22 Noyabr 2024 - 22
Bəzən bir hadisədən illər ötdükdən sonra ona yenidən qayıtdıqda, bütün çalarlarını dəqiq tədqiq etdikdə onun mahiyyətini yaxşı qavrayır və yeni nəticələr eldə etmiş olursan.
Aşura tarixi hadisə kimi
1400 il öncə məhərrəm ayının 10-u (Aşura günü) İraqın Kərbəla məntəqəsində İslam peyğəmbəri Hz. Məhəmmədin (s) sevimli nəvəsi, xanım Fatimə (s) və İmam Əlinin (ə) əziz balası qeyri-qanuni xilafət başçıları tərəfindən məzlumcasına şəhid edilir. O vaxtdan bu hadisə həqiqi müsəlmanlar, Əhli-beyt (ə) aşıqləri və ardıcılları tərəfindən hər il izdihamlı şəkildə qeyd edilir.
Aşura bir dəyər kimi
"...Məhərrəm ayı gəlir. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə döyə-döyə, zəncir vura-vura, baş yara-yara "Şah Hüseyn, Ya Hüseyn" çığıra-çığıra başlayırlar əzadarlığa. Şəhərin polis rəisi bu əcaib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: "Yahu, ne bu vahşet. Şu zavallılar niçin ağlıyorlar? Kim onlara işkence yapmış? Niçin kendileri de kendilerine böyle işkence yapıyorlar?" Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: "Yahu! Şu havadis Hicretin ilk yüzyıllık döneminde, 60-70-ci senelerde vuku bulmuş. O zamandan asrlar geçmiş. Şu haber, şu zavallılara ne kadar geç ulaşmış". (Manaf Süləymanov, "Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim".) "Eh... Kaş mən də bu dəm olaydım Göy məsciddə. Sinə döyəydim. Zəncir vuraydım. Ehsan yeyəydim. Şərbət paylayaydım. Mərsiyə oxuyaydım… Üstündən 50 gün keçəydi. Oturub xudmani bir məclisdə 100 vuraydım. "Allah günaha yazmasın" deyib, aşuranı yada salıb xəcalətdən qızara-qızara yeyib-içəydim. Boyumu yerə soxaydım. Kaş bu gün bu dəmdə... A mən niyə ölmürəm axı?! ..." (Sevinc Çılğın, "Ay Hüseyn Vay Hüseyn", Qaynar.info)
Əksər tarixi hadisələr, ayinlər zaman ötdükcə diqqətsizliklər nəticəsində öz ilkin mahiyyətini itirir və nəticədə həmin tarixi hadisə, ayin təhrifə məruz qalır. Misal olaraq İslamdan öncəki səmavi dinlərin prinsipləri, müqəddəs kitabları əsaslı şəkildə dəyişdirilmiş, hansısa keşiş və xaxamların şəxsi mənafeyi əsasında yönəldilmişdir. Düzdür, İslam dini və bu dinin müqəddəs Kitabı Qurani-kərim və digər ayin və prinsipləri təhrif edilməmişdir. Lakin etiraf etməliyik ki, bir çox məsələlərdə forma dəyişilməsə də avam dindarlar tərəfindən məzmun ilkin hədəfindən xaric edilmişdir. Aşura hadisəsi də forması qalan, müəyyən qədər məzmunu əvəz edilən hadisələrdən biridir. Ülvi və müqəddəs dəyərlər uğrunda baş vermiş bu qanlı hadisə o qədər kiçildilib, o qədər aşağılanıb ki, yalnız 10 gün məscidə, hüseyniyyələrə toplaşıb, mərsiyə oxumaq, göz yaşı tökməklə xülasələşdirilib. Daha dəqiq ifadə ilə desək, camaat əksər vaxtı Kərbala faciəsini tarixi bir hadisə kimi qeyd etmiş, lakin Aşuranı müəqdəs dəyərlər məcmusu kimi anan, yaşadan çox az qism olmuşdur. Manaf Süləymanovun "Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim" əsərindəki polis rəisini o fikri deməyə məcbur edən ail Kərbəla faciəsinə dəyərlər məcmusu kimi deyil, fəqət tarixi bir hadisə kimi diqqət yetirməsi olmuşdur. Sevinc Çılğını da uyğun yazısında elə düşünməyə vadar edən, öz dili ilə desək, yaşadığı "Kubinka" məhəlləsində və digər yerlərdə yalnız məhərrəmlikdə on gün sinə döyüb, ağlayan, sonra isə islamiyyətə, insanlığa əks işlər görən zahirdə müsəlmanların rəftarlarıdır.
