21 Noyabr 2024 - 21
Cavab: Bu suala cavab vermək üçün öncə sualda qeyd olunan hadisənin tarixi baxımdan doğru olub-olmadığını dəqiqləşdirmək, sonra haqqında danışmaq lazımdır. Əllamə Əmini sözügedən hadisəni mötəbər əhli-sünnə məxəzlərindən nəql etmişdir ki, biz onu qısa şəkildə diqqətinizə çatdırırıq:
"Kufə, Bəsrə, Misir və Mədinə əhalisi Osmanın evini mühasirəyə almış və onu öldürmək istəyirdi. Aparılan söhbətlərdən sonra Osmandan Quran və Peyğəmbər (s) sünnəsinə uyğun əməl etməsini istədilər. Osman razılaşdı və tövbə etdi. İmam Əlinin (ə) vasitəçiliyi və zamin durması ilə xaql dağılışdı. Hərə öz şəhərinə yollandı. Mərvan Osmanın xəbəri olmadan onların öldürülməsi haqqında bir məktub yazdı. Məktub xalqın əlinə keçdi və onun məzmunundan xəbərdar oldular. Hamısı: "Osmanın qanı halaldır", - deyərək geri döndü. Onun evini mühasirəyə alıb, suyun yolunu kəsdilər. Sonra Osman səsləndi:
- Əli (ə) sizin aranızdadırmı?
- Yox, - deyə cavab verdilər.
- Səd oradadırmı?
- Yox.
- Bir nəfər mənim xəbərimi Əliyə (ə) çatdıra bilərmi?
Bir nəfər Əlinin (ə) yanına getdi və o da Osman üçün üç tuluq su göndərdi. Sonra camaat onun evinə hücum edib onu öldürdü.
Əhvalatın bu qədəri bütün tarix kitabları və mötəbər əhli-sünnə məxəzləri tərəfindən öz təsdiqini tapmış və müxtəlif vasitələrlə nəql olunmuşdur. Onlardan biri Səid ibn Müsəyyibin rəvayətidir. Bu rəvayət mötəbər kitablarda sözügedən hissəyə qədər nəql olunmuşdur. Əllamə Əmini yazır: "Əbu Cəfər Təbəri öz tarix əsərində Səid ibn Müsəyyibin rəvayətinə bu mətləbləri əlavə edir:
"Əli (ə) camaatın Osmanı öldürmək istədiyini anlayanda övladları Həsən (ə) və Hüseyni (ə) yalın qılınclarla Osmanın evinə göndərdi ki, orada dayanıb kimsənin ona yaxınlaşmasına icazə verməsinlər. Təlhə, Zübeyr və bəzi başqa səhabələr də övladlarını göndərdilər ki, camaatın Osmanın evinə girməsinə mane olsunlar. Camaat bu səhnəni görüb ox atmağa başladı. Belə ki, Həsən ibn Əli (ə) qanına bulaşdı və Mərvanın ayağına ox dəydi. …
Əli (ə) gələndə Osmanın öldürüldüyünü görüb, üzünə şillə çırpdı, əli ilə Hüseynin (ə) sinəsinə vurdu. Məhəmməd ibn Təlhəni söydü və Abdullah ibn Zübeyri lənətlədi. O qədər əsəbiləşmişdi ki, Təlhə ona dedi: "Sənə nə olub, Əbul-Həsən?" və s…"
Əllamə Əmini yazır: "Bu mətləbin sənədi yoxdur.1 Kinanə vasitəsilə nəql olunsa da Əzdi və Tirmizi Kinanənin zəif olduğunu bildirmiş və iqrar etmişlər ki, onun nəqlləri diqqətəlayiq deyil.
Demək, Əllamə Əminiyə görə hadisənin Səid ibn Müsəyyib tərəfindən nəql olunan ilk hissəsi düzgün və diqqətəlayiqdir. Kinanə kimi bəzilərinin bəyan etdiyi ikinci hissəsinin isə sənədi tutarlı deyil, saxta və uydurmadır.
