03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseyn (ə) və insan haqları
09.03.2018

İmam Hüseyn (ə) peyğəmbərlərin sonuncusu, elçilərin xatəmi islam peyğəmbərinin sevimli nəvəsi və islam dünyasının fəzilətli şəxsiyyətləri olan məsum imamlardan biridir. Fəzilətinə baxanda görürük yer üzərində Mütəal-Allah insanlara doğru yolu göstərmək üçün, insanlara rəhbərlik etmək üçün insanların haqlarını onlara başa salmaq üçün peyğəmbərlər göndərir. Bu peyğəmbərlər bir-birilərinin ardınca insanları maarifləndirmək üçün, insanların hidayəti üçün gəlirlər. Bütün bu dinlərin yekunu olaraq təkmilləşmiş kamil forması sonuncu peyğəmbərin vasitəsi ilə islam dini olaraq insanların ixtiyarına qoyulur. İslam peyğəmbəri dünyadan getdikdən sonra təbii ki, peyğəmbərin ardıcılları və İslam dininin müdafiəçiləri peyğəmbərdən sonra dini insanlara aşılayan məsum imamlar meydanda söz sahibi olur. Bu məsumlardan biri də İmam Hüseyndir (ə). İmamın fəziləti barədə eşitdiyimiz sözlər təbii ki, islam dininin və islam peyğəmbərinin fəzilətinə bağlıdır. Peyğəmbərlər, xüsusən İslam peyğəmbərinin və İmam Hüseynin insanlara faydası hardadır və insanların haqlarını onlara tanıtdırmaq üçün hansı vəzifələri yerinə yetirib?

Biz peyğəmbərlərin və ümumiyyətlə bəşəriyyətin tarixinə baxanda görürük insan haqlarını insanlara tanıtdıran və insanların haqlarını bütün məktəblərdən, bütün insanlardan, bütün liderlərdən daha artıq müdafiə edən elə Allahın elçiləridir. Məsələn nəmrudların, fironların qarşısında peyğəmbərlər gəlib ayaqyalın zülmə məruz qalmış insanları haqları ilə tanış edirlər. Bir həzrət İbrahim gəlir o cəhalətə uğramış haqları tapdalanmış, zülmə məruz qalmış insanları bu zülmdən qurtarmaq üçün cəhalətlə mübarizə aparır. Bir gün həzrət Musa gəlir yenə zülmə məruz qalmış, haqları tapdalanmış cəhalətlə beyinləri doldurulub əsarətə məhkum olunmuş insanları bu əsarətdən qurtarmaq üçün bunlara haqlarını tanıtdırır.

İnsan haqları deyəndə yəni bütün insanların müştərək hüquqlarından söhbət gedir. Bütün insanların müştərək hüquqları ilk növbədə azad bir insan olaraq azad cəmiyyətdə yaşamalarıdır və bunların asayişi təmin edilməlidir. Bunlar insan olaraq dünyaya gəlişlərinin hədəflərin bilməlidirlər və Mütaal-Allahla tanış olmalıdırlar. Peyğəmbərlər bu missiyaları öz üzərlərinə götürüb insanlar qarşısında öhdəliklərini yerinə yetirdikləri kimi məsum imamlar da bu cür ediblər. İmam Hüseyn Bəni-Üməyyənin xüsusilə Müaviyənin və oğlu Yezidin zamanında haqsızlıqarı gördükdə buna dözə bilmədi. İnsanların hidayəti, nicatı üçün qiyamətə qədər insanların xoşbəxt yaşamaları üçün göndərilən İslam dini və islam qanunları Bəni-üməyyə tərəfindən açıq-aşkar tapdalanırdı və pərdə arxasına keçirdi. Bu ki deyirik islam dini insanların hidayəti və nicatı üçün göndərilib, yəni ki, İslam dininə əməl etdikdə dinimiz insanlara nicat verə və hidayət edə bilir.

Bəni-Üməyyənin, Müaviyənin zamanında artıq gedişat bunu göstərirdi ki, İslam Bəni-Üməyyənin xidmətinə keçirdi. Amma hamı bunu bilir ki, müsəlman ölkəsində hakimiyyətdə olmaq haqq olmaq demək deyil. Müsəlman ölkəsində hakimiyyətdə olmaq İslam dininin hakimiyyətdə olması demək deyil. Bu o zaman olar ki, İslam dininin qanunlarına əsasən insanlarla rəftar olunsun və hakimiyyət edilsin. Müaviyyə olsun, Yezid olsun, Bəni-üməyyə xəlifələri olsun bunlar İslam dinini öz mənfəətləri üçün, öz beytul-malı talamaları üçün Allah bəndələrinin haqlarını tapdalamaq üçün özlərinin hakimiyyətdə qalmağı üçün bundan istifadə edirdilər. Və bu müsəlman cəmiyyətinin, ümumiyyətlə insanların bəşəriyyətin özəl haqqı olan azadlıqlarının tapdalanması demək idi və İmam Hüseyndə Bəni-Üməyyənin xidmətində olan islamın, müsəlmançılığın bir tərkib hissəsi olmağı qəbul etmədi. Çünki tarixin axarında bu haq yol, bu haq məktəb qiyamətə qədər insanlara çatdırılmalı idi. Buna görə də İmam Hüseyn canından, balalarından, sevidklərindən keçir, ta ki göstərsin insan bir şeyi haqq bilənə qədərdir. Yəni bir məsələ haqdır, ya haq deyil. İmam Hüseyn cəmiyyətə bunu öyrətdi ki, haqqın haqq olduğunu bildikdən sonra artıq bunun müdafiəsinə qalxmaq hər bir müsəlmanın və hər bir insanın borcudur.

Cəlal Şəfiyev