İslamı dirçəldən məhərrəm və səfər ayları
İran İslam İnqilabının lideri Ayətullah Xomeyni demişdi: "İslamı dirçəldən məhərrəm və səfər aylarıdır". Dahi liderin bu fikri söyləməkdə məqsədi nə idi? O, bu iki ayada məhz insanların Kərbəla faciəsini tarixi bir hadisə kimi anıb, İmam Hüseyn və onunla birgə şəhid olanlara ağı deyib ağlamağı İslamın dirçəlməsinə səbəb göstərmiş və ya Aşuranı müqəddəs dəyərlər məcmusu kimi qoruyan, həmişə bu hədəfləri özündə əks etdirən məhərrəm və səfər aylarını nəzərdə tutmuşdur? Şübhəsiz, İmam Xomeyninin nəzərdə tutduğu məhərrəm və səfər ayları Aşuranı dəyərlər məcmusu kimi əks etdirən mərasimlərdir.
Niyə əzadarlıq etməli?
Hər bir təcavüzə məruz qalmış ölkə öz məzlumiyyətini, torpaqlarının işğal olmasını, vətəndaşlarının haqsızcasına şəhid edilməsini beynəlxalq aləmə çatdırmaq və onların dəstəyini almaq məqsədi ilə düşmənlərin törətdikləri vəhşi cinayətləri çox tirajlı kitab, proşur, foto, vido və s. halda nəşr edir və onları dünya səviyyəsində yaymağa əzm göstərir. Necəki biz haqlı olaraq erməni quldurlarının törətdikləri Xocalı genosidini beynəlxalq aləmə çatdırmaqda israrlıyıq və bu məqsəd uğrunda çalışırıq. Kərbəla faciəsini hər il anmaqda məqsəd o hadisə zamanı xain və namərdcəsinə şəhid edilmiş Peyğəmbər (s) Əhli-beytinin (ə), haqq islahatçılarını məzlumluğunu, İslam xilafətini qəsb etmiş cinayətkarların vəhşiliklərini, nanəcibliklərini, qəddarlıqlarını aləmə göstərməkdir. İmam Səccad (ə) bir qəssab dükanı önündən keçərkən ayaq saxlayıb qəssabdan soruşur: "Qoyunun başını kəsərkən ona su verdinizmi?" Qəssab-"Biz qoyuna su vermədən başını kəsmərik ". İmam deyir: "Amma Kərbəlada atam Hüseyinin (ə) başını susuz kəsdilər". İmam Səccadın (ə) qəssabla kiçik dialoqunda bir dünya var. Bu qısa dialoq hansısa bir cinayətin üstünü açan kinoya, elmi əsərə, romana bərabərdir. Bir misrada İmam Hüseynin (ə) düşmənlərinin rəzilliklərini, namərdliklərini, dinsizliklərindən əlavə insani keyfiyyətlərdən uzaq olmalarını bəyan edir.
Möhtəşəm Aşura dəyərləri
"Polis rəisi 4 əsgər göndərib, dəstəni birbaş apartdırır vağzala. Ağsaqqallar polis rəisinin yanına iltimasa gəlirlər. Cavab verir ki: "Gavur ingilizler Kerbela`yı istila etmiş, hazreti imam Hüseyn`in mukaddes türbesini pisletiyorlar. Şu azadarları göndereceğim Batum`a, oradan da gemilerle Arabistan`a götürülecekler. Gidip hazreti Hüseyn`in türbesini kafir ingilizlerden azadetsinler, şehit olanlar Cennet`e giderler." (Manaf Süləymanov, "Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim".) Kərbəla hadisəsini hər il anmaqda məqsədlərdən biri də Aşura dəyərlərini yaşatmaq, onları nəsildən-nəsilə ötürməkdir. Kərbəlada nələr baş verdi? Orada hansı dəyərlər tamaşaya qoyuldu? İmam Hüseyn (ə), fәsаd hәr yеrә yаyılmış, Аllаhın hаrаmı hаlаl, hаlаlı isә hаrаm еdilmiş, müsәlmаnlаrın bеytül-mаlı bir tаyfаnın әlinә düşәrәk qеyri-şәri yоllа sәrf еdilən bir cəmiyyətə, xilafətə qarşı qiyam edir. İmam Hüseyn (ə) babası hz. Məhəmmədin (s) "Bеlә bir şәrаitdә vәziyyәti bаşа düşәnlәr еtirаz еtmәsәlәr, cәmiyyәtin günаhkаrlаrı ilә еyni tаlеdә оlаcаqlаr!" kəlamına əsaəsn meydana gəlir və son damlasına qədər meydanı tərk etmir. Demək, Aşura haqq carçısıdır, zülmə, zalıma qarşı üsyandır, bir təpkidir, etirazdır. Belə isə, Aşura