23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) Hürrün qoşunu ilə görüşü
27.02.2018

İmam Hüseyn (ə) Zəbalə adlı mənzilə çatdığı vaxt göstəriş verdi ki, su götürsünlər. Səhabələr dedilər ki, növbəti mənzildə də su ola bilər. İmam buyurdu: "Siz su götürün. Çünki suya ehtiyacımız olacaq." Həmin günün səhəri günəş çıxdıqdan sonra hərəkət etdilər. Günorta vaxtı karvandakılardan biri təkbir dedi və digərləri onun səsinə səs verdi. Həzrət dedi: "Nə baş verib?" Dedilər: "Biz bu yerdə heç vaxt xurma bağı görməmişik. Amma indi qarşımızda xurma bağı görünür!" İmam buyurdu: "Diqqət edin!" İmamın səhabələrindən biri dedi: "Bu xurma bağı deyil. Görünən atlı dəstəsidir. Onlar bir qədər yaxınlaşdıqda onlarla üz-üzə qoşun gəldiyini gördülər. Bu qoşun imamı İbn Ziyadın yanına aparmaq göstərişi almış Hürrün qoşunu idi.

Günortaya yaxın iki dəstə üzbəüz dayandı. İmam Hüseyn (ə) buyurdu: "Təpə və dağın ətrafını tutun. Çətinlik yaransa mövqeyimiz yaxşı olsun." Hürr qabağa çıxdı. Həzrət ondan soruşdu: "Bizimlə bir işin varmı?" Hürr dedi: "Bəli." Həzrət buyurdu: "Nə işin var?" Hürr dedi: "Bizə əmr olunub ki, sizi Kufəyə, İbn Ziyadın yanına aparaq. Həzrət buyurdu: "Belə bir iş görməyiniz mümkün olmayacaq." Günorta oldu. Həzrət buyurdu: "Get öz qoşununla namaz qıl, biz də namaz qılırıq." Hürr dedi: "Yox, biz sizinlə namaz qılacağıq." (Hürr imamı məsum imam kimi qəbul etməsə də, onun üstün namaz qılanlardan olduğunu təsdiqləyirdi.)

Günorta namazı qılındı. İmam günorta və əsr namazından sonra buyurdu: "Ey xalq! Əgər təqva yolunu seçsəniz və haqqı onun əhlinə versəniz, Allahın razılığı sizə yetişər. Biz peyğəmbər əhli-beyti din işlərinə rəhbərlik üçün daha layiqik. Onlar isə sizə zülm-sitəm edənlərdir. Əgər bizim rəhbərliyimiz altında din uğrunda qiyam qaldırmaq istəmirsinizsə, haqqımızdan xəbərsizsinizsə, elçilərinizin gətirdiyi ilə razı deyilsinizsə, biz dönüb gedirik." Hürr dedi: "Mən bilmirəm ki, bu məktub nədir." Həzrət öz ətrafındakılara buyurdu: "O xurcunu gətirin!" Xurcunu gətirdilər. İmam məktub dolu xurcunu Hürrün qabağına boşaltdı və dedi: "Bu məktubların bəzisində iki, bəzisin də on, bəzisində iyirmi, bəzisində isə daha çox imza var. Bu məktublarda mən Kufəyə dəvət olunuram. Əgər istəmirsinizsə, əgər fikrinizi dəyişmisinizsə mən dönüb gedirəm." Hürr dedi: "Mənim bu məktublarda imzam yoxdur." Həzrət hərəkət üçün göstəriş verdi. Onlar Hicaz yoluna üz tutdular.

Hürr öz qoşununa əmr etdi ki, imamın qarşısını kəssinlər." Həzrət buyurdu: "Anan matəmində otursun!" Hürr dedi: "Əgər səndən başqası anamın adını çəksəydi, mən də onun anasının adını çəkərdim. Amma nə edim ki, sənin anan Fatimədir və onun adını hörmətsiz çəkmək olmur." Həzrət buyurdu: "Nə istəyirsən?" Hürr dedi: "Mən sizi Kufəyə aparmalıyam." Həzrət buyurdu: "Belə bir iş mümkün deyil. Biz Mədinəyə qayıtmaq istəyirik." Hürr dedi: "Yox, insafla hərəkət edin. Siz nə Kufə, nə də Mədinə yolunu seçin. Üçüncü bir yola üz tutun." Həzrət qəbul etdi və Qadisiyyə yoluna üz tutdu. Hürr yol boyu öz düşüncəsinə əsasən imama nəsihətə başladı. O imama dedi: "Bəni-Üməyyə güclüdür. Onlar çoxlu pulla xalqın qarnını doldurur. Nə olsun ki, xalqın qəlbində sizə məhəbbət var?! Amma qılınclar onların əlindədir. Yaxşı olar ki, işi sülhlə başa çatdırasınız." Həzrət ona belə cavab verdi: "Mən gedirəm. Niyyət haqq, cihad, İslam uğrunda olduqda şücaətli insan üçün ölüm ar deyil."

Hürr anladı ki, imam Hüseynin planı onun təsəvvür etdiyi kimi deyil.