21 Noyabr 2024 - 21
Bəşər həyatının süjeti
Bəşər həyatını tam olaraq nəzərdən keçirsək, görərik ki, həmişə düyünlər, kulminasiyalar və ondan sonrakı mərhələlər müşahidə olunur. Düyünlər zamanı bir xalqın, toplumun, insanın hansı reaksiyalar göstərməsi, hadisələri kulminasiya anına çatdırması və bu anda necə hərəkət etməsi bütün sonrakı həyatına təsir edir, onun kimliyini formalaşdırır. Əlbəttə, bundan sonrakı mərhələ də olduqca zəruri və əhəmiyyətlidir. Bu cür böyük millətlər formalaşır, əqidələr qalib gəlir, insanlar qəhrəmana çevrilir. Kulminasiyadan sonrakı mərhələni isə çox vaxt əks-təbliğat və fitnə dövrü əhatə edir. Bu zaman məğlub olmuş və ya təhlükəyə məruz qalmış tərəf kulminasiya yaradan hərəkatların mahiyyətində təhrif yaratmağa başlayır, onu idarə etməyə çalışır. Bu zaman intervalı əhəmiyyət baxımından qabaqkı mərhələlərdən dala qalmır. Çünki bütün uğur və qələbələr müsadirə oluna bilər.
Bir neçə nümünə
Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət etməklə nübüvvət yolunda yaranmış düyünü açmaq üçün həyəcan dolu kulminasiya yaradır. Ondan sonra Mədinədə dövlət qurur, amma küfr cərəyanı gizli nifaq cərəyanına çevrilir. Onlar bu prosesi idarə etməyə və öz xeyirlərinə çevirməyə çalışırlar.
Ölkəmizdə milli bir dövlət qurulur, amma sonra dövlət dairələrinə, nazirliklərə sionizmin nüfuzu başlayır, sonda Respublika süqut edir.
İran İslam İnqilabı uzun illər çəkişmələrdən sonra qələbə qazanır, sonra nifaq cərəyanı fəallaşır. İnqilabı əsas hədəfindən yayındırmaq, imperializmlə mübarizədən çəkindirmək üçün gizli fəaliyyətə start verilir.
Quranda da bunu müşahidə etmək çətin deyil. Həzrət İbrahim bütləri qırır və oda atılır, bu mübarizədə qalib gəlir, sonra Nəmrud hadisələri idarə etməyə və zehinləri azdırmağa çalışır. Yaxud Həzrət Musa Fironla mübarizədə möcüzələr göstərir, amma Firon xalqın vətənpərvərlik hissləri ilə oynayaraq onları Musanın ilahi hədəflərinə qarşı səfərbər edir, onu sehrbazlıqda ittiham edir, haqqı qəbul edənləri şiddətli işgəncələrlə hədələyir. Yaxud Həzrət Musanın dərya ilə qarşılaşıb, ilahi təvəkküllə oranı keçməyi, bundan sonra formalaşan Samiri hərəkatı buna bir nümunədir.
Əlbəttə, əgər bu şəxsiyyətlər bu kulminasiyanı yaratmasaydılar, yəni hadisələri özbaşına buraxsaydılar, Allaha təvəkkül edib, bu mübarizəyə başlamasaydılar, ya da onunla əlaqəni qırsaydılar, qələbə əvəzinə rüsvayçı əzaba düçar olacaqdılar. Amma Şeytan ordusu da əl çəkən deyil, necə deyərlər, qapıdan qovanda pəncərədən girir.
Deməli, tarixdə hər bir cərəyanın bütün mərhələləri mühümdür, həssasdır, birinə laqeyd yanaşmaqla bütün zəhmətləri puça vermək, bəzən də idarə üçün düşmən əlinə təhvil verməyə səbəb ola bilər.
Qərbi Asiyada İslam oyanışı başlanır. İslami qüvvələr sürətlə cəmyyətdə tribunalara sahib olurlar. Amma tezliklə Qərb bu məsələni idarə edə və hərəkatı liberal və sekulyar qüvvələrin ixtiyarına verməyi bacarır, hərəkatlar mahiyyətini dəyişib, addım-addım məzhəb qarşıdurmalarına gedirlər.
