23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) Kərbəlaya çatmamış Zi-Hisəm dayanacağında səhabələrini ətrafına topladı. Hürrün qoşunu bu toplum arasında yox idi. İmam belə bir xütbə oxuyurdu: "İşin hansı yerə gəlib çatdığını görürsünüz. Dünya dəyişmiş, öz çirkin çöhrəsini nümayişə qoymuşdur. Yaxşılıqlar arxa çevirmiş, ondan kasanın dibi qədərdən artıq qalmamışdır. Yaxşılıqlar otlaq kimi yanmış və ya heyvanlar tərəfindən otlanmışdır..."
İmam dünyanın puçluğundan danışırdı. Amma o əsas diqqətini haqqa yönəltmişdi. O nə üçün deyirdi ki, dünyanın yaxşılıqları bizdən üz çevirib? Həzrət buyurdu: "Görmürsünüzmü ki, haqqa əməl olunmur, batil işlərə qadağa qoyulmur?" İnsanlar doğru danışmır. Onlarda ibadət ruhiyyəsi yoxdur. Onlar Allah yolunda şəhadət əhli, Quranın həqiqi tərəfdarları deyillər. Şərabxorluq, qumarbazlıq, hörmətsizlik, yalan, haram müamilə rəvac tapmışdır. Kimsə təəccüb etmir, bu iş hamı üçün adiləşmişdir! İmam buyurdu: "Mömin belə bir vəziyyətdə Allahla görüşə müştaq olmalı, belə bir həyatdan ölümü üstün bilməlidir."
Həmin məqamda imam zamandan asılı olmayaraq bütün insanlara elan edir: "Mən ölümü yalnız səadət və xoşbəxtlik kimi görürəm. Zalımlarla birgə yaşayış mənim üçün əziyyət və yorğunluqdan başqa bir şey deyil". İmam bu sözləri dediyi vaxt səhabələr danışmağa başladı. İlkin olaraq Züheyr qalxıb dedi: "Ey mənim ağam! Əgər biz iki yol arasında qalmışıqsa, bizə ya xoş dünya həyatında qalmağı, ya Hüseynlə qiyam edib, ölümə hazır olmağı əmr et. İftixarımız budur ki, səninlə qiyam və yoldaşlığı xoş bir dünya həyatından üstün tutaq".
Züheyr aşura gecəsi və aşura günü Ömər Səd nizamını aciz qoyan xütbə oxudu, misilsiz rəşadətlər göstərdi. Nafe ibn Hilal Bəcəli qalxıb dedi: "And olsun Allahın müqəddəs zatına, Allahla görüş bizim üçün xoşdur. İlk gündən niyyətimiz bu olub ki, sənə yoldaş olaq, əmrlərinə itaət göstərək. Bu işi kor-koranə yox, bəsirətlə görmüşük. Mən sənə dost olanların dostuyam, səninlə düşmənçilik edənlərin düşməniyəm".
İmam Hüseyn Kərbəlaya yaxınlaşdığı vaxt Nafe bir neçə nəfərlə yanaşı imama qoşuldu.) Kufə qarilərinin ağası cənab Büreyr ibn Xəzir qalxdı və dedi: "And olsun Allaha, ey peyğəmbər (s) oğlu! Allahın böyük minnəti oldu ki, əlimiz sənin ətəyinə çatsın, sənin tərəfindən döyüşək, bədənimiz tikə-tikə doğransın. Son nöqtə budur ki, cəddin qiyamət günü bizə şəfaətçidir. Bundan yüksək iftixar varmı?!" Başqa səhabələrdən də çıxış edən oldu.
Əliəsğər Səffar Hərəndi