22 Noyabr 2024 - 22
"Feysbuk"da Kərbəla hadisəsinin dini və tarixi baxımdan təhlilinə dair bir məqalə oxudum. Məqalənin müəllifi hörmətli Әkrəm Həsənov həmin yazısında Kərbəla hadisəsinin tarix va dinlə rabitəsi mövzusunda bəzi mülahizələrini qeyd etmişdi. Əlbəttə, sonda bu mövzu ətrafında yazdığı fikirlərlə razılaşmayan, əks arqumentlər təqdim edəcək kəslərin fikrlərini də dinləməyə hazır olduğunu bildirdiyi üçün mən də bu qısa yazımda Әkrəm bəyin yazısında razılaşmadığım bəzi məqamlara toxunacağam.
Әkrəm bəyin yazısında razılaşmadığım fikirləri bəndlər şəklində bir-bir qeyd edib hər birinə ayrı-ayrılıqda cavab verəcəyəm:
1) Әkrəm bəyin mövzuya dair əsas sualı, daha doğrusu iradı budur ki, Kərbəla dindir yoxsa tarix? Əgər tarixi bir hadisədirsə o zaman bunu dini ayin kimi təqdim etmək yanlışdır. Üstəlik bu tarixi hadisəni karnaval və festival şəklində qeyd etmək heç cür yolverilməzdir.
Әkrəm bəyin bu cümləsi mənə görə olduqca mübhəm və qapalıdır. Әkrəm bəy, din və tarix deyərkən konkret olaraq nəyi nəzərdə tutur? Görəsən, Әkrəm bəyə görə din məfhumu, tarixdən tamamilə mücərrəd bir anlayışdırmı? Yəni, din, tarixi hadisələri öz bünyəsində ehtiva edə bilməzmi? Əgər edə bilməzsə o zaman dinin tarixlə ayaqlaşması hansı müstəvidə cərəyan edir? Yox, əgər edirsə o zaman dinin tarixə yansıması hansı miqdarda və çərçivədə olmalıdır? Dinin tarixlə rabitəsi yalnızca 23 illik müddətlə məhduddurmu? Əgər, cavab müsbətdirsə o zaman din, yalnız 23 illik bir zamanla çərçivələnib deməkdir. Yox, əgər cavab mənfidirsə deməli dinin tarixlə rabitəsi heç bir məhudiyyət daşımır. Önəmli olan tarixə nəzər yetirərkən həmin zaman kəsimində dinin təqdim etdiyi ruhu, məntiqi tapmaqdır.
İkincisi, Әkrəm bəy deyir tarixi hadisəni dini ayin kimi təqdim etmək olmaz. Yaxşı, çox gözəl!. Lakin, maraqlı burasıdır ki, Әkrəm bəy, özü də fərqinə varmadan neçə sətir sonra bu iddiasının tam əksini söyləyir. Deyir, Aşurada oruc tutmağı peyğəmbər (ə) özü müsəlmanlara tövsiyə edib. Niyə? Çünki, həmin günün mislində Hz Musa (ə) Firona qələbə çaldı. İndi biz də haqlı olaraq Әkrəm bəyə sual veririk ki, sizə görə eramızdan neçə min illər öncə olan tarixi bir hadisəni necə olur ki, peyğəmbər (ə) dini ayin şəklində təqdim edir? Bəyəm Musanın Firona qələbə çalması minilliklər öncə baş vermiş tarixi bir hadisə deyilmi? O zaman hansı məntiqə əsasən peyğəmbərimiz (ə) tarixi bir hadisəni dini ayin kimi təqdim edir və üstəlik bunun üçün oruc tutmağı da tapşırır? Bu məsələni Әkrəm bəyin təqdim etdiyi din-tarix anlayışıyla çözmək qeyri-mümkündür. Amma din-tarix rabitəsini mən dediyim formada anlasaq, yəni, dinin təqdim etdiyi ruhu, məntiqi tarixin bütün dövrlərinə şamil etməyin mümkün olması məntiqindən çıxış etsək o zaman məsələnin gün kimi aydın olduğu görərik. Necə ki, Musanın Firon üzərində qalibiyyəti simbolik olaraq qələbə günü kimi qeyd olunursa, o zaman Hüseynin də Yezid üzərindəki qələbəsini simbolik olaraq haqqın batilə qələbəsi kimi (cismani qələbə deyil) qeyd etməyin nə kimi eybi var?