Bədii ədəbiyyat da bu süjetlər əsasında qurulub. Amma unutmaq olmaz ki, bədii ədəbiyyatda son var, real həyatda isə son heç vaxt yoxdur, mübarizə bütün eniş-yoxuşları ilə daimidir, davam edir. Bir mühüm tarixi hadisənin, hərəkatın tərəfdarları onun sonu olduğuna inansalar, demək, artıq məğlub olmuşlar.
Bəşər həyatında zirvə
Bütün ilahi övliyaların, rəhbərlərin hədəfi Yer üzündə ilahi proqramı həyata keçirmək, bəşəri həqiqi mənada səadətə çatdırmaq, ədaləti bərpa etmək, insanı onun boynuna tağutlar tərəfindən keçirilmiş qandallardan xilas etmək olub. Bu ilahi proqram vəhy vasitəsilə onun övliyalarına verilmiş, icrası üçün əzm və iradəli olmaq tapşırılmışdır.
Bunun müqabilində Şeytan dostları, şeytani öndərlər insanları bu ilahi proqramdan uzaqlaşdırmaq və özünə kölə etmək üçün əllərindən gələni əsirgəməmişlər. Bəzən açıq mübarizə aparmış, bəzən daha təhlükəli olan münafiqliyi seçmişlər. Yəni bəzən silah çəkib Allah dostlarına qarşı bağırtı ilə hücum etmiş, onlara qarşı açıq-aşkar əks-təbliğat aparmış, bəzən də Zirar məscidləri tikmiş, həccə getmiş və digər hiyləgərliklər etmişlər. Amma hədəfləri insanları Yaradandan ayırıb özlərinə kölə etmək olub. Bəzən Şeytan və onun ordusu yalançı müqəddəsliklə insanları aldatmış, dinin formasını göstərib əsl məzmunundan uzaq salmışlar. Bəziləri elmləri ilə məst olmuş, yaxud nəfsini bayraq edib, insanları haqdan ayrı yola dəvət etmişlər. Bu anda yalnız həqiqi Allah dostları fitnəyə düşməmiş, "Rəbbimiz Allahdır" deyib, möhkəm iradə ilə ilahi hədəflərə doğru can atmışlar, Allah da güclü düşmən müqabilində qeybi yardımlarla onlara kömək etmişdir. (Fussilət surəsi, 30)
Əgər Allah dostları mişarlanıb qətlə yetirliblərsə, uzun illər boyu məsxərəyə dözüblərsə, zindana atılıblarsa, başlarının dərisi soyulubsa, boyunları vurulubsa, oda atılıblarsa, bu ilahi proqramı düzgün icra etməyə çalışdıqları və bu yolda mübarizə apardıqları üçün olub. Yoxsa dini, hakim dairələrin zövqünə uyğun məna etsəydilər, təqiyyə adı ilə ilahi hökmlərin təhrifinə göz yumsaydılar, kimin onlarla işi olardı?! Şeytan ordusu mahiyyətini itirmiş ibadətin sahiblərinə hücum etmir. Yezid həcc mərasimini dağıtmadı, amma Hüseyni öldürdü.
Kərbəla hadisəsi bütün bəşər həyatında imtahanın pik həddi idi. O zamana kimi baş vermiş hadisələrin kulminasiyaları bu hadisənin kölgəsində qaldı, onun əzəmətində əridi, ondan sonrakı hərəkatlar da onun kölgəsində məna tapır.
Kərbəla hadisəsi nə üçün bu qədər əzəmətlidir?
