21 Noyabr 2024 - 21
İmam bilirdimi şəhid olacaq? Bilirdi. Niyə şəhadəti seçdi? Çünki şəhadət həmin şəraitdə imama vacib idi. İmam şəhid olmasaydı haqq üzə çıxmazdı, şəhid olmasaydı qarşı tərəfin pisliyi aydın olmazdı. Haqq ilə batil qarışardı, islahat olmazdı. İmam şəhid oldu, Bəni-üməyyə rüsvay oldu. İmam şəhid oldu, şəhadət məktəbi dirçəldi. İnsanlar artıq imam Həsənin (ə) dövründən sonra rahat həyata alışmışdılar. Batil də gəlsəydi üzdə deyirdilər, "qoy gəlsin yetər ki, biz rahat olaq". Belə bir vəziyyət ortaya çıxmışdı. İmam şəhid olur bütün bu kimi neqativ hallar aradan gedir. İmam şəhid olur bu gün İslam qalır. Çünki sistem elə qurulmuşdu ki, elə gedirdi ki, əgər imam qiyam etməsəydi, Kərbəla olmasaydı, Aşura olmasaydı artıq batil hökm sürəcəkdi. İmam şəhid oldu ki, haqq qalsın həqiqət hər kəs üçün aydın olsun. Ən pis dövr o dövrdür ki, haqq ilə batil elə qarışsın ki, nə haqq məlum olsun nə batil. Haqq və batil aydın olsa o zaman seçim var demək. Yəni Allah özü xeyir də yaradıb şər də. Kim istəyir xeyiri seçir, kim istəyir şəri seçir. Xeyir yolu da bəllidir, şər yolu da. Amma vay o günə ki, xeyirlə şər, haqq ilə batil elə qarışa ki, camaat aydın edə bilməyə ki, İmam Həsən (ə) haqdır ya Müaviyə (l).
Hidayət ilə azğınlıq elə qarışıb ki, burada gərək İmam Hüseyn (ə) qiyam etsin, öz etirazını bildirsin, hamı ayılsın ki, bəli burada iki fərqli qrup var. İki dəstə bir-biri ilə qarşı-qarşıya gəlib. İki dəstə də öz sözünü desin və haqq-batil üzə çıxsın. İmam Hüseyn (ə) sakit qalsaydı beyət etsəydi, artıq Yezidin (l) hakimiyyəti rəsmi olacaqdı. Hamı deyəcəkdi ki, yeganə şübhə İmam Hüseyn idi, o da beyət etdi və məsələ tamam oldu. Deməli Yezid haqdır. Yezidin o zaman bütün işləri rəsmiyyət tapacaqdı və şəri olacaqdı. Yezidin cinayətləri, əyyaşlığı yaxşı insanları öldürməsi, batili yayması bunlar hamısı qanuni olacaqdı. Müaviyyə ən azından öz zamanında o zahiri qaydalara riayət edirdi. O hiyləgər və məkrli bir insan idi. Amma Yezid bunları bilmirdi. Yezid çox bacarığsız, kültürsüz, zahir də heç bir İslam qanunlarına əməl etməyən biri idi. İmam Hüseyn (ə) bunun qarşısında əgər canından keçməlidisə gərək keçəydi və nəhayətdə keçdi də.
Tofiq Əsədov