22 Noyabr 2024 - 22
Biz hamımız həyatı sevirik, ləzzətləri, təbii gözəllikləri, öz istəklərimizi və mallarımızı qiymətləndiririk, həyatımızın müxtəlif tələblərinə onların vasitəsilə parlaqlıq, səfa bəxş edirik və bəzən də onları əldə etmək üçün bir-birimizlə mübahisəyə qalxırıq. Lakin az adam tapılar ki, həyatın əsas və həqiqi məqsədini bu hay-küydə və qovğalarda tapır və onu əldə etməyə tələsir.
Bəziləri belə hesab edirlər ki, əsl məqsəd yemək və zəngin cinsi ləzzət almaqdır. Kim ki, daha çox yeyir və şəhvətini daha yaxşı təmin edir, öz insani məqsədini kamilləşdirir. Buna görə, bu qism adamların şəxsiyyət və insaniyyət məqamını müəyyən miqdar yemək şeyləri və ya mənzillərinin dərin quyularına dolan çirkab suyununun–ifrazatın qədəri, fasiləsiz işləyən mədələrinin gəlirini-çıxarını hesab eləməyi əsas faktor saymaq və onların şəxsiyyətini bunlarla qiymətləndirmək lazımdır. Böyüklərin kəlamlarında deyildiyi kimi, "yaşamaq yemək üçündür, yemək yaşamaq üçün deyil", -deyə düşünürlər.
Bir qism insanlar da qarışqa kimi, gecə-gündüz ora-bura qaçır, sərvəti sərvət üstünə yığır, var-dövlətinin sayını artırır, bəzən öz ictimai şəxsiyyətlərini, cismani və ruhi rahatlıqlarını pul-mal yolunda əldən verirlər. Belə şəxs muzdsuz iş görən hambaldır, nə xain və nə də oğru olan fəhlədir. Çalışır ki, özündən sonra gələnləri üçün ləzzət və xoş güzəran yolunu daha hamar eləsin; O, varislərinin (məhdud çərçivədə) həyatını təmin etmək üçün bilərəkdən və ya bilməyərəkdən öz əziyyətini və dostlarının rahatlığını daha üstün tutmuşdur.
Əgər bir gün özünün və ya başqalarınınlvə həmin xətərin aradan qaldırılması mal verməklə bağlı olsa o, canını verməyə hazırdır, bir loğma çörəyini yox! Çünki, dinar və dirhəm onun üçün, bəlkə də məbuddur.
Məgər bu o demək deyildirmi ki, öz topladıqlarını bir gün gərək başqaları üçün qoyasan və gedəsən? Elə isə necə də gözəldir ki, heç olmasa öz abrını və dinini bu yolda satmayasan? Yoxsa gərək o qədər əlləşəsən, vuruşasan ki, nəhayət, bədəninin şirəsi, qəlbinin qanı qurtarsın, başqalarını çörəyə, özünü isə qəbiristanlığın bir guşəsinə mümkün qədər tez çatdırasan, məzarının üstünə böyük bir daş qoysunlar ki, bir daha sənin kimi bir ziyanverici Allahın bu pak torpağını tutub həyat vasitələrini əsil məqsədlə qarışdırıb səhv etməsin!
Bu məsələ ilə əlaqədar şəhidlərin sərvəri, azadlıqsevərlərin rəhbərinin dediklərinə və elədiklərinə bir nəzər salaq, özümüzü yenidən quraq, özümüzün və başqalarının abrını hifz etməkdə maldan və sərvətdən istifadə etmək ədəbini öyrənək.
Mərvan Həkəm Peyğəmbər xanədanına yaxın olan şair Fərəzdəqi Mədinədən çıxartdı. Məhrumiyyətlərə düçar olan Fərəzdəq şəhidlərin seyyidinin hüzuruna gəldi. Həzrət Hüseyn (ə) ona dörd yüz dinar bağışladı. Əxlaqi cəhətdən Fərəzdəqin çox da xoşagəlməz şair olduğunu İmam Hüseynə dedilər, amma Şəhidlərin sərvəri buyurdu: "Sənin ən yaxşı malın odur ki, onunla öz abrını qoruyursan."
Üsamət ibni Zeyd Peyğəmbərin zamanında İslam qoşunlarının axırıncı sərkərdəsidir. O, hicrətin 58-ci ilinə qədər sağ idi.