dəyərləri ilə tərbiyə alan bir şəxsin dininə, dilinə, torpağına, namusina kimsə qıyğacı baxa bilməz, onun hüququnu tapdalamağa, onun səsini boğmağa cürət etməz. Yüzlərlə həmvətəni düşmən əsarətində təhqir oluna bilməz. Aşura dəyərləri olan xalqın 20 faiz torpağı iğal oluna bilməz, düşmən onun qarşısında ədalanıb yeni-yeni jestlər göstərə bilməz. Aşura fədakarlıq məktəbidir. Fərdin fərd, cəmiyyət üçün isarıdır. Fərdlərin birləşərək kütləyə dönməsidir. Bir-birilərinə dəstəyidir, arxa durmalarıdır. Kərbəla Ələmdarı Əbülfəzl Əbbas (ə) Fərata su gətirməyə gedir. Çətinliklə özünü çaya çatdırır. Özü çox susuzdur. Əllərini su ilə doldurub, içmək istəyir. Lakin məsləkdaşları, cəbhə yoldaşalrı susuz olduqları halda sirab olmasını özünə ar bilir. Su ilə dolu əllərini yerə boşaldır. Tez səhəngini su ilə doldurub, xeymələrə tərəf tələsir... Abbası özünə ideal seçən şəxsin qonşusu, qohumu, həmvətəni, dindaşı köməksiz, dayağsız qala bilməz. Özünü heç vaxt tək hiss edə bilməz. Aşuranı düzgün dərk edənlər üçün Aşura on günün içindəcə bitmir. Aşura onun həyat tərzinə çevrilir. Aşura düşüncəli, Aşura şüurlu şəxs on gün əza saxlayıb, sonra əməlləri ilə insanlara zülm etmir. İmamın qırxından sonra saqqalını qırxıb, kef məclislərinə getmir. Aşuranı həqiqi yaşayanlar dini, imanı, namazı, orucu olan müsəlmanlardır. Aşura günü döyüşün qızğın çağında İmam Hüseyn camaat namazı qılır. "namazı çox sevirəm deyir". Özünü Hüseynçi adlandıran çəxsi namazsız təsəvvür etmək mümkün deyil. Aşura dəyərlərlə doludur. Yazmaqla, sadalamaqla tükənməz. Yetərki, ona yenidən dönəsən, onu yaşayasan, onu düzgün dərk edəsən və onu həyat tərzinlə tətbiq edəsən.
Söz arası
"İsrailə, Qüdsə etiraz edən mollalarımız, mövhumatçı dindarlarımız niyə bir gün yığışıb telekanallardakı fahişəliyə etiraz etmirlər? Bakıdakı Fatmeyi Zəhra məscidinin bağlanmasına etiraz edən dindarlarımız "Məscid bağlansa qan töküləcək" deyirdilər. Niyə bu adamlar o qanı əxlaqımız, mənəviyyatmız uğrunda tökməyə cəhd etmirlər?" (Arzu Abdulla, " Murad Dadaşovun "ağsaqqal" striptzi", Qaynar.info) Yeri gəlmişkən, Arzu Abdullanın da son günlər dərc edilən məlum yazısına da toxumaq istərdim. Bildiyimiz kimi, məscid dindarların (mövhumatçıların yox) ilkin hüququdur. Məscid möminlərin səngəridir, düşüncə yeridir, ibadətgahıdır. Möminlərin məscidlərin müəyyən səbəblərə görə bağlanmasına etirazı təbiidir. Bunun əksini təsəvvür etmək olmaz. Amma dindarların şoulara etiraz etməməsinə gəlincə, Azərbaycanda hansı dini qəzet və jurnal, sayt şou-biznes xəbəri yayır? Hansı inanclı qəzet super starlarlardan müshibə alıb? Hnsı İslam saytı şou aləminin bədənnümaları ilə səhifələrini bəzəyr? Cavab qətidir: HEÇ BİRİ. Amma həmin saytlarda həddini-əndazəsini bilməyən "MƏDƏNİYYƏT XADİMLƏRİ"nə qarşı yazılan onlarla yazı görmək olar. Bu əsl etirazdır. Lakin gəlin görək, hansı müxalifətyönlü informasiya vasitəsi super starları çılpaqlığı ilə sərgiləmir? Onların kor-təbii, şit açıqlamaları ilə özünə reytinq qazanmağa cəhd etmir? Cavab qətidir: HEÇ BİRİ. Əgər belədirsə, Arzu Abdulla niyə müxalifətə, niyə pafosla aydınlıqdan, postmodernizmdən danışan, özlərini hazırkı çağın ideoloqları bilən şəxslərə səslənmir? Yoxsa, onların istifadəetmə müddətinin bitməsini düşünür?
Niyam Aqil