21 Noyabr 2024 - 21
Aşura bayramdır, yoxsa əza?
Şiə dünyasında ilin ən qəmli və müsibətli günü aşura günüdür. Təəssüf ki, bəzi sünni qardaşlarımız bu məsələdə bizdən xeyli aralı düşüb. Onlar aşura gününü bayram sayırlar. Onlar Bəni-Üməyyə dövründə saray mollaları tərəfindən quraşdırılmış hədislərə əsaslanırlar. Hətta insaflı və əhli-beyti sevən sünni alimləri də öz kitablarında bu hədislərə yer vermişlər. Böyük sünni alimlərindən olan Xarəzmi uca və insaflı bir şəxsiyyətdir. "Məqtəl" kitabını o yazmış, Kərbəla vaqiəsini başlanğıcdan sonadək imam Hüseynin (ə) fəzilətlərini zikr etməklə qələmə almışdır. O "Əl-məqtəl" kitabında aşura gecəsi və aşura günü məqamına çatdığı vaxt öncə həmin saxta hədisləri zikr edir. Son vaxtlar bəziləri bu hədislərin sənədini araşdırmağa başlamışdır. Onlar bu hədislərin qurama olması və yalançı şəxslər tərəfindən nəql olunması qənaətinə gəlmişlər.
Biz aşura gününü qəm və müsibət günü sayırıq. Hətta həmin gün ticarətdən, ehtiyat üçün evə bir şey almaqdan çəkinirik. Bəni-Üməyyə insanlara Kərbəla hadisəsini Hüseyn və onun qiyamını unutdurmaq məqsədini izləmişdir. Aşura günü eyş-işrət əhli üçün bayram, ibadət əhli üçün zikr və dua günüdür.
İmamlarımızdan bu barədə soruşulduqda onlar həmin günün bayram olmasını rədd etmiş və əks fikirlər bəyan etmişlər. Hətta aşura günü oruc tutmaq haqqında buyurulur: "Həmin gün oruc tutmaq bizim şiələrə layiq deyil. Amma günortayadək bir şey yeməmək tövsiyə olunmuşdur.
Əliəsğər Səffar Hərəndi