21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) şəban ayının üçündə Məkkəyə daxil olduğu gündən zilhiccə ayının əvvəllərinədək dörd aydan çox müddətdə qiyam və hədəfi ilə bağlı söhbətlər apardı.
Bəni-Üməyyənin gizli təşkilatları xəbər verdi ki, Hüseyn ibn Əli Məkkədə Bəni-Üməyyə hökumətinə hücuma hazırlaşır. Çünki Məkkədən qayıdan ziyarətçilər imamın bəyanat və xütbələrinin təsiri altında Bəni-Üməyyəyə mənfi münasibət bəsləyirdilər.
Keçmişdə həcc aylarında xəlifə Məkkəyə "əmirul-həcc", yəni həcc mərasiminə başçı göndərirdi. Bu şəxs həcc mərasimini idarə edirdi. Amma bu dəfə Yəzid əməvi bir komandanın başçılığı altında Şamdan Məkkəyə böyük bir qoşun göndərdi. Bu qoşun Məkkəyə çatdıqdan sonra şəhər hərbi görkəm aldı. Qoşundan əlavə şəhərə imam Hüseyni (ə) şəhadətə çatdırmaq tapşırığı almış məmurlar daxil olmuşdu.
İmam Hüseyn (ə) bu qrupdan xəbərsiz deyildi. O müqəddəs şəhərdə qan axıdılmaması üçün bu şəhərdən çıxmaq qərarına gəldi. Digər bir tərəfdən, zil-hiccənin ilk günlərində Müslimin yazdığı məktub Abəs ibn Əbu-Şəbib tərəfindən imama çatdırıldı. Məktubda imam Kufəyə dəvət olunurdu. İmam həcc ehramı bağlasa da, Bəni-Üməyyənin sui-qəsd xəbərini eşidib zil-hiccənin səkkizinci günü ehram halından çıxdı. İmamın həcc əməllərinə gəlməməsi hamını təəccübləndirdi. Bu xəbər həmin vaxt kiçik bir şəhər olan Məkkədə bir anda yayıldı. Hamı bildi ki, imam həcci fərdi ümrə əməlləri ilə əvəz edib və ehram halından çıxıb. Bu işin səbəbini soruşduqda imam belə cavab verdi: "Biz Məkkədə qalası olmadıq." Daha yaxın adamlara isə imam bu gedişin səbəbini belə açıqladı: "Bəni-Üməyyə mənim qanımı hərəmdə axıtmaq istəyir. Mən hərəmin hörmətinin pozulmasına səbəb olmaq istəmirəm.
Əliəsğər Səffar Hərəndi