Həmçinin, əhli-sünnə alimi İbn Əbu əl-Hədid "Nəhcül-bəlağə"nin şərhində 30-cü xütbəni izah edərkən nəql edir:
"Xalq Osmana təzyiq göstərəndə o, Əlinin (ə) evinə daxil oldu və ona dedi: "Sən xalqın yanında etibarlısan. Sənin sözünü qəbul edirlər". Sonra Əli (ə) 30 süvari ilə Osmana hücum edən xalqa doğru getdi və onları sakitləşdirdi. Osman özü xalqla danışdı və onlara vədlər verdi. ... Xalq Osmanın yenə də vədinə xilaf çıxdığını anlayanda ona hücum çəkdi. Əliyə (ə) xəbər çatdı. Amma bu dəfə gəlmədi. Osmanın zövcəsi (Nailə bint əl-Furafisə ibn əl-Əhvəs) ona dedi: "Əli (ə) sənə tərəf gəlmir, səni himayə etmir". Osman gecə ikən Əlinin (ə) evinə gəlib, ondan yardım istədi və o həzrətə (ə) gözəl vədlər verdi. Həzrət (ə) qəbul etmədi və Osmana kömək etməkdən imtina etdi. Xəbər çatdı ki, camaat Osmanın evinə gedən suyu bağlamışdır. Əli (ə) onun üçün su göndərdi. Camaata da öyüd verdi. Sonra camaat onun evinə axışıb, Osmanı qətlə yetirdi"2.
İbn Əbu əl-Hədidin bu nəqlindən aydın olur ki, o da Əllamə Əmini ilə eyni fikirdə olmuş və rəvayətin ikinci hissəsini nəql etməmişdir.
Həzrətin (ə) "Nəhcül-bəlağə"dəki sözləri də bu mətləbləri təsdiq edir. O cümlədən həzrət (ə) 30-cu xütbədə buyurur: "Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım. ...". Bu ifadələr göstərir ki, Əli (ə) bitərəf mövqe tutmuş və qarışmamışdır. İbn Əbu əl-Hədid bu xütbə haqqında yazır: "Əlinin (ə) bu ifadəsinin mənası odur ki, Osmanın qanı onun üçün mübah olmuşdur. Amma Osmanın qanı mübah olmadığı üçün zahiri mənanın əksini başa düşməli və deməliyik ki, "mane olmaq"da məqsəd Əlinin (ə) əməli şəkildə Osmanın qətlinin qarşısını almaq üçün mübarizəyə qalxmamasıdır. Çünki bəzi rəvayətlərə görə, həzrət Əli (ə) Osmanın qətlə yetirilməsini qadağan etmişdi".
Həmçinin başqa bir yerdə buyurur: "Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəlməyimdən başqa bir şey istəmir."4 Bəlazurinin "Ənsab" kitabında yer alan başqa bir rəvayətə görə, həzrət (ə) buyurur: "Mən onun öldürülməsindən nə narazı idim, nə də razı idim. Nə ona əmr etdim, nə də qarşısını aldım."
Bütün bunlardan belə nəticə almaq olar ki, İmam Əlinin (ə), İmam Həsən (ə) və Hüseynin (ə) praktiki olaraq Osmanı himayə etməsinin, ona dayaq durmasının tutarlı dəlili yoxdur. Əksər şiə və sünni alimləri bunu rədd etmişlər. Tarixdə göstərildiyi kimi İmam Əlinin (ə) vasitəçilik etməsi, xalqı sakitləşdirməsi və onlara nəsihət verməsi onun Osmanı dəstəkləməsinə sübut deyil. O, yalnız xəlifənin öldürülməsinin, təfriqənin və islam cəmiyyətinin parçalanmasının qarşısını almaq istəyirdi.
Qeydlər:
1. Əmini, əl-Qədir, Darul-kitabil-islamiyyə, 6-cı çap, Tehran, c. 9, səh. 168-242.
2. İbn Əbu əl-Hədid, Şərhi-Nəhcül-bəlağə, Darul-kutubul-ərəbi, Bağdad, c. 2, səh. 102-128.
3. Həmin mənbə, səh. 102.
4. Nəhcül-bəlağə, xütbə: 238.
5. Ənsab, Bəlazuri, c. 5, səh. 101.