2) Әkrəm bəyin ikinci iddiası budur ki, bu gün, matəm günü deyil, bu günün mislində bir sıra əlamətdar günlər olub. Bu gün əslində qələbə günüdür.
Burada Әkrəm bəyə bir sualımız var. Deyirisniz ki, bu gün qələbə günüdür, çünki, Musa Firona qələbə çalıb. Bizim sualımız budur ki, bu günün peyğəmbər tərəfindən qələbə günü kimi təqdim olunması sırf Musaya görə idi? Yəni, Hz Musa qələbə çaldı deyə peyğəmbərimiz də bu günü qələbə günü elan etdi? Yoxsa, mövzunun birbaşa Musayla əlaqəsi yoxdur. Bu günün əlamətdar olmasının əsas səbəbi Hz Musanın timsalında haqqın batilə, zülmə qələbə çalmasıyla bağlıdır? Yəqin ki, heç bir insaflı insan peyğəmbərin bu günü tərəfkeşlik edərək sırf Musaya görə əlamətdar bir gün kimi qeyd etdiyini iddia etməz. Deməli, Aşuranun əlamətdarlığı haqqın batil üzərində qələbə çalmasına görədir . Belə olan halda şübhə yoxdur ki, həmin məntiqdən çıxış edərək Kərbəlada haqqın batil üzərindəki qələbəsinə söykənərək Musanım Aşurasına əlamətdarlıq bəxş etdiyimiz kimi Hüseynin də Aşurasına əlamətdarlıq bəxş edə bilərik. Deməli, Hüseynin Aşurası da Musanın Aşurası kimi təkcə tarixi bir hadisə deyil, eyni zamanda dini bir ayin, qələbə günüdür.
3) Әkrəm bəy iddia edir ki, bu gün oruc tutmağı peyğəmbər (ə) bizə tövsiyə edib, deməli, din budur.
Әkrəm baya sualmız budur ki, peyğəmbər (ə) bizə yalnız oruc tutmağı tövsiyə edib? Yoxsa, Hüseynə ağlayıb, matəm saxlamağı da tövsiyələrinə əlavə edib? Üstəlik, peyğəmbər (ə) hələ Hüseyn şəhid olmamışdan qabaq bunu edib. Nümunə üçün aşağıdakı hədisə diqqət yetirin:
"Hz Əli (ə) deyir: Bir gün peyğəmbərin yanına daxil oldum, gördüm ağlayır. Soruşdum ki, ey Allahın elçisi! Kim səni qəzəbləndirib ki, belə ağlayırsan? Peyğəmbər (ə) dedi: Cəbrayıl az öncə yanımdan ayrıldı, bildirdi ki, Hüseyn, Fərat çayının kənarında öldürüləcək. Sonra mənə həmin yerin torpağından bir parça verdi. Gözlərimdən yaş gəlməsinə hakim ola bilmədim…" (ixtisarla) (mənbə: Müsnəd, Əhməd ibn Hənbəl, 613-cü hədis)
Bu hədisi 4 böyük sünni imamlarından biri olan Əhməd ibn Hənbəl öz Müsnədində qeyd edib və bu məzmunda hədislər çoxdur. Gördüyünüz kimi peyğəmbər (ə) hələ Hüseyn şəhid olmamışdan öncə ona ağlayıb. İndi görəsən Hüseynin ölümündə nə kimi önəmli əlamətlər var ki, 50 il öncəsindən vəhy mələyi Cəbrayil bu hadisədən peyğəmbəri xəbərdar edir? Bu barədə Әkrəm bəyi yaxşıca düşünməyə dəvət edirik
4) Әkrəm bəyin digər bir iddiası budur ki, əgər matəm saxlamaq düzgün olsaydı o zaman niyə digərlərinə, məsələn, Həmzəyə və ya Əliyə yas saxlamırıq?
İlk öncə qeyd edim ki, peyğəmbərin Hüseynə ağlaması, yas tutması sünni qaynaqlarında mövud olan səhih hədislərlə sabitdir. Matəmin də mənası və möhtəvası elə bundan başqa bir şey deyil. Matəm demək- ağlamaq, göz yaşı axıtmaq, hüzünlü olmaq deməkdir. Peyğəmbər (ə) özü Hüseynə ağladığı üçün deməli bu, dinin özüdür. Və biz də Hüseynə ağlayıb yas saxlamaqla elə peyğəmbərə tabe olmuş oluruq. Çünki, Qurani-kərim müsəlmanlara peyğəmbərə tabe olmağı, onu özlərinə nümunə qərar verməyi tapşırır.