Hikmət sahibi olan Allah bəşərin hidayəti üçün qanunlar məcmusu göndərdi. Biz onu din adlandırırıq. Din insanın fərdi, ictimai, siyasi, iqtisadi həyatını tənzim etməli, onu dünya və axirətdə ucaltmalı idi. Lakin şeytani rəhbərlər insanları bu ilahi proqramdan uzaqlaşdırıb, müxtəlif qondarma ideologiyalarla başlarını qatmış və ya bu dinləri təhrif etməyə müvəffəq olmuşlar. Bu gün yəhudilərə Musanın ardıcılları (musəvilər), yaxud xristianlara İsanın ardıcılları demək o ilahi şəxs və rəhbərlərə təhqirdən başqa bir şey deyil. Bununla o ilahi şəxsiyyətlərə böhtan ataraq onları xurafat dolu bir din yaratmaqda, bəşər həyatı üçün səhv dolu bir proqram verməkdə ittiham etmiş oluruq. Bütün bu təhriflərdən sonra Allah insan həyatını qiyamətə qədər əhatə edən proqram göndərdi. Onu İslam dini adlandırdılar. Ona heç bir təhrif yol tapmayacaqdı, çünki Allahın Hüseyni vardı və bu Hüseyn (ə) bəşər həyatında ona əbədi olaraq yol göstərəcək nurlu bir zirvə yaradacaqdı.
Amma cərəyanlar, şeytanın dostları işə başladı. Onlar ilahi proqramı baltalamaq üçün plan cızdılar, insanları bu yoldan uzaqlaşdırmaq üçün qılınc və qızıl yoluna əl atdılar. Bu isə bütün ilahi peyğəmbərlərin, azadlıqsevər insanların amallarının məhvi, ədalətin qətli, zülmün yer üzündə qələbə yürüşü, Şeytanın məğrur qəhqəhəsi demək idi.
Bu, İbrahim doğrudan da odda yandı, Nuhun gəmisi qərq oldu, Firon Musanı edam etdi, Həzrət Məhəmməd münafiq və kafirlər tərəfidndən qətlə yetirildi demək idi. Quran və ilahi şəriətin göndərilməyi mənasız idi, o, hədəfinə yetişmədi, haqq uğrunda başını qurban vermiş azad insanlar məğlub oldular demək idi. Çünki son kamil ilahi proqram da öncəki dinlər kimi təhrif olunub, xurafat dolu, zalımların əlində oyuncaq bir dinə çevriləcəkdi.
Zaman necə zaman idi? Peyğəmbər səhabələri heyrət içində qalmış, abidlər küncə qısılmış, alimlər kürsülərdə din-hakim münasibətlərini tənzimləməklə məşğul, müsəlmanlar dünya leşi üstündə boğuşur, sərvətlilər rəngli torlarını ibadətxanaların önündə qurmuş, fasiqlər başa keçirilmiş, sünnə təhrif olunmuş, dünənin mücahidləri zərə aldanmış və buna "təqiyyə" pərdəsi altında bəzək vurmuş, Quranın ancaq gözəl avazı qalmış, İslam xilafəti saraylarında müşriklər, yəhudi və xristianlar at oynadır, peyğəmbər (ə) sünnəsinin camaata çatdırılması kəbuləhbarlara, əbuhüreyrələrə tapşırılmışdı. Belə bir əsrdə İmam Hüseyn fəryad çəkir, lakin ümmət səsinə səs vermək əvəzinə, əleyhinə hiylə qurur, plan cızır. Bir dəstə həcc mərasimində "Ləbbeyk, Allahummə, ləbbeyk" deyə qışqırır, göz yaşı tökür, Kəbə daşını öpür, Allah dininin təhrif olunmasına isə qeyrətsizcəsinə susurlar. Bunlar quru ibadətləri ilə ən üstün Allah bəndələri olmaq arzusunda idilər, halbuki Allah pis işlərdən çəkindirmək və yaxşı işlərə dəvət yolu ilə onların hamıdan üstün olacağını bəyan edirdi. (Ali İmran, 110) Allah dininin təhrifindən ən pis iş?!
Fitnə misilsizdir, təhlükə çox böyük! Bəşər həyatında, ilahi proqramda misilsiz bir düyün yaranıb. Əgər ümmət zəiflik etsə, müqavimət göstərməsə, ilahi sünnəyə əsasən, bəla nazil olacaq; əgər müqavimət göstərsə, ilahi yardım gələcək.
