədə "İzhari-təvəllüdi-immə ğeyrə rəziyəllah ənhum" gəlir. Əsər nəsr və nəzmlə verilmiş kiçik bir münactla bitir.

"Hədiqətüs-suəda"nın ən qiymətli cəhəti budur ki, hətta, əziz Peyğəmbərimizin (s) başına gətirilən müsibətlərdən belə söz açıldığı zaman Kərbəla vaqiəsinə, İmam Hüseynin (ə) və onun vəfalı yoldaşlarının şəhadətinə işarə vurulmuş, peyğəmbərlərin (ə) müsibətləri ilə İmam Hüseynin (ə) müsibətləri arasında əlaqə təsvir olunmuş və ya onlar müqayisə edilmişdir.

Firudin bəy Köçərli "Hədiqətüs-süəda" haqqında yazır: "Əgər ki, "Hədiqətüs-suəda" nəsr ilə təhrir olunubdur və bəzi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şerlər vasitəsilə şərhi-məna qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət içində onun dərəcə və mənzuləti çox nəzmlərdən artıqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bu xoş ibarələri və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir-desək, səhv etməmiş olarıq".

"Hədiqətüs-suəda" ilk dəfə h.q 1253-cü ildə Bulaqda nəşr olunmuşdur. Sonra Misir (h.q 1271) və İstanbulda (h.q 1284) çap edilmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, sovet hakimiyyəti dönəmində hökm sürən kommunist rejimi əsərin Azərbaycanda nəşr olunmasına icazə verməmişdir. Yalnız sovet hakimiyyəti devrildikdən sonra professor Əlyar Səfirli 1993-cü ildə bu əsəri kirill əlifbası ilə Bakıda nəşr etdirməyə müvəffəq olmuşdur.

Ey dərdpərvəri-ələmi Kərbəla Hüseyn,

Vey Kərbəla bəlalərinə mübtəla Hüseyn.

Qəm parə-parə bağrını yandırdı dağ ilə,

Ey laleyi-hədiqeyi-Ali-əba Hüseyn

deyən haqq şairi Kərbəla torpağında Əba Əbdillahın (ə) qonşuluğunda uyuyur və Mövlası Hüseynin (ə) pak vücudunun nuruna qərq olmaqdadır.

Allah (c.c) sənə rəhmət etsin, ey Əhli-beyt aşiqi olan haqq şairi!

Allah (c.c) səni axirətdə də Peyğəmbər (s) və Əhli beytinə (ə) qonşu qərar versin! Amin!


İstinadalar:

1. Kulliyati-divani-Füzuli. İstanbul. Mətbeyi-Əxtər.1296 s.101.

2. Həmid Araslı. Böyük Azərbaycan şairi Füzuli.

3. Əli Əsğər Şerdust. Molla Məhəmməd Füzulinin həyatı və əsərləri barədə araşdırmalar.

4. Əbdüllətif Bəndəroğlu. Füzuli Məhəmməd.

5. M.Füzuli. I, II, III cild. Tərc.M.Mübariz.

«Dəyərlər»