22 Noyabr 2024 - 22
Tarixin səhifələri Bəni-Üməyyənin cinayətləri ilə doludur. Onlar bir çox peyğəmbər səhabələrini və Quran qarilərini öldürdülər. Peyğəmbərin (s) və həzrət Əlinin (ə) fədakar səhabələrindən olan Hucr ibn Ədi öz yoldaşları ilə birlikdə Mərci-Əzrada şəhadətə çatdırıldı. Müaviyə şiələri beytül-maldan məhrum edir, əqidəsindən zərrəcə şübhələndiyi insanları zindana atır, öldürürdü. Bütün bu addımlar Allahın dinini qoruyacaq qırmızı inqilab üçün zəmin yaratdı.
İmam Hüseyn (ə) atasının şəhadəti günündən başlayaraq həmin gün üçün mücahidlər hazırlayırdı. O Bədr və Ühüd səhabələrindən, atası Əlinin (ə) tərəfdarlarından fədakar fərdlər tərbiyə edə bilmişdi. Bu iki gecədə qeyd olunduğu kimi, bəşər tarixi Kərbəla hadisəsinədək bir bu qədər fədakarlıq göstərən din yardımçıları tanımır. Hadisədən sonra da bu yolda addımlayanlar özlərini həmin şəxslərə oxşatdılar, onlardan öyüd götürdülər.
Həmin şəxsiyyətlərdən biri qılıncını əlində oynadaraq, gülümsəyir, zarafat edirdi. Yoldaşı ondan soruşdu: "Sənə nə olub? Axı zarafat vaxtı deyil!" O cavab verdi ki, ömrümdə belə xoş gün olmayıb. Bir saat qılınc və nizələrlə oynayacağıq, ardınca Allah və Onun peyğəmbəri (s) ilə görüş nəsibimiz olacaq." Həmin 72 nəfərdə belə bir kamal vardı. Onlardan neçəsini tanıyırıq? Bəlkə də onlardan bəzilərinin adını bir dəfə olsun eşitməmişik. Onlardan birinin adı Yəzid ibn Əbu-Məhasir idi. Onun künyəsi Əbül-Şəsa idi. O, imam Hüseynin yanına gəlib dedi: "İcazə verin, sizin qarşınızda döyüşüm." O Kufənin ən yaxşı oxatanı idi. Bu şəxs diz üstə oturub, imam Hüseynin (ə) hüzurunda 100 ox atdı. Rəvayətçi nəql edir ki, and olsun Allaha, onun oxlarından yalnız beşi hədəfə dəymədi! O ox atdığı vaxt imam Hüseyn (ə) dua edirdi: "Pərvərdigara! Onun oxunu hədəfə çatdır." Oxu qurtardıqdan sonra bu mücahid qılınca əl atdı. Rəcəz oxuya-oxuya qızmış şir tək özünü düşmən cərgəsinə vurdu. Kafirlər onun qılıncı qarşısında qaçırdılar. O mömincəsinə vuruşdu və şəhid oldu.
Əliəsğər Səffar Hərəndi