21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşuranı və Kərbəlanı doğuran səbəblər nələr oldu?
28.02.2018

Adətən insanların beynində belə bir sual formalaşır ki, Aşuranı və Kərbəlanı doğuran səbəblər nə idi? Nəyə görə Kərbəla və Aşura hadisəsi baş verdi? Bəziləri cavab olaraq müəyyən amilləri irəli sürərək, Kufə camaatının İmamdan etdikləri himayələri, yazılan məktubları göz önünə gətirərək belə düşünürlər ki, İmam Hüseyn (ə) hakimiyyət üçün gedirdi. Gedirdi ki, Kufədə hakimiyyət qursun. Ümumiyyətlə düşünürlər ki, İslam aləminə, müsəlmanlara hakimiyyət etmək üçün bu hərakat baş verdi. Bəziləri İmam Hüseynin (ə) sözlərini əsas gətirərək, ilk gündən Mədinədən Məkkəyə, Məkkədən Kufə tərəfə hərəkət etdiyi zaman dediyi sözləri nəzərə alaraq bu qənaətə gəlirlər ki, elə imamın əvvəldən məqsədi şəhadət olub. Hədis kimi məşhur olan bir kəlamı diqqətə çatdırmaq istərdim. İmam Hüseyn (ə) Peyğəmbəri yuxusunda görür, buyurur ki, Allahın iradəsi budur ki, Allah istəyir səni şəhid və ailəni əsir görsün. Bu fikirlərə baxanda görürük ki, İmamın öz dilindən çıxan kəlmələr qeyd etdiyim düşüncələrdən fərqlidir.

Hakimiyyət və şəhadət, Kərbəla hadisəsinin amili və səbəbi kimi deyil, bunlar işin nəticəsidir. Əsas amili İmam Hüseyn (ə) Bəsrə camaatına yazdığı məktubda açıqlayır. Buyurur: "Peyğəmbərin (s) qoyduğu sünnə (sirə) artıq aradan gedir".

Düzdür peyğəmbər vədə vermişdi ki, məndən sonra bəzi insanlar iş başına gələcəklər. Sizin işləriniz bir sıra insanların əlinə düşəcək ki, onlar "dini diri-diri dəfn edib, qəbrə göməcəklər". Amma İmam Hüseyn (ə) açıq-aydın buyurur ki, artıq peyğəmbərin verdiyi vədə baş verib. Sonra İmam buyurur ki, bidətlər artıq baş qaldırıb.
Bunlara baxanda görürük İmam Hüseyn nə hakimiyyət, nə də şəhadət məqsədi ilə getmirdi. İmam Hüseyni bir şey maraqlandırırdı, o da dini vəzifəsinə əməl etmək. İmamın boynuna düşən vəzifə idi onu Kərbəlaya çəkdi və orada faciəvi şəkildə şəhadətə çatdırdı. Bu vəzifəni yerinə yetirməyin içində hakimiyyət də ola bilərdi, şəhadət də. İmam Hüseyn hər ikisinə hazır idi. Birdən qələbə çalsaydı hakimiyyətə hazır idi, əgər hakimiyyətdə olmasaydı şəhadətə hazır idi.

İmam Hüseyn (ə) buna görə gəldi ki, peyğəmbərin qoyduğu din aradan gedib və bidətlər baş qaldırmışdı. Ona görə buyurdu ki, mən razı olaram əzizlərim, sevdiklərim gözümün önündə tikə-tikə doğransınlar, özümün və ailəmin qətlinə razı olaram, övladlarımın, peyğəmbər balalarının əlibağlı əsir düşmələrinə razı olaram, onların küçə-küçə, şəhər-şəhər gəzdirilmələrinə də razı olaram, amma qoymaram ki, bu əsarət qandalı dinin qollarına vurulsun. İmam Hüseyn (ə) razı oldu ailəsi əsir olsun, amma dinin əsir olmasına razı olmadı və vəzifəsini yerinə yetirdi. Buna görə də, Kərbəlanın sonluğu şəhadət ilə nəticələndi.

Qədir Məmmədov