Üsamət ömrünün axırlarında 60 min dirhəm məbləğində ağır borca düşdü. Bu məbləğ o zaman İslam qanunlarına və xalqın hüquqlarına ehitram göstərən bir şəxs üçün bərk narahatedici bir şey idi.
Cəsurların rəhbəri Hüseyn ibni Əli (ə) Üsamətin xəstəliyindən xəbər tutdu və son günlərini yaşayan zaman ona baş çəkməyə getdi. Onu qəm-qüssə, narahatlıq dalğaları içində gördü və aralarında belə bir söhbət oldu:
Hüseyn: Qardaş, nə üçün belə qəmginsən?
Üsamət: Verəcəyim və borcum 60 min dirhəmdir.
Hüseyn: Sənin borcların mənim öhdəmə!
Üsamət: Mən qorxuram ki, dini vəzifəmi yerinə yetirməkdən qabaq öləm.
Hüseyn: Mən sənin borclarını verməyincə sən ölməyəcəksən.
Sonra əmr verdi ki, Üsamət ölməmişdən qabaq, onun bütün borclarını ödəsinlər.
Şer və ədəb zövqünə malik olan bir ərəb həyat çətinlikləri ilə qarşılaşdı. Çünki, şer nə qədər ali olsa da, "gözəl şerdir" -deyirlər, "çörəkli şerdir"-demirlər. Hər halda qəmgin olan şair Peyğəmbərin şəhərinə üz tutdu, şəhərin ən kəramətli şəxsini soruşdu: ona Hüseyni göstərdirlər.
Ərəb, şəhidlərin seyyidinin namaz qıldığı məscidə tərəf getdi, İmamı namaz qılan halda gördü və o Həzrətin mədhində bir şer yazdı ki, məzmunu budur:
Sənin evinin qapısını döyən naümid qayıtmaz.
Sən səxavətlisən və xalqın pənahısan.
Əgər sənin əcdadların olmasaydı,
Cəhənnəm bizim qərargahımız olardı.
Həzrət, Qəmbərə buyurdu: "Gör Hicazdan gətirilən maldan bir şey qalıbmı?"
Dedi: "Bəli, dörd min dinar qalıb."
İmam buyurdu: "Onu gətir, ona bizdən daha çox müstəhəq olan adam gəlmişdir!"
Sonra bütün dinarları Yəmən parçasından olan paltarın içinə qoydu, qapının arasından ona verdi, şerlərin müqabilində isə verdiyi hədiyyənin azlığından üzr istədi və dedi: "Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı."
Ərəb dinarları və libası götürdü, ancaq ağladı.
Hüseyn (ə): Məgər sənə verdiklərimi az hesab etdin?
Ərəb: Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi necə rəvadır?!"
Bu hərəkət sərvətdən və var-dövlətdən istifadə etmək üsuludur ki, İmam müxtəlif şəraitlərdə öz ardıcıllarına öyrədir: İnsanların abrını necə qorumaq, onların dərdinə necə çarə etmək və yaralarının üstünə necə məlhəm qoymaq lazımdır!
İmam Hüseyn (ə)-ın Mədinənin yaxınlığında "Əlhürrə" adlı bir torpaq sahəsi vardı. Onu əkib-biçirdi, ondan gəlir götürürdü. O, şərəfli ömrünün axırına qədər o torpağı əkmək-biçmək üçün gedirdi. (İbni Əsakir Dəməşqinin nəql etdiyi kimi.)
Əbu Yusif Qazi demişdir: "Hüseyn ibni Əlinin torpaqları vardı ki, onun xəracını verirdi" və xəraca verilən torpaqların bir hissəsini almışdı."
"Əqiq" məntəqəsində də onun əkin yeri vardı ki, ildə 8000 dinar gəlir verirdi; orada Həzrət üçün növbənöv evlər salmışdılar: ancaq onların da gəliri oxuduğunuz kimi ehtiyaclılara sərf edilirdi.
Aşura gecəsi Məhəmməd ibni Bişr Həzərə beş qiymətli libas verdi ki, onları satıb Rey sərhədlərində əsir olan oğlunu azad etdirsin. O libasların qiymətini min dinar yazmışlar.
Hər halda bu da azadlıqsevənlərin sərvərinin əxlaqı görüşlərindən biri idi ki, bəyan edildi.
Ümid edirik ki, bu, bizim vəziyyətimizdə və düşüncəmizdə onun inqilab məktəbi kimi, bir dalğa yaratsın və bir yol göstərsin.
Sabir Həmədani