Bu zaman Hüseyn (ə) meydana girir, bütün keçmiş övliyaların və bütün tarix azadlıqsevərlərinin fəryadını mübarək nəfəsi ilə qulaqlara çatdırır. Bütün azadlıqsevərlərə boynuyoğun quldurların, zalımların hədəsi müqabilində bir düstur verir: "Mənim kimisi Yezid kimisinə beyət etməz!" Tarix boyu zillətə şəri və qanuni don geyindirmək istəyən tolerant saray yaltaqlarına da kəskin cavab verir: "Zilət bizdən uzaqdır!"
Kim idi Yezid? Şərab içən, qumarbaz, oyunbaz, Allahın dininə inanmayan, İslam düşmənlərini müsəlmanlara hakim edən, hakimiyyəti atasından irs alıb mənimsəyən, xalqa qul kimi baxan, hakimiyyəti xidmətə, quldurluğa vasitə edən!
Kərbəla özü bir məktəbdir
Kərbəla bəşər həyatı üçün lazım olan proqramların əməldə icrasıdır. Burada valideyn və övlad məhəbbəti, ailə münasibətləri, ibadət, siyasi fəaliyyət, azadlıq eşqi, ədalət istəyi, cəsarət, fədakarlıq, irfan, ilahi eşq, tövbə, zalım hakimdən adil rəhbərə dönüş, etimad, dostluq - bunların hamısını ən yüksək səviyyədə görürük. İndiyə qədər ayrı-ayrı övliyaların həyatında ayrı-ayrılıqda baş vermiş imtahanlar da bu balaca ərazidə, qısa zamanda cəmlənib. (Bütün bu sadalananlar bugünkü bəşər həyatının əsas problemləri deyilmi?) Fitnə böyük, təhlükə çox ciddi, imtahan da çətindir. İmam Hüseyn bu imtahanlardan möhtəşəm şəkildə üzüağ çıxır.
İmam Hüseyn (ə) özündən öncə bütün Allah övliyalarının, azadlıqsevər insanların varisi oldu, bunu onların amallarının yaşaması üçün Kərbəla meydanında öz qanı və çətinliklərə səbri ilə isbatladı, buna görə Allah onu pak imamların atası və azadlıqsevərlərin ağası etdi.
Kərbəla bununla bitmir. Yenə düşmən əli fəaldır: Bu böyük hərəkat unutdurulmalı, ya da təhrif olunmalıdır! Bu zaman Həzrət Zeynəb meydana atılır, hadisələri idarə etməyə başlayır, Aşuranın oğurlanmasına imkan vermir. Aşura davam edir. Bu hadisənin əzəməti o həddədir ki, hətta ümumdünya Mehdi inqilabı da Aşuradan ilham alır, İmam Sahibəzzaman (ə) özünü İmam Hüseynin (ə) varisi kimi təqdim edir, proqramının icrasına başlayır. Bunun mənası odur ki, bütün baş vermiş və baş verəcək mühüm tarixi hadisələrin doğru olub-olmaması üçün meyar Aşura və Kərbəla məktəbidir. Aşura bəşər həyatının zirvəsində durur, ondan sonra ilahi proqramda yaranmış düyünlər açılır, amma final heç vaxt olmayacaq.
İmam Hüseynlə (ə) düşmənlik
Təsadüfi deyil ki, bəzi yerlərdə Aşura mərasimlərinə qadağalar qoyur, əvəzində hətta təhsil ocaqlarında uydurma Holokost həftəsi keçirməklə insan üçün təyin olunmuş hidayət və azadlıq amilini zillət və köləlik ilğımı ilə əvəzləməyə çalışırlar.
Hüseyn (ə) Aşurasını əfsanələrlə əvəz etməklə bizə demək istəyirlər ki, dediyiniz meyarları ayrı yerdə də tapmaq mümkündür.