Ola bilər Әkrəm bəy burada saxlanılan yasın müddətinə etiraz etsin. Əgər belə bir etraz etsə o zaman etiraza cavabımız budur ki, Hüseynə ağlamağın, yas saxlamağın əsas qaynağı peyğəmbərdirsə, bir başqa ifadəylə dinin özüdürsə o zaman günlərin sayı elə də əhəmiyyət daşımır. Əsas olan edilən matəmin dini baxımdan icazəli olmasıdır. İcazəli olduqdan sonra indi biri 7 gün edəcək, yoxsa 77 gün, elə də əhəmiyyət kəsb etmir. Çünki, sayları təyin etmək tamamilə cəmiyyətin öhdəsinə buraxılmış bir işdir.
5) Әkrəm bəy deyir ki, Hüseynin ölümündə əsas məsuliyyəti Yezid daşımır. Əskinə bu işdə bir başa günahkar olan şəxs qoşun başçılarıdır. Yezid isə xəbəri eşidən kimi ağladı.
Halbuki mötəbər tarixi qaynaqlar Әkrəm bəyin dedikərini təsdiqləmir. Yezidin ağlamsı iddiası tamamilə uydurmadır və məqsəd Yezidə bəraət qazandırmaq idi. Əksinə, tarix göstərir ki, Hüseynin başını Yezidin sarayına gətirəndə Yezid, əlindəki çubuqla Hüseynin dişlərinə vurdu. Daha sonra da intiqam məzmunlu şeirini oxdu. Buna görədir ki, böyük sünni tarixçisi İbn Əsir, "Əl-bidayə və ən-Nihayə" kitabında Yezid də başda olmaqla bütün Üməyyə tayfasını nasibi (imamların düşməni) şəklində vəsf edir. Digər böyük sünni Quranşünası Alusi isə "Ruhul-məani" adlı təfsir kitabında Yezidi xəbis biri kimi vəsf edir və onun heç zaman iman gətirmədiyini yazır.
6) Әkrəm bəyin bir başqa iddiası da budur ki, Kərbəla hadisəsinin bizə ziyanından başqa heç bir xeyri dəyməyib. Qızılbaş ordusu kərbəla şüarıyla 500 il öncə Bakını işğal etməsini də öz iddiasına şahid qismində təqdim edib.
Doğrusu bu idda məni çox təəccübləndirdi. Әkrəm bəy kimi ziyalı birisindən belə bir analiz gözləməzdim. Çünki, Əkram bəy özü də yaxşı bilir ki, hər hansı hadisəylə ondan sui-istifadə arasında fərq qoymaq lazımdır. Elə götürək İŞİD-in özünü. Hamı yaxşı bilir ki, bu gün İŞİD, Qurandan sui-istifadə edərək terror törədir. İndi Әkrəm bəyin məntiqiylə məsələyə yanaşsaq deməli bu terror aktlarının törədilməsində başlıca səbəbkar Qurandır? Və ya, Amerika kimi imperialist güclər demokratiya, insan haqları, azadlıq şüarlarına sarılaraq əsas strateji bölgələri ələ keçirmək və enerji qaynaqlarını qarət etmək üçün İraqı, Əfqanıstanı, Suriyanı bərbad günə salıb. Belə çıxır ki, burada əsas günahkar fiqurlar məhz həmin demokratiya, insan hüquqları, azadlıq və s. kimi anlayışlardır? Axı Amerika haranı işğal edirsə məhz həmin şüarların kölgəsində bunu icra edir. İndi, maraqlıdır, Әkrəm bəyə görə günahkar həmin şüarlardır, yoxsa, Amerikada oturan həmin gizli güclərdir? İnanmıram Әkrəm bəy kimi ziyalı biri Yaxın Şərqin bərbad hala salınmasında Amerikada olan həmin gizli güclər əvəzinə qeyd olunan şüarları mühakimə etsin. Deməli, burada iki şeyi bir-birindən ayırmaq lazımdır: Hadisə bir şeydir, ondan sui-istifadə etmək isə tamam başqa bir şey…
Təbriz Nəcəfi