03 Dekabr 2024 - 3
Sual: "İmam Hüseynin (ə) qanı biz şiələrin günahlarının kəffarəsidir" - sözü haqqında nəzəriniz nədir?
Cavab: Ümumiyyətlə deyə bilərik ki, İmam Hüseynin (ə) şəhadətinin çoxlu bərəkətləri vardır. Bundan əlavə hədislərdə də, o həzrətin məclislərində olmaq, ağlamaq və əzadarlıq etmək haqqında çoxlu savablar deyilmişdir. Həmçinin insanın Cəhənnəm əzabından xilas olmasına, onların həqiqəti bilməsinə və dini maariflənməsinə səbəb olur. Camaat anlayır ki, həzrət Hüseyn (ə) namaz və dinin başqa hökmlərini qorumaq üçün qətlə yetirilib və bu da bütün dindarlar üçün örnək və nümunə olur. Həqiqi şiə bunlardan xəbərdar olduqda təsirlənərək, İslamın göstərişlərinə əməl edib özü həqiqi namaz qılanlardan ola bilər. Əgər kimsə, "şiə istədiyi hər bir işi görə bilər; namaz qılmayıb haramlara mürtəkib ola bilər, əvəzində də, İmam Hüseynin (ə) qanı onun nicatına səbəb olacaqdır" – fikrində olarsa, bu məsihilərin həzrət İsa (ə) haqqında dedikləri – o dara çəkildi ki, camaatın günahları bağışlanılsın – kimi yanlış fikirlərinə bənzəyəcəkdir. Hər halda biz hədislərə əsasən inanırıq ki, şiənin Aşura hadisəsinə və İmam Hüseynlə (ə) güclü əlaqəsi olduğundan özünü Cəhənnəm əzabından uzaqlaşdırıb nicat verə bilər. Belə ki, həzrətin əzasında ağlamaqla və o həzrətin uğrunda şəhid olduğu şeylərə əməl etməklə sözsüz xilas olacaqdır. Əlbəttə bu mövzu və bu haqda gələn hədislərin müzakirəsinin geniş vaxta ehtiyacı vardır.
Ayətullah Fazil Lənkərani