Yaxud bu məclisləri sıradan çıxarmaq üçün polis və ordu yeridir, hədələyir, əks təbliğat aparır, yaxud yalan vədlər verib möminləri aldatmağa cəhd edirlər. (İsra surəsi, 64)
Bizə gəlib çatan bir hədisdə deyilir ki, küfr öndərləri və zəlalət tərəfdarları bütün qüdrətləri ilə İmam Hüseynin (ə) nurunu söndürməyə cəhd edəcəklər, amma onun nuru bir az da artacaq, işini məhv etmək istəyəcəklər, amma daha da yayılacaq. (Kamiluzziyarə, hədis 674)
İmam Hüseyn hərəkatının xüsusiyyəti budur ki, insanları özünə yox, Allaha dəvət edirdi. Hansı hərəkatda bu xüsusiyyət olsa, haqq və ədalət meyar olsa, o hərəkatın düzgünlüyü barədə mülahizə yürüdə bilərik. Aşura ümumbəşəridir, bir millətə, məzhəbə və dinə məxsus deyil. Aşura məktəbi kimlərdənsə imtiyaz almaq üçün deyil, onlara imtiyaz vermək və kəramətə çadırmaq üçündür.
Lakin Aşuranı əvəz etmək üçün təqdim olunan yarıəfsanə fikirlər insanları xüsusi bir dəstənin mənafeyinə dəvət edir, xalqdan imtiyaz alınır, onlar vasitəsilə hakimiyyət kürsülərinə söykənirlər.
Azərbaycan müstəqilliyində Aşuranın rolu
Bu məsələ Azərbaycanda araşdırılmamış mövzulardandır. Bizim fikrimiz budur ki, 20 Yanvar hadisəsi də Aşuradan bir zərrədir.
Bəziləri güman edirlər ki, bir hadisənin digər hadisədən təsirlənməsi üçün bütün amallarının üst-üstə düşməsi lazımdır. Əslində, belə deyil. Mümkündür ki, hərəkat məqsəddən yayındırılsın, fırıldaq insanlar hərəkatı xüsusi bir dəstənin mənafeyinə uyğun idarə etsinlər. Bu, hadisələrin idarəsidir, əsl həqiqəti isə fərqlidir.
20 Yanvar hadisəsi Azərbaycan xalqının taleyində onillərlə mövcud düyünün açılışı üçün xalq hərəkatı idi. İnsanların küçələrə axışması, fədakarlıqları Aşuranın onlara qoyduğu şüuraltı təsirin nəticəsi idi. Amma təbii ki, xalqa musalar, ibrahimlər, xomeynilər lazım idi ki, yaranmış hərəkatı əsl məqsədlərinə uyğun idarə etsinlər və sonra zeynəblər onun müqəddəsliyini qorusunlar. İlahi şəxsiyyətlər lazım idi ki, samirilər köləlikdən qurtulan xalqı digərlərinə köləliyə sürükləməsinlər. Həyəcanlı, pafoslu çıxışları, yalan vədləri ilə inkişaf adı altında "qızıl buzovlara", millətçilik adı ilə "manaqualara", xilaskar adı ilə qırmızı fironların saray əyanları olmuş varlıqlara sitayiş etməyə sövq edə bilməsinlər. Bu, olmayanda meydan qarunların, samirilərin, müaviyələrin, yezidlərin... əlinə düşür.
Amerikalı tarixçi Maykl Smit 20 Yanvarı məhz bu cür görür. 20 Yanvar və ondan sonra xalqın küçələrə axışması ilə məhərrəm və Aşurann xalqın şüuruna qoyduğu təsir arasında əlaqə tanıyır. Xalqın necə şüar verməsi, necə ağlaması, necə fədakarlıq etməsi, necə mübarizə aparması, şəhidlərini necə dəfn etməsi - bunlar Kərbəla məktəbinin bir xalqa düyünləri açmaq üçün verdiyi nüsxə idi. Amma heyf ki, zeynəblər tapılmadı, samirilər isə saysız...
Niyə bu əlaqəni bizim fikir sahibləri, tarixçilər görmür, təhlil etmirlər? Çünki qorxurlar ki, birdən onlara "dini fanatik", "qeyri-tolerant", "din-dövlət münasibətlərini pozan", "Holokostun müqəddəsliyini şübhə altına salan", "məzhəbçi", "casus" damğası vurarlar, zehninin məhsulunu satın almazlar, yaşamaq uğrunda mübarizədə "ofsayd"a düşərlər.
20 Yanvar Kərbəla kölgəsində xalqın keçmişi ilə gələcəyinə bir əlaqə olmalı idi, amma bunu samirilər oğurladı.
Orxan